Məhkəmə qərarları › İş №2-1(116)-194/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-194/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-194/2022 07.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “1 (bir) nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasına dair sərəncam verilməsi, sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli 06.08.2012-ci il tarixli Qərarına uyğun müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 (bir) nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasına dair sərəncam verilməsi, sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli 06.08.2012-ci il tarixli Qərarına uyğun müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı 01.01.1993-cü ildən 29.09.2000-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməklə zabit kimi qulluq etmişdir. İddiaçı 29.09.2000-ci il tarixdə Müdafiə nazirinin əmri ilə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçı 28.09.2020-ci il tarixdə “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən səfərbər edilmiş və Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 29.12.2020-ci il tarixdə tərxis olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli 06.08.2012-ci il tarixli Qərarını və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununu əsas götürərək mənzil kirayəsinə görə kompensasiya ödənilməsinə dair cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 08.07.2021-ci il tarixli imtina məktubudna qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən 29.09.2000-ci ildə tərxis olunmuş, anasına məxsus 4 otaqlı mənzildə qeydiyyatdadır və orada yaşayır. Mingəçevir ŞİH-də mənzil növbəsinə götürülməmişdir. Bu səbəblə də mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsinə əsas yoxdur. Məhkəmə sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 26.08.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı 06.07.2021-ci il tarixdə şəhər icra hakimiyyətinə ərizə ilə müraciət edərək ehtiyatda olan zabit kimi ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 nömrəli qərarı ilə nəzərdə tutulmuş qaydada müvəqqəti mənzil kirayə haqqının ödənilməsini xahiş etmişdir. Nazirlər Kabinetinin 174 nömrəli 06.08.2012-ci il tarixli “Ehtiyata və ya istehfaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və istehfaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara seçdikləri yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. İddiaçı 19.01.1993-cü ildən 29.09.2000-ci ilədək həqiqi hərbi xidmətdə olmuş zabitdir. O, xidmət müddəti başa çatdığına görə ordudan tərxis olmuşdur. 2000-ci ildən Mingəçevir şəhərində yaşamış, mənzil növbəsinə alınması ilə bağlı şəhər İcra Hakimiyyətinə müraciət etməmişdir. Nazirlər Kabinetinin Qərarında isə mənzil kirayə haqqının ödənilməsinə hüququ olan zabit, gizir və miçmanların dairəsi dəqiq göstərilmişdir. Bunlar yaşa, xəstəliyə, ailə vəziyyətinə görə və 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə istefaya və ya ehtiyata buraxılmış şəxslərdir və həmin şəxslər yerli İcra Hakimiyyətində mənzil uçotuna alınmalıdırlar, yəni həmin şəxslər Mənzil qanunvericilinə görə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməli və uçota onların götürülmələri üçün əsas olmalıdır. İddiaçı subaydır, anasına məxsus 4 otaqlı, yaşayış sahəsi 59,85 kv.m mənzildə qeydiyyatdadır. Mənzildə ondan başqa anası, iki bacısı və iki bacısı uşağı olmaqla cəmi 6 nəfər yaşayır ki, bu da Mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş adambaşına düşən yaşayış normasına uyğundur. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh orqan onun imtinasını əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 01.02.2022-ci il tarixli 14 nömrəli arayışında qeyd edilir ki, iddiaçı həqiqətən 19.01.1993-cü il tarixdən 29.09.2000-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə nazirinin 29.09.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 28.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, 28.09.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. 29.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Göstərilənlər iş materiallarına surəti əlavə edilmiş və məhkəmə iclasında əsli tədqiq olunmuş iddiaçıya məxsus ZE ******* nömrəli hərbi biletlə də öz təsdiqini tapmışdır. Məhkəmə işin hallarını aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının: 1-ci bəndinə görə, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı SQ-də 19.01.1993-cü ildən 29.09.2000-ci ilədək zabit kimi həqiqi hərbi xidmətdə olmuş, Müdafiə nazirinin 29.09.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Sonradan qismən səfərbərliklə əlaqədar 28.09.2020-ci il tarixdən 31.12.2020-ci ilədək yenidən həqiqi hərbi xidmət olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının cəmi həqiqi hərbi xidmət müddəti 7 il 11 ay 10 gün təşkil edir. Yuxarıda qeyd edilən hüquqi normalara əsasən iddiaçının yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ o halda mövcud olacaqdır ki, iddiaçı Silahlı Qüvvələrdə 15 təqvim ili və daha çox xidmət etmiş olsun. İddiaçı isə bu tələbə cavab vermir. İddia tələbinin müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. İddiaçının həqiqi xidmət ili qeyd edilən 5 təqvim ilindən çox olsa da, o, ehtiyata ştatların ixtisarına görə deyil, Müdafiə nazirinin 29.09.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə buraxılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdeh tərəfindən razılığın və ya icazənin verilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “1 (bir) nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasına dair sərəncam verilməsi, sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli 06.08.2012-ci il tarixli Qərarına uyğun müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar