Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1936/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximdətinə qarşı “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X1 rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmağına dair qərarının etibarsız və yaxud ləğv edilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X1 rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmağına dair qərarının etibarsız və yaxud ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1936/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X1 rayon şöbəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-16344/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, müxtəlif xəsətliklər səbəbindən uzun illərdir ki, həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir. Müxtəlif vaxtlarda hərbi həkim komisiyasının və digər Dövlət qurumlarının rəyləri şəxsi işində mövcuddur.Faktiki xəstəlikləri (onurğanın bərpası mümkün olmayan növləri, mədə bağərşaq, dəri zöhrəvi xəstəlikləri) nəzərə alınmadan o həqiqi hərbi xidmətə çağırılmışdir, faktiki olan xəstəliklərinə dair müayinələr edilməmişdir. Bununla bağlı yəni xəstəliklərinə dair müayinələr keçirilməsi ilə əlaqədar müraciət ərizəni qəbul etməkdən belə imtina etmişdirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin əməkdaşları iddiaçıya bildirirlər ki, xəstəliklərin olubolmamasından asılı olmayaraq hərbi xidmətə getsun orda xəstəliyi müəyyən edildikdən sonra təxris edərlər. Hüquqlarının bərpa edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova ünvanlanmış müraciətə bu günə qədər cavab verilməmiş əksinə ərizəni qəbul etməkdən imtina etmişdirlər. Cavabdeh tərəfindən etmiş olduğu müraciətin qəbul etməkdən imtina etməsi müraciətinin nəticəsiz qaldığı kimi müəyyən edilir. Eyni zamanda cavabdeh tərəfindən qəbul edilmiş qərardan iddiaçının məhkəmə qaydasına mübahisələndimək hüququ olduğunu nəzərə alaraq ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsi yol verilməzdir. Yəni göründüyü kimi müraciəti qəbul etməkdən imtina yol verilməz olduğundan, həqiqi hərbi xidmətə çağırılmasına dair iddiaçıya təqdim edilməyən belə qərarı qanunsuzdur. Çünki, real xəstəlikləri göz qabağındadır. Bu səbəbdən hesab edirik ki, İnzibati İcraat qaydasında cavabdehin qərarının müabisələndirilməsi Konstitusiyon hüquq olduğundan məhkəmə tərəfindən araşdırılmallı və cavabdehin həqiqi hərbi xidmətə çağırılmağı barədə qərarı etibrasız və yaxud ləğv edilməlidir. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X1 rayon şöbəsi xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, Hərbi vəzifəli 1990-cı il təvəllüdlü İddiaçı möhlət müddəti bitdiyi üçün təkrar tibbi müayinəyə cəlb olunaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə dəvət olunmuş və xx.xx.2024-cü il tarixdə “Skalioz” diaqnozu ilə “X2" PHŞ-ə əlavə müayinəyə göndərilmişdir. Tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli 2/4628 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” əsasında xx.xx.2024-cü il tarixdə Rayon Çağırış komissiyası tərəfindən 'Xəstəliklər Cədvəli'nin "59c" maddəsinin İ qrafası və ƏTCnə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi həkim ekspertizası haqqında Əsasnamə"yə) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qərar verilməsi üçün təqdim edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən qərar dəyişərək (məhdudiyyət dərəcəsi A-3) həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubu ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Aşağıdakı sənəd məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. İddiaçıya məxsus SX seriyalı ******* hərbi biletin surəti.
2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X1 rayon şöbəsi xx.xx.2025-ci il tarixli məktubunun surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 171-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan yaradılır: a) əsgərlərdən, matroslardan və çavuşlardan: Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa uyğun olaraq həqiqi hərbi xidməti qurtardıqdan sonra, habelə xəstəliklərə, yaxud ailə vəziyyətinə görə ehtiyata buraxılmış əsgərlərdən, matroslardan, çavuşlardan və hərbi inşaatçılardan; rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız sayılmış kişi cinsindən olan çağırış yaşlı (18—30 yaşlı) vətəndaşlardan; “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son çağırış yaşına (30 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlardan; bu maddədə göstərilən cəzaçəkmə müəssisələrindən azad edilmiş və məhkəmənin hökmü ilə müəyyən edilmiş cəza növlərini çəkib qayıtmış vətəndaşlardan; İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən belə məlum olur ki, onun doğum tarixi xx.xx.1990-ci ildir. Yəni hazırda iddiaçının artıq 35 yaşı var. Bu isə yuxarıda qeyd olunan normaların tələblərinə görə artıq onun müddətli həqiqi hərbi xidmətə çağırılmasını istisna edir. Belə olan halda iddiaçının hüquqi marağı mövcud olmadığından və işə mahiyyəti üzrə baxılması anlamını itirdiyindən iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximdətinə qarşı “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X1 rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmağına dair qərarının etibarsız və yaxud ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev