Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-193/2025 22.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barəsində arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı qərarı ilə satılmış 0.50 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlakın X7 mülkiyyətinə verilməsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023 -cü il tarixli, e-2-1(116)-3626/2023 nömrəli qərardadı ilə Qəbələ Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının mərhum əri X9 Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı iclas protokolunun qərarı ilə 0.50 ha torpaq sahəsi ayılmışdır. İddiaçı vərəsə kimi müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını Qəbələ X1 0.50 ha, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2008-ci il tarixli 02 saylı qərarı qanunvericilik aktlarının tələblərinə cavab verməməsi ilə əsaslandırmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmədə iştirakını təmin etməmişdirlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Qəbələ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 49 nömrəli arayışı;
2. Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu;
3. cavabdehin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktubları və ona əlavə olunmuş mütəxəssis rəyləri.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mərhum ərinin mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı iclas protokolunun qərarına əsasən mərhum əri X9 ayrılmış 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun X9 məxsus olması baradə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən ibarət olsa da, iddia tələbi vəfat etmiş şəxsin adına çıxarışın verilməsi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.Məhkəmə İPM-nin 52-ci maddəsinin tələbi və prosessual qənaət prinsipi baxımından iddianı mümkün hesab edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Odur ki, məhkəmə hazırki iddia tələbinə “Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı iclas protokolunun qərarına əsasən X9 ayrılmış 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun X9 məxsus olması baradə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi” kimi qiymət verilmişdir Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı iclas protokolunun qərarı əsasında iddiaçının ərinə 0.50 ha torpaq sahəsi satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun və ailəsinin faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, o cümlədən bələdiyyənin arayışı ilə də təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, Qəbələ Bələdiyyəsinin 0.50 ha, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2008-ci il tarixli 02 saylı qərarı qanunvericilik aktlarının tələblərinə cavab vermir.Cavabdeh bələdiyyənin 0,50 ha torpaq sahəsinin ayrılmasına dair səlahiyyətli olmadığı qənaətinə gəlmişdir. Lakin, məhkəmə həmin dəlili qismən əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə və həmin dövrün inzibati praktikasına əsasən iddiaçının ərinə satılmışdır. Torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, İddiaçı istifadəsində olunan faktiki naturada ölçülmüş 0,4740 ha torpaq sahəsi Qəbələ rayonu Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Qəbələ şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası yararsız olmaqla Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Sözügedən torpaq sahəsi X6 X8 (TEKUİS) əsasən Qəbələ rayonu Qəbələ şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, islahat uqodiyası şərti yararsız torpaqlar mülkiyyət növü isə bələdiyyə mülkiyyəti göstərilmişdir. İddiaçı istifadə olunan faktiki naturada ölçülmüş 0,4740 ha torpaq sahəsi X7 adına tərtib edilmiş А№040380 nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” əsasən ayrılmış 0,50 ha torpaq sahəsi ilə situasiya planına əsasən eyni ərazidir. X2 adına tərtib edilmiş A№040380 nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” əsasən ayrılmış 0,50 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının sahə ölçüsü 0,4723 ha təşkil edir və faktiki sahə ilə tam üst-üstə düşmür. Sənəd üzrə sahənin 0,0386 ha hissəsi **********67 nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. X7 adına tərtib edilmiş A№040380 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” əsasən ayrılmış 0,50 ha torpaq sahəsinin baza məlumatları üzrə koordinatlarının sahə ölçüsü 0,4415 ha təşkil edir və istifadəsində olan faktiki naturada ölçülmüş 0,4740 ha torpaq sahəsi ilə eyni ərazidir. İddiaçı istifadəsində olunan faktiki naturada ölçülmüş 0,4740 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı istifadəsində olunan faktiki naturada ölçülmüş 0,4740 ha torpaq sahəsi A№040380 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” əsasən ayrılmış 0,50 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının sahə ölçüsü 0,4723 ha təşkil edir və faktiki sahə ilə tam üst-üstə düşmür, iddia olunan torpaq sahəsi üzərində heç bir tikili mövcud deyildir. İddiaçı istifadəsində olunan faktiki naturada ölçülmüş 0,4740 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşmür. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı iclas protokolunun qərarına əsasən X9 0,50 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır.Məhkəmə hesab edir ki,bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması zamanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki,həmin Qanunun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; Hazırda iddia olunan torpaq sahəsi Qəbələ şəhərində yerləşdiyindən torpaq sahəsinin ayrılma həddi qanunla 0,08 ha həddində məhdudlaşdırılmışdır. Yəni, bələdiyyə 0,50 ha torpaq sahəsini ayırmaq səlahiyyəti olmamışdır.Lakin,mövcud məhkəmə təcrübəsi və inzibati praktikaya əsasən 0,12 ha həddində torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun qeydə alınması təmin edilir. Qanunverici bu məhdudiyyəti tətbiq etməklə torpaq sahəsinin ayrılmasının səmərəli təşkil edilməsi,bələdiyyə orqanları tərəfindən torpaq ehtiyatından istifadənin insan faktorunu nəzərə almaqla tənzimlənməsinin zəruriliyini nəzərə almışdır.Digər tərəfdən konkret ərazilər üzrə fərqli ölçü məhdudiyyətinin tətbiqi həmin ərazi üzrə ehtiyat torpaq fondu və əhalinin say,eləcə də artım nisbəti fonunda həyata keçirilmişdir.Bu zaman fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsünün ayrılma məqsədinə uyğunluğu qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, cavabdehin üzərinə Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı iclas protokolunun qərarına əsasən iddiaçıya ayrılmış mülkiyyət hüququnun X9 məxsus olması baradə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı iclas protokolunun qərarına əsasən X9 ayrılmış 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması baradə daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə