Məhkəmə qərarları › İş №2-1(116)-193/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-193/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-193/2022 29.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (üçüncü şəxslər: X7 və X5) qarşı “keçmiş əri X4 məxsus, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 21 fevral 2021-ci il tarixli, 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən köçürüldüyü Balakən rayonu, Qazbinə kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı ev təsərrüfatının uçotu kitablarında qeydiyyatın aparılması və həmin təsərrüfatın üzvü kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (üçüncü şəxslər: X7 və X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “keçmiş əri X4 məxsus, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 21 fevral 2021-ci il tarixli, 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən köçürüldüyü Balakən rayonu, Qazbinə kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı ev təsərrüfatının uçotu kitablarında qeydiyyatın aparılması və həmin təsərrüfatın üzvü kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(019)-166/2017 nömrəli qətnaməsi ilə Balakən rayonu Qazbinə kəndində yerləşən X3 yaşadığı bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilmiş və qeyd edilən tarixdən halhazıradək həmin evdə yaşayır. Buna baxmayaraq, cavabdeh onu yaşadığı evin təsərrüfat qeydiyyatına almaqdan imtina edir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı 25 dekabr 2020 - ci il tarixində qeydiyyata düşmək üçün nümayəndəliyə rəsmi müraciət etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərə baxılmış, araşdırılaraq vətəndaşa məlumat verilmişdir ki, keçmiş həyat yoldaşı X3 adına şəxsi təsərrüfat olmadığından, Bədrəddinin özü atasının təsərrüfatında qeydiyyatda olduğuna görə atası X7 nümayəndəliyə dəvət olunaraq profilaktriki söhbət aparılmışdır. X1 və X7 bildirmişdir ki, İddiaçı qeydiyyata alınmasına razı deyil, razılıq olmadan qeydiyyata alındığı təqdirdə məhkəməyə müraciət edəcəklər. Hüseynova X2 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qazbinə yaşayış məntəqəsinə ərə köçmüş və həmin nikahdan 1 (bır) azyaşlı övladı vardır. Vətəndaş qısa müddətdə kənd ərazisində yaşayıb ayrılmış və məhkəmə qərarı ilə azyaşlı övladı ilə birgə yaşamaq üçün otaq verilmişdir. Ancaq ayrıldıqdan sonra Qazbinə kəndində yaşamamış daimi qeydiyyatda olduğu Tülü kəndində yaşamışdır. Vətəndaşların bir ünvandan digər ünvana müvəqqəti və ya daimi qeydiyyata düşməsi üçün təsərrüfat və mülkiyyət sahibinin notarial təsdiqli rəsmi razılıq ərizəsi ilə ASAN Xidmət tabeliyində olan Pasport və qeydiyyat Şöbəsinə və ya Rayon Polis Şöbəsinin Qeydiyyat Şöbəsinə müraciət etməsi və müraciət edərkən Daşınmaz Əmlak Üzrə Dövlət Reyestr Xidmətindən əldə olunan fərdi yaşayış evinin olması barədə Çıxarışı özüylə aparması və Çıxarış kimin adındadırsa həmin şəxsində ASAN Xidmətdə ərizə əsasında razılıq verilməsinə ehtiyac olunması barədə bildirilmişdir. Vətəndaşları qeydiyyata alan əsas orqan pasport şöbəsi olduğundan qeydiyyata alınan vətəndaşlar birbaşa icra nümayəndəliyində Rayon Polis Şöbəsindən təqdim olunan rəsmi sənəd əsasında Təsərrüfatbaşına Kitablarda daimi və ya müvəqqəti qeydiyyatı barədə müvafiq qeydlər aparılır. Odur ki, qeyd olunan ünvana daimi və ya müvəqqəti qeydiyyata alınması üçün icra nümayəndəliyində təsərrüfat başçısının razılığı olmadığından, yaşayış üçün Məhkəmə qərarı ilə kəsilən fərdi yaşayış evinin torpağı mübahisə predmeti olduğundan, həmçinin İddiaçı daimi qeydiyyatda olduğu Tülü kəndində yaşadığına görə aidiyyəti üzrə qeydiyyata alınması məqsəd uyğun hesab edilməmişdir. İşdə olan, Balakən rayon Məhkəməsinin 21.02.2017-ci il tarixli 2(019)-166/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Qazbinə kəndində yerləşən cavabdeh X3 yaşadığı bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə tərəfindən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçıya izah edilmiş, məhkəməyə müraciət etməkdə hüquqi marağının Balakən Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(019)-166/2017 nömrəli qətnaməsi ilə köçürüldüyü evə qeydiyyata alınmaqla bağlı olması, bunun üçün isə ilk növbədə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etməli, sonuncu bundan imtina etdiyi və ya müraciəti qanunvericliklə müəyyən edilmiş müddət ərzində cavablandırmadığı təqdirdə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən müdafiəyə dair iddia vasitəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşaraq həqiqətən də tələbinin Balakən rayonu, Qazbinə kəndində yerləşən fərdi yaşayış evinə qeydiyyata düşmək olduğunu və iddia ərizəsini dəqiqləşdirərək təqdim edəcəyini bildirmişdir. Müəyyən edilmişdir ki, məhkəmənin hüquqi yardımından sonra iddiaçı Balakən rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək tələbdə qeyd olunan ünvan üzrə qeydiyyata alınmasını xahiş etmiş, sonuncu, müraciətini təmin etmədiyinə görə “yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halhazırda iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin icraatındadır (hakim Fərid İsmayılzadə). Bununla da müəyyən edilir ki, iddiaçının inzibati mübahisə üzrə hüquqi marağı Balakən rayonu, Qazbinə kəndində yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməkdir. Hazırkı iş üzrə qeyd edilən cavabdeh - Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi isə iddia tələbinə cavab verməli inzibati orqan deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli fərmanının 2.2-1-ci maddəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. 2.3-cü maddəsinə əsasən həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Daxili İşlər Nazirliyidir ki, Balakən rayon İHB-nin Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi hazırki tələbə cavab verməli inzibati orqan deyil. İş üzrə hazırki cavabdeh iddia tələbinə cavab verməli inzibati orqan olmadığından və bununla da iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən, həmçinin qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun olmadığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (üçüncü şəxslər: X7 və X5) qarşı “keçmiş əri X4 məxsus, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 21 fevral 2021-ci il tarixli, 2(019)-166/2017 iş nömrəli qətnaməsinə əsasən köçürüldüyü Balakən rayonu, Qazbinə kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı ev təsərrüfatının uçotu kitablarında qeydiyyatın aparılması və həmin təsərrüfatın üzvü kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar