Məhkəmə qərarları › İş №2-1(116)-1936/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1936/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1936/2023 11.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilməsi, yəni həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər Axundov küçəsi 8 mənzil 11 saylı evə çıxarış ala bilməsi üçün qətnamə çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1936/2023 nömrəli qərardadı ilə X7, X12, X14 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 11, mənzil 6 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilməsi, yəni həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Yevlax rayonun Salahlı kəndində anadan olmuşdur. O, 1989-cu ildən 1992-ci ilə qədər SSSR-i Silahlı qüvvələrində Praporşik kimi xidmət etmiş, 1992-ci ildən 2008-ci ilə qədər Azərbaycan Silahlı qüvvələrində Gizir kimi xidmət etmişdir. Məxfi Hissə rəisi - kadrlar şöbəsi rəisinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1-ci qarabağ Müharibəsinin iştirakçısıdır. Müharibə veteranıdır. Bir neçə yüksək medal və ordenlərlə təltif olunmuşdur. 1994-cü ildə ona hərbi hissə tərəfindən xidməti ev verilmişdir. 2008-ci ildə yaşa görə ehtiyata buraxılmışdır. Müvafiq qanun və qərarlara uyğun olaraq Mingəçevir şəhəri İcra Hakimiyyətinə (Hərbi qulluqçuların statusu haqqında qərara uyğun olaraq) müraciət etmişdir ki, onu daimi evlə təmin etsinlər. İcra Hakimiyyəti də qərar verərək 1994-cü ildən yaşadığı evi ona daimi yaşayış üçün daimi orderlə vermişdir. İddiaçı, mənzili öz adına özəlləşdirmək üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, M.F. Axundov küçəsi 11 nömrəli evin 6 nömrəli mənzilin özəlləşdirilərək dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik edilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. Məlumat olaraq bildirilmişdir ki, 'Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İddiaçının ərizəsinə əlavə etdiyi 150 nömrəli order xx.xx.2011-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyəti Başçısının xx.xx.2011-ci il tarixli, 52 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli, 006989 nömrəli orderdən görünür ki, iddiaçının 4 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 2 ünvanında mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. - X10 filialının xx.xx.2021-ci il tarixli Arxiv arayışında istinad edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 52 nömrəli sərəncamından görünür ki, İddiaçı-şəhərin M.F.Axundov küçəsindəki 11 №-li evin yaşayış sahəsi 40 kv.metr olan iki otaqlı 6 №-li mənzilində 5 (beş) nəfər ailə tərkibi ilə (özu, arvadı, iki oğlu və qızı) yaşayır. Mənzil dövlət mənzil fonduna aiddir və vətəndaş İ.Sadıxova Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 175 №-li sərəncamı ilə verilmiş onun adına 003835 №-li xx.xx.1994-cü il tarixli xidməti order yazılmışdır. Vətəndaş İ.Sadıxov xx.xx.1992-ci ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etmiş və yaşa görə ehtiyata buraxılmışdır. Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 85 və 105- ci maddələrini, “Mingəçevir şəhəri ərazisində mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək və yaşayış sahələrini bölüşdürmək haqqında Qaydaların 37-ci bəndi rəhbər tutularaq Vətəndaş İddiaçı adına 5 (beş) nəfər ailə tərkibi ilə (ozu, arvadı, iki oğlu və qızı) yaşadığı və qeydiyyatda olduğu M.F.Axundov küçəsindəki 11 Ne-lı evin yaşayış sahəsi 40,0 kv.metr olan bir otaqlı 6 №-li mənzilinə order yazılması qərara alınmışdır. - X10 filialının xx.xx.2023-ci il tarixli Arxiv arayışından və ona əlavə olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 175 nömrəli sərəncamından görünür ki, iddiaçı 03,05,1993-cü il tarixdən mənzil şəraitini yaxşılaşdırmaq üçün uçota götürülərək, 3-cü sayla qeydə alınıb. X3 - 5 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və 3 uşağı) M.F.Axundov küçəsindəki 11 №-li evin, 1-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 39,1 kv. metr olan, 2 otaqlı 6 №-li mənzili təklif olunmuş, təklif olunmuş xidməti mənzillərə orderlər yazılmışdır. - Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansındadır. Xidməti mənzil deyil. - X7 və X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, adları qeyd edilən şəxslər ünvan 5 ünvanında yerləşən 6 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və ona mülkiyyət hüququnun verilməsinə razı olduqlarını bildirmişlər. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, X15, X14, X20, X9, X12 və Sadıqov X2 şəhəri M.F.Axundov küçəsi ev 11 mənzil 6 ünvanında qeydiyyatdadırlar. - Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 656 nömrəli arayışından görünür ki, X7, X12 və Sadıqov X2 şəhəri Axundov küçəsi 11 saylı binanın 6 saylı mənzilində yaşayırlar, X14, X15 və X1 ünvanda yaşamırlar. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Mingəçevir şəhəri M.F.Axundov küçəsi, 11 №-li evin, 6 saylı mənzili Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 175 nömrəli sərəncamı ilə iddiaçıya 5 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və 3 uşağı) birlikdə xidməti mənzil olaraq verilmişdir. İddiaçının ailə üzvləri: həyat yoldaşı - X7, oğlu - X12, digər oğlu - X14 və qızı - X4 ibarətdir. Adları qeyd edilən şəxslərdən X14 və X6 Mingəçevir şəhəri M.F.Axundov küçəsi, 11 №-li evin, 6 saylı mənzilində yaşamamaları Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 656 nömrəli arayışı ilə müəyyən edilir. Həmin mənzildə yaşayan şəxslərdən X7 və X12 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrində sözügedən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razı olduqlarını bildirmişlər. Cavabeh orqanın iddia tələbinə qarşı dəlili xx.xx.2011-ci il tarixli orderin Mingəçevir şəhər İcra Hakimiyəti Başçısının xx.xx.2011-ci il tarixli, 52 nömrəli sərəncamı əsasında verilməsi və xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsinin nəzərdə tutulmaması ilə bağlı olmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 52 nömrəli Sərəncamının məzmunundan görünür ki, iddiaçı, xx.xx.1992-ci ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etmiş və yaşa görə ehtiyata buraxılmışdır. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyəti Başçısının xx.xx.2011-ci il tarixli, 52 nömrəli sərəncamı ilə sözügedən mənzilə order verilənədək faktiki olaraq iddiaçı və ailə üzvləri Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 175 nömrəli sərəncamı əsasında xidməti mənzil olaraq verilmiş həmin mənzildə yaşayırdılar. Belə ki, iddiaçı, ehtiyata buraxıldıqdan sonra da, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmiş, uzun müddət yaşadığı mənzilə order verilməsi üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət etmiş və ona Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 52 nömrəli Sərəncamı əsasında, əvvəllər xx.xx.1994-cü il tarixli, 175 nömrəli sərəncamla xidməti order əsasında verilmiş mənzilə dair yenidən xx.xx.2011-ci il tarixli, 006989 nömrəli order verilmişdir. 006989 saylı orderin iddiaçıya xx.xx.2011-ci il tarixdə, Mingəçevir şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 52 nömrəli sərəncamı əsasında verilməsi xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsinin nəzərdə tutulmaması, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 175 nömrəli sərəncamında isə sözügedən mənzilin iddiaçıya xidməti rejimdə təqdim olunması və xidməti mənzillərin özəlləşdirilməsinin qanunla qadağan olunması ilə bağlı olmuşdur. Məhkəmə cavabdeh orqanın dəlillərinə münasibətdə qeyd edir ki, iddia olunan mənzillə bağlı verilmiş hər iki sərəncamda (xx.xx.1994 və xx.xx.2011-ci il tarixli) mənzilin ayrıldığı subyektlərin dairəsi dəyişməmişdir. İlkin sərəncam əsasında iddia olunan mənzil iddiaçıya xidməti mənzil olaraq verildiyindən, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 52 nömrəli Sərəncamı həmin mənzilin xidməti statusunun dəyişdirilməsi baxımından qiymətləndirilməlidir. Hər bir halda sözügedən mənzilin hazırda xidməti mənzil olmaması işin mübahisəsiz halıdır. Yəni, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 52 nömrəli Sərəncamının məqsədinə və mahiyyətinə uyğun hüquqi dəyərləndirmə aparmaqla məhkəmə qeyd edir ki, Mingəçevir şəhəri M.F.Axundov küçəsi, 11 №-li evin, 6 saylı mənzili ilə bağlı verilmiş xx.xx.1994 və xx.xx.2011-ci il tarixli sərəncamlar arasında yeganə fərq mənzilin “xidməti” statusunun dəyişdirilməsi olmuşdur. Buna görə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 52 nömrəli Sərəncamı iddia olunan mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmasa da, ilkin - xx.xx.1994-cü il tarixli sərəncam iddia olunan mənzilin özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Belə ki, hər iki sərəncamla eyni subyektlərə münasibətdə eyni mənzilin yaşamaq hüququ ilə verilməsi onu göstərir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti sözügedən sərəncamla faktiki olaraq iddia olunan mənzilin artıq “xidməti” mənzil olmaması əsasından çıxış etməklə, xx.xx.1994-cü il tarixli, 175 №li sərəncamda qeyd edilmiş mənzilin “xidməti” statusunu aradan qaldırmışdır. Başqa sözlə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 52 nömrəli sərəncamının verilməsində məqsəd mənzilin xidməti statusunun dəyişdirilməsi olmuşdur. İddia olunan mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 175 №li sərəncamı, həmin mənzilin xidməti mənzil olmaması ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli məktubu və iddiaçı ilə birlikdə yaşayan ailə üzvlərinin razılıqlarının mövcudluğu yetərlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Qanunverici, mənzilin özəlləşdirilməsinin həyata keçirilməsi üçün konkret olaraq müəyyən etmişdir ki, şəxs yaşadığı mənzili özəlləşdirmək barədə ərizəsinə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderini əlavə etməlidir. Bundan sonra DƏDRX-in müvafiq Ərazi İdarəsi mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirərək vətəndaşın mənzilə mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici “ARMFÖH” ARQ-nin 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi - yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 7 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar