Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1926/2023 24.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs X6 və vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X6 adına verilmiş JN-102G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6 adına verilmiş JN-102G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsinin və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1926/2023 nömrəli qərardadı ilə iş üzrə X12, X11, X7, X4, Hacıyeva (Əliyeva) Təranə Tofiq qızı, X13 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı JN-001F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsinin ayrılmasını bildirərək, həmin torpaq sahəsinə dair tərtib edilmiş JN-İ02G saylı Şəhadətnamənin qismən ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu sözügedən torpaq sahəsinin 1990-cı ilin fevral ayında keçmiş Xanlar adına kolxoz üzvlərinin ümumi yığıncağının qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılması, həmin torpaq sahəsinin keçmiş Xanlar adına kolxozun məsul vəzifəli şəxsləri tərəfindən 24 aprel 1991-ci il tarixdə iddiaçıya tanıdılaraq ona verilməsi, həmçinin aqrar islahat aparılan zaman adının siyahıya daxil edilməsi və ona bu barədə 27 iyun 2000-ci il tarixdə JN-001F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi ilə əsaslndırmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X12 və ailə üzvlərinin adına tərtib edilmiş JN-İ02G saylı, torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsi və iddiaçı X19 oglu adına "tərtib edilmiş JN-001F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən qeyd edilən JN-102G saylı, Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən 1,30 ha torpaq sahəsinin 0,10 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət, qeydiyyatına alınması, “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri" X15 9 saylı Qəbələ Ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır. İddiaçı adına tərtib edilmiş JN-001F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadasdr məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının iddia etdiyi JN-001F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən qeyd edilən 0,10 ha torpaq sahəsinin JN-102G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilən 1,30 ha torpaq sahəsinin eyni ərazi olub-olmadığını müəyyən etmək mümkün deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs və vəkili (nümayəndəsi) iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-001F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı 0,10 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-271/2010 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN- 102G saylı şəhadətnamə ilə iddiaçı X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsi üzərində cavabdehlər İddiaçı, X9 və onların digər ailə üzvləri tərəfindən pozulmuş mülkiyyət hüquqları bərpa edilmiş, cavabdehlər İddiaçı, X9 və onların ailə üzvlərinin həmin torpaq sahəsindən məcburi çıxarılaraq torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə olunmasında cavabdehlər və onların ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulması və digər məsələlər qərara alınmışdır. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il XQ(025)-106/2023 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin iddiaçı X6 cavabdehlər İddiaçı və X5 qarşı olan xx.xx.2010-cu il tarixli 2(025)-271/2010 saylı qətnaməsi xx.xx.2010-cu il tarixində qanuni qüvvəsini almışdır. - xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Qəbələ rayon Mirzəbəyli kəndində yerləşən 1,3 ha torpaq sahəsi üzərində X12, X11, X7, X4, Hacıyeva (Əliyeva) Təranə Tofiq qızı, X13 və X3 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-102G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə X12 və və ailə üzvlərinə (X11, X7, X4, X10, X13 və X8) 1,3 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1385/2023 nömrəli məktubuna əlavə olunmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarından çıxarışdan görünür ki, Xanlar adına kolxozda aparılan torpaq islahatı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitututu Qəbələ rayonlararası Yerquruluşu İdarəsi tərəfindən işlənib hazırlanmış kompleks Yerquruluşu layihəsi və Qəbələ rayon Xanlar adına kolxoz X24 Komissiyasının xx.xx.1998-ci il tarixli 5 saylı qərarı təsdiq edilmişdir. Həmin məktuba əlavə olunmuş Qəbələ rayonu Corlu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adının qarşısında zəbt olunan torpaq sahəsi qrafasında 0,31 ha torpaq sahəsi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X6 adına verilmiş JN-102G Şəhadətnamənin JN-001F nömrəli Şəhadətnamə ilə ona ayrıldığını bildirdiyi 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvinə və həmin 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı tərəfindən mübahisələndirilən JN-102G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə verilmişdir. X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 fəaliyyətdə olduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Məlumat üçün bildirilir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X22 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə üçüncü şəxslər arasında sözügedən torpaq sahəsi ilə bağlı mübahisə mövcud olmuş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-271/2010 nömrəli qətnaməsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 102G saylı şəhadətnamə ilə iddiaçı X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,30 hektar torpaq sahəsinin 0,38 hektar torpaq sahəsindən cavabdehlər İddiaçı, X9 və onların ailə üzvlərinin çıxarılması qət edilmişdir. Yəni, faktiki olaraq iddia olunan torpaq sahəsinin JN-102G saylı şəhadətnamə ilə üçüncü şəxslərin mülkiyyətinə verilməsi iddiaçıya hələ 2010-cu ildən məlum idi. Belə olan halda iddiaçı, JN-102G saylı şəhadətnaməni və onun verilməsinə əsas olmuş qərarı yuxarıda qeyd edilmiş müddət ərzində mübahisələndirməli idi. İddia tələbinin “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş 1,3 ha torpaq sahəsinin tərkibində olduğundan, iddiaçı JN-102G saylı şəhadətnamənin mübahisələndirilməsi ilə bağlı mübahisənin müsbət həllinə nail olduqdan sonra, sözügedən çıxarışın da həmin hissədə ləğvinə nail olmalıdır. Yalnız bundan sonra iddiaçının JN-001F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbinə mahiyyəti üzrə baxıla bilər. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında iddiaçıya izah edilmiş, hüquqi müzakirə aparılaraq dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X6 adına verilmiş JN-102G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1926/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1926/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver