Məhkəmə qərarları › İş №2-1(116)-1933/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1933/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1933/2024 14.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “özünə məxsus torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sistemində sürüşdürülməsinin əvvəlki faktiki real vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin özbaşınalıqla zəbt olunduğunu, kobud və pis rəftara məruz qaldığını, mülkiyyət hüquqlarının kobudcasına pozulduğunu, xüsusi mülkiyyətində olan zəbt edilmiş 1,9209 ha torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən Torpaqların elektron kadastr uçotu informasiya sistemində qəsdən saxtalaşdırılaraq guya 155 metr şimala sürüşdürülmüş göstərildiyini, ona külli miqdarda ziyan vurulduğunu nəzərə alaraq, baza məlumatlarına əsasən ona xx.xx.2022-ci il tarixdə verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa uyğun əvvəlki faktiki real vəziyyətinə qaytarılmasını, Qanunun Aliliyi təmin edilməyəcəyi təqdirdə Cavabdeh MMCdən ona vurulmuş maddi-mənəvi ziyanın əvəzində 500.000 (beş yüz min) manat məbləğində kompensasiya pulunun alınıb ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə hazırlıq icraatı çərçivəsində xx.xx.2024-cü il tarixə məhkəmə iclası təyin edilərək Azərbaycan Respublikasının İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsi rabitəsiz və qeyri-müəyyən cümlələrlə ifadə olsunda da, mübahisənin mahiyyətindən görünür ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa aid A681961 №-li plan-ölçü sənədinin koordinatlarının sürüşdürülməsini mübahisələndirir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsində DƏDKR-in vəzifələri və hüquqları təsbit edilmişdir. Sözügedən Nizamnaməyə uyğun olaraq: - hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək (3.1.4)..., - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq (3.1.16)..., - Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək (3.1.20), - hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək (3.1.21)..., - kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək (3.1.23), - kadastr uçotu işlərini aparmaq və daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, dövlət kadastrını, dövlət torpaq kadastrını tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək (3.1.24), - dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq (3.1.25)..., - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək (3.1.29)..., - mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq (3.1.36)..., - və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək (3.1.58) cavabdeh orqanın vəzifələri olaraq müəyyən edilmişdir. Odur ki, iddiaçı, A681961 №-li plan-ölçü sənədinin koordinatlarının sürüşdürülməsi ilə bağlı tələbi hazırkı cavabdehə yox, DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı irəli sürməlidir. Bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə iddiaçının müraciətindən iddia tələbinə cavab verməli olan cavabdeh orqanın imtina etməsi və ya müraciəti cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. İddiaçı, məhkəmə iclasında izahat verərək sözügedən tələbləri DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı irəli sürdüyünü, lakin müraciətinin təmin edilmədiyini bildirmiş, imtina məktubunu təqdim etmək üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 3 gün müddət təyin edilmiş və xx.xx.2024-cü il tarixədək tələbin konkret və aydın ifadə edilməsi, cavabdeh orqanın dəqiqləşdirilməsi və düzgün cavabdeh orqan tərəfindən verilmiş imtina cavabının (o cümlədən müraciətin cavabsız saxlanması barədə sübutu) təqdim edilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş və yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “özünə məxsus torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sistemində sürüşdürülməsinin əvvəlki faktiki real vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar