Məhkəmə qərarları › İş №2-1(116)-192/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-192/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-192/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehına qarşı “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7362/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx"ASC- nin Quba filialından şəxsi istehlak məqsədilə 3800 ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliyi tam və vaxtında yerinə yetirmiş, aylıq ödənişlərini vaxtlı-vaxtında gecikdirmədən ödəmişdir. O, müxtəlif vaxtlarda bir neçə dəfə Azərbaycan Respublikasının Cavabdehına müraciət etsə də, cavabdeh orqan tərəfindən müraciəti müsbət həll olunmamışdır. Cavabdeh orqan iddia tələbinə münasibətdə qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Cavabdehın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Cavabdehın qeyd edilən məlumat bazalarına əsasən iddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla ləğv prosesində olan "xxxx" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya Fərman çərçivəsində kompensasiya məbləği hesablanmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi, məhkəmə iclasında izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçının müraciəti təmin edilməmişdir. - üçüncü şəxs tərəfindən təqdim edilmiş ********* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı şəxsi istehlak məqsədi ilə 32 faizlə 24 ay müddətində ilə 3800 (üç min səkkiz yüz ABŞ) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. - Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********029 nömrəli məktubundan görünür ki, "xxxx" ASC ilƏ İddiaçı arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış faizlər və cərimə faizlərinin bağışlanılmaqla güzəşt edilməsinə dair məlumatları özündə əks etdirən güzəşt aktı və ya protokol tapılmadığından qeyd edilən xüsusatlar barədə dəqiq məlumatların verilməsi qeyri-mümkündür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Cavabdehının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" ASC arasında 1-ci devalvasiyayadək 3800 (üç min səkkiz yüz ABŞ) ABŞ dolları məbləğində kredit verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçının "xxxx" ASC qarşısında kredit öhdəliyi olduğundan ona istinad olunan Fərmanın tələbləri baxımından kompensasiya hesablanmalı idi. Cavabdeh orqanın etirazının dəlili ondan ibarətdir ki, Cavabdehın qeyd edilən məlumat bazalarına əsasən iddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla ləğv prosesində olan "xxxx" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya Fərman çərçivəsində kompensasiya məbləği hesablanmamışdır. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, istinad olunan Fərmanın 2-ci bəndinin tələbləri baxımından cavabdeh orqan iddiaçının banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının mövcudluğunu araşdırmalı, yalnız bankların təqdim etdikləri məlumatlarla kifayətlənməməli idi. Belə ki, müvafiq araşdırmanın aparılması “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinin tələbinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bununla belə cavabdeh orqan ötən müddət ərzində iddiaçının müraciəti üzrə ümumiyyətlə inzibati araşdırmanın tam şəkildə aparılmasını təmin etməmiş, nəticədə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Göründüyü kimi ləğv prosesində olan "xxxx" ASC tərəfindən iddiaçı barəsində kredit müqaviləsinin bağlanılması barədə qeydlər sistemə daxil edilməsə də, tərəflər arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanması iş materialları ilə sübut olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndinin hazırkı işə tətbiq edilməli olduğunu qeyd edərək kompensasiya məbləğinin ödənilməsinin qeyri-mümkün olmasını bildirmişdir. Lakin, məhkəmə həmin mövqeni əsaslı hesab etmir. Belə ki, sözügedən Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı isə kredit borclunun restrukturizasiyasını deyil, kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsini tələb edir. Odur ki, Qaydaların 6.16-cı bəndinin hazırkı iş üzrə tətbiqi istisna edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Cavabdehının üzərinə Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar İddiaçı adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar