Məhkəmə qərarları › İş №2-1(116)-1923/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1923/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1923/2022 11.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçı X7, cavabdehin nümayəndəsi Hacı-X1, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş 29 sentyabr 2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin üzərinə A seriyalı 184057 nömrəli plan-ölçü sənədində göstərilən 2600 kv. metr həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı X2 adına verilmiş 29 sentyabr 2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin üzərinə A seriyalı 184057 nömrəli plan-ölçü sənədində göstərilən 2600 kv. metr həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir: “Şəki Rayonu Köndələn kəndində yerləşən torpaq sahəsi anam X8 adına məxsus idi, ancaq anam xx.xx.1999-cu ildə vəfat etdikdən sonra, 2600 kv.m sahəsi fərdi yaşayış evi tikmək üçün Şəki RAİK -nın xx.xx.2002-ci il tarixli 08 saylı qərarı ilə X4 yəni mənə verilmişdir. Həmin torpaq sahəsi üzərində əvvəl fərdi yaşayış evi mövcud idi. Həmin fərdi yaşayış evi yararsız halda olduğundan tərəfimdən sökülərək yenisi tikilmişdir. Hazırdfa həmin torpaq sahəsini və üzərində veləşən fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi zərurəti yaranmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, həmin torpaq sahəsinə A seriyalı 184057 nömrəli plan-ölçü sənədi hazırlanıb verilmişdir. Mən torpaq sahəsinin plan-ölçü sənədini və digər sənədləri ərizəyə əlavə etməklə DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etdim. Lakin oradan mənə 24 avqust 2022-ci il tarixli məktubla bildirdilər ki, həmin torpaq sahəsinə 29 sentyabr 2015-ci il tarixli , ********** nömrəli çıxarış verilmişdir”. Hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş,cavabdeh tərəfindən sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə xx.xx.2015-ci il tarixli çıxarış verildiyi bildirilərək tələbin icrasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1923/2022 nömrəli qərardadı ilə X9 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin iddia tələbinə rəsmi münasibətinə uyğun izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi qanunauyğun olaraq ilkin qaydada X10 adına rəsmiləşdirilərək xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra xx.xx.2013-cü il tarixdə mərhum X5 miras qalmış 0.26 ha torpaq sahəsinin 1/4 hissəsinə vərəsəsi olan X2 adına Şəki 1 saylı dövlət notariat kontoru tərəfindən 2V-1/462 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Verilmiş şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı aparılaraq 0.26 ha torpaq sahəsinə X11 3/4 hissə, X9 1/4 hissə göstərilməklə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-427/2015 saylı, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı əsasında 62.5 kv.m fərdi-yaşayış evi qeydiyyata alınaraq X10 fərdi yaşayış evi və 3/4 hissə torpaq sahəsi və X2 1/4 hissə torpaq sahəsi kimi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Odur ki,məhkəmədən iddianın təmin edilməməyini xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə iclasında iddiaçıya hazırkı iddia ərizəsində “X2 adına verilmiş 29 sentyabr 2015ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi” tələbinin irəli sürülməsinə baxmayaraq cavabdehə ilkin müraciətində həmin tələbinin olmadığı izah edildi. Digər tərəfindən fərdi yaşayış evinin qeydiyyata alınaraq çıxarışın qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verildiyi, X5 miras qalmış 0.26 ha torpaq sahəsinin 1/4 hissəsinə X2 adına qeydə alınaraq çıxarışın mülki-hüquqi əqd əsasında-vərəsəlik qaydasında verildiyi bildirilmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir :

1. İddiaçının xx.xx.2022-ci il tarixdə qeydə alınmış cavabdehə olan ilkin müraciətindən görünür ki,iddiaçı Şəki rayon AİK-nın 29 sentyabr 2002-ci il tarixli, 80 nömrəli qərarı ilə ayrılmış 2600 kv. metr həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınmasını xahiş etmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə xx.xx.2015-ci il tarixli çıxarış verildiyi bildirilərək tələbin icrasından imtina edilmişdir.

3. Şəki Rayon Məhkəməsinin 2(75)-149/2013 saylı, xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında əsasında mərhum X5 miras qalmış evdən və evin yerləşdiyi torpaq sahəsindən X2 mirasın qəbulu faktı təsdiq olunmuşdur.

4. Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 0.26 ha torpaq sahəsinə X10 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

5. xx.xx.2013-cü il tarixdə mərhum X5 miras qalmış 0.26 ha torpaq sahəsinin 1/4 hissəsinə vərəsəsi olan X2 adına Şəki 1 saylı dövlət notariat kontoru tərəfindən 2V-1/462 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.

6. Verilmiş şəhadətnamə əsasında 0.26 ha torpaq sahəsinə X11 3/4 hissə, X9 1/4 hissə göstərilməklə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir .

7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-427/2015 saylı, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı əsasında 62.5 kv.m fərdi-yaşayış evi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən həmin fərdi yaşayış evinə xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir.

9. Cavabdeh tərəfindən 62.5 kv.m fərdi-yaşayış evi qeydiyyata alınaraq X10 fərdi yaşayış evi və 3/4 hissə torpaq sahəsi və X2 1/4 hissə torpaq sahəsi kimi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki,iddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı X2 adına verilmiş 29 sentyabr 2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin üzərinə A seriyalı 184057 nömrəli plan-ölçü sənədində göstərilən 2600 kv. metr həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olmuşdur.İddiaçı iddia tələbinin “X2 adına verilmiş 29 sentyabr 2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi” hissəsində cavabdeh orqana müraciət etməmişdir.Hazırda həmin tələblə bağlı müraciət olmadığından iddia tələbinin “A seriyalı 184057 nömrəli plan-ölçü sənədində göstərilən 2600 kv. metr həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibət bildirilir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə,iddiaçının hazırkı iddia tələbinin “X2 adına verilmiş 29 sentyabr 2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi” hissəsində cavabdeh orqana müraciəti olmadığından, “A seriyalı 184057 nömrəli plan-ölçü sənədində göstərilən 2600 kv. metr həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə xx.xx.2015-ci il tarixli çıxarış olduğundan iddia mümkün sayılmamalıdır. Digər tərəfdən həmin 0.26 ha torpaq sahəsi iddiaçının anası X10 mülkiyyətində olmuş,vərəsəlik qaydasında torpaq sahəsinin ¼ hissəsinə X2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə fərdi yaşayış evinə çıxarış qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qeydə alınmışdır.Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.26 ha torpaq sahəsinin ¼ hissəsinə X2 mülkiyyət hüququ mülki-hüquqi əqd əsasında-vərəsəlik qaydasında qeydə alındığından iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddiaçı X3 hazırkı iddia tələbi üzrə iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

qərara aldı :

İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş 29 sentyabr 2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin üzərinə A seriyalı 184057 nömrəli plan-ölçü sənədində göstərilən 2600 kv. metr həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar