Məhkəmə qərarları › İş №2-1(116)-1912/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1912/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1912/2025 28.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq qeydə alınması və çıxarış verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu Şəkili kəndində yerləşən və ailəsinin mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2023cü il tarixli 272 saylı arxiv arayışına əsasən Ağdas rayonu Qoşaqovaq kənd Nümayəndəliyinin Şəkili kəndinə aid olan 2001-2002-2003- 2004-2005-ci illərin 09 nömrəli təsərrüfatbaşına kitabının 533 nömrəli təsərrüfatı İddiaçı adına olmaqla təsərrüfatında İddiaçı (ailə başçısı), X2 (h.yoldaşı), X4 (qızı), X5 (qızı) və X6 (qızı) olması və İddiaçı adına 0.15 ha həyətyanı torpaq sahəsinin olması göstərilmişdir. Qeyd edilən məlumatlar xx.xx.2024-cü il tarixli Arxiv Arayışında da qeyd edilməklə 1996-1997-1998-1999-200-cı illərdə də həmin torpaq sahəsinin daha əvvəl də ailəmizin mülkiyyətində olması göstərilmişdir. Ailəsinin istifadəsində mülkiyyətində və sahibliyində olan həmin 0.15 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada daim yaşamaqdadırlar. Yuxarıda göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarış verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmiş,sonuncu bundan imtina etmişdir. Təsərrüfatbaşına kitabdan çıxarışlarda torpaq sahəsinin 1996-1997-1998-1999- 2000-2001-2002-2003-2004-2005-ci illərdə iddiaçının və ailəsinin olması qeyd edilmişdir. Buna görə də, imtina əsassız olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə münasibətdə etirazını belə əsaslandırmışdır ki, vətəndaş ərizəsinə iki arxiv arayış əlavə etmişdir. Həmin arxiv arayışlarının qanunvericiliyin tələblərinə uyğun olaraq icra edilə bilən 22 oktyabr 2024-cü il tarixli, 148 saylı arxiv arayışıdır ki, torpaq sahəsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Digər arxiv arayışı isə (hansı ki torpaq sahəsi ilə bağlı qeyd olmuşdur) 2001-ci ildən sonraya aid olduğu üçün qeydiyyatın aparılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanının 2.3-cü bəndi ilə ziddiyyət təşkil edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. 8 nömrəli Təsərrüfatbaşına kitabdan çıxarış;

3. Ağdaş rayon İcra Hakimiyyət Başçısının Şəkili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı;

4. Ağdaş Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı,

5. Cavabdehin etirazı və ona əlavə edilə sənədlər;

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş Ağdaş rayonu, Şəkili kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından İddiaçı və ailə üzvlərinin adı qeyd edilmiş hissədən çıxarış;

7. Ağdaş rayon İcra Hakimiyyət Başçısının Şəkili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli cavab məktubu;

8. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilə mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.İddia tələbi mahiyyət etibarilə əsaslıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Ağdaş rayonu Şəkili kəndində yerləşən və istifadəsində olan 0.15 ha torpaq sahəsinin üzərində faktiki yerləşmə vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını iddia olunan torpaq sahəsi barəsində arxiv arayışında məlumatın mövcud olmaması və torpaq sahəsi barəsində qeydin 2001-ci il tarixdən sonraya aid olması səbəbi ilə qeydiyyatın aparılmasının mümkün olmaması təşkil edir. İddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır. Məhkəmə araşdırması zamanı təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsində fərdi yaşayış evi və hər hansı bir tikili mövcud deyil. Sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - həytətyanı sahələrin altında olan torpaqlar, mülkiyyətçisi - Ağdaş rayonu, Qolqəti bələdiyyəsidir.İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində tikili mövcud deyil.İddiaçının naturada göstərdiyi torpaq sahəsi, həmçinin iddia etdiyi 0.15 ha torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmür. Göründüyü kimi torpaq sahəsi bələdiyyəyə məxsus təyinatı yaşayış məntəqələri torpaqlarıdır. İş materiallarından aydın olur ki, Ağdaş rayonu, Şəklili kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı və ailə üzvlərinə 0,15 ha pay torpaq sahəsi ayrıldığı qeyd olunur. Həmçinin, 1996-2000-ci illərə dair Təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki,iddia oluna torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur.Yəni,aqrar islahatdan əvvəl də həmin torpaq sahəsi iddiaçının istifadəsində olduğundan və torpaq sahəsi fərdi yaşayış evi inşa edilməsi məqsədi ilə kitabda qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi iddiaçıya ayrıldığı və onun qanuni istifadəsində olduğuna görə cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Ağdaş rayon İcra Hakimiyyət Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şəkili kəndinə aid 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabına əsasən iddiaçının istifadəsində olan 0.15 ha torpaq sahəsi üzərində İddiaçı,X3, X7, X8 və X1 ümumi birgə mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar