Məhkəmə qərarları › İş №2-1(116)-193/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-193/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-193/2020 12.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon Şöbəsinə qarşı “1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayon Sarıbulaq kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. İddiaçı 1972-ci ildən 1997-ci ilədək Sarıbulaq kəndində yerləşən S.Vurğun adına kolxozda, 1977-ci ildə Gərəkli kəndində yerləşən 28 May kolxozunda, 1979-1980-ci illərdə Mahamalar kəndində yerləşən Musabəyov adına kolxozda işləmişdir. 01.01.2019-cu ildə 64 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası təyin olunması üçün Fondun Balakən rayon şöbəsinə təqdim etmişdir. Lakin onun kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə görə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Bildirmişlər ki, kolxozda işlədiyi illər əmək kitabçası olmadığına görə həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmənin 12.06.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Ə.Hacıyevin təqdim etdiyi arxiv arayışlarına əsasən Balakən rayon təsərrüfatları üzrə o, 1 ildə minimum adam gün norması 200 a/g və ya 1400 a/saat nəzərə alsaq, 21 il tam və 4 il yuxarıda göstərilən minimum a/g normalarını doldurmayan illəri 2 il 2 ay nəzərə aldıqda cəmi arxiv arayışına əsasən onun iş stajı 23 il 2 ay təşkil edir. Hərbi xidmət dövrü də əlavə edilsə, ümumi iş stajı 25 il 2 ay təşkil etmişdir. İddiaçının kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilmədiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunauyğun olmamışdır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib iddianın təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Dövlət Sosial X1 rayon şöbəsinin 04.10.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu, Balakən rayon Dövlət Arxivinin 26.08.2018-ci il tarixli 160 saylı arxiv arayışları, Dövlət Sosial X1 rayon şöbəsinin 13.11.2019-cu il tarixli məktubu, 12.11.2019-cu il tarixli aktın təsdiqlənmiş surəti, 26.08.1972-ci il tarixli 1612 nömrəli attestatın təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Dövlət Sosial X1 rayon şöbəsinin 08.04.2020-ci il tarxili arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İşdə olan Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 26.08.2018-ci il tarixli 160 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Dövlət Sosial X1 rayon şöbəsinin 08.04.2020-ci il tarxili arayışına əsasən iddiaçının kolxozda iş stajı 22 il 9 ay olmuşdur. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı kolxozlarda işlədiyi müddətin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 01.01.2019-cu il tarixindən yaşa görə pensiya almaq hüququnun reallaşmasından ibarətdir. 1 yanvar 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda 1977-ci ildə 28 May kolxozunda 1979-1980-ci illərdə Musabəyov adına kolxozdaişləməsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 26.08.2018-ci il tarixli 160 saylı arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 01.01.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun hərbi xidmət – 2 il 13 gün, təhsil – 11 ay 26 gün və arxiv arayışlarına əsasən kolxozda 22 il 9 ay, cəmi 25 il 8 ay 26 gün sığorta stajının olması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial X1 rayon Şöbəsinə üzərinə İddiaçı 1972-1997-ci illərdə S.Vurğun adına kolxozda, 1977-ci ildə 28 May kolxozunda, 1979-1980-ci illərdə Musabəyov adına kolxozda işlədiyi 22 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar