Məhkəmə qərarları › İş №2-1(116)-1927/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1927/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1927/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında vəfat etmiş oğlu 11 fevral 1994-cü il təvəllüdlü X1 07 dekabr 1994-cü il tarixli ölüm haqqında akt qeydində adının “Rəşad” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Elşad” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə müəyyən etdi : Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında vəfat etmiş oğlu 11 fevral 1994-cü il təvəllüdlü X1 07 dekabr 1994-cü il tarixli ölüm haqqında akt qeydində adının “Rəşad” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Elşad” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 11 fevral 1994-cü il təvəllüdlü X4 07 dekabr 1994-cü il tarixli ölüm haqqında akt qeydinə düzəliş edilərək “Rəşad” sözünün “Elşad” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx xxxxxx 1964-cü ildə Şəmkir rayonunda anadan olmuş, 1984-cü ildə X6 ilə nikaha daxil olmuşdur.Birgə nikahlarından 8 övladları anadan olmuşdur. Övladlarından 3 uşaq körpə ikən vəfat etmişdir. Vəfat edən uşaqlarından biri əkiz anadan olmuş,11 fevral 1994-cü il təvəllüdlü X7 07 dekabr 1994-cü il tarixində vəfat etmişdir. Amma bir neçə ay bundan öncə digər əkiz övladı X14 müharibəsində iştirak edərək müharibə veteranı vəsiqəsini almaqdan ötrü sənədləşmə işləri aparmaq istəsədə mümkün olmamış və elektron sistemdə onun vəfat etmiş şəxs kimi qeyd olunduğu bildirilmişdir. Qəbələ regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş və vaxtilə Laza kənd Sovetliyi tərəfindən xx.xx.1994-cü ildə tərtib edilmiş 09 saylı ölüm haqqında akt qeydini nəzərdən keçirərkən adı “Elşad” əvəzinə səhvən “Rəşad” kimi qeyd olunmuşdur. Lakin əkiz qardaşı oğlu X8 hal- hazırda yaşayır və adma hərbi bilet, şəxsiyyət vəsiqəsi, orta məktəbi bitirməyi barədə attestat, doğum haqqında şəhadətnamə və s. tərtib edilmişdir. Hal-hazırda sənədləşmə işlərinə görə, sənədlərin notarial təsdiqlənməsinə görə Rəşad adlı digər əkiz oğlu notariat ofisinə müraciət istəsə də, adı Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə ölmüş şəxs kimi qeyd olunduğundan digər əkiz qardaşı faktiki olaraq vəfat etmiş “Elşad” isə yaşayır kimi göstərildiyindən bu mümkün olmamışdır. Cavabdehnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının ölüm haqqında akt qeydinin səhvən qeyd olunmuş “Rəşad” adının “Elşad” ilə əvəz olunaraq düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 15 fevral 2022-ci il tarixli, 05/Q-37/13 saylı imtina məktubu da verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının -və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Həmçinin, iddia əsaslıdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qəbələ RPŞ-i tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. - Qəbələ RPŞ-i tərəfindən verilmiş AZE seriyalı 13981218 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - 09.01.1984-cü il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında nikah bağlanmışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. - SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə hərbi bilet verilmiş və 44 günlük Vətən müharibəsində iştirak etmişdir. - Qəbələ RİHB-nın Laza KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 123 saylı X2 ailə tərkibi haqqında arayışından və həmin kənd nümayəndəliyin 2016-2020-ci illər təsərrüfat kitabından çıxarışdan görünür ki, X8 hazırda ailə üzvüdür. - Qəbələ RİHB-nın Laza KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 137 saylı arayışından görünür ki, X7 vəfat etmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrası mümkün olmamışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1994-cü ildə doğulmuşdur. - X4 xx.xx.1994-cü il tarixli ölüm haqqında akt qeydinə əsasən verilmiş xx.xx.2022ci il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə ölmüşdür. - Qəbələ RPŞ-nin xx.xx.2022-ci il tarixli məktubu ilə X4 fərdi uçot kartoçkasının surəti məhkəməyəy təqdim olunmuş, X7 şəxsiyyət vəsiqəsi almadığından fərdi uçot kartoçkasının surətinin göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3.-cü bənddə vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsinə əsas olan hallardan biri olaraq göstərilmişdir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə işdə olan sənədləri araşdıraraq müəyyən edir ki, iddiaçının xx.xx.1994-cü il tarixdə Rəşad və Elşad adında əkiz övladı dünyaya gəlmişdir. X7 xx.xx.1994-cü il tarixdə ölmüşdür.Lakin,doğum haqqında akt qeydində Elşadın deyil, digər oğlu Rəşadın adı səhvən yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, X3 07 dekabr 1994-cü il tarixli ölüm haqqında akt qeydinə düzəliş edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 11 fevral 1994-cü il təvəllüdlü X4 07 dekabr 1994-cü il tarixli “Ölüm haqqında akt qeydi” nə düzəliş edilərək “Rəşad” sözünün “Elşad” kimi yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar