Məhkəmə qərarları › İş №2-1(116)-1941/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1941/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1941/2025 07.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, xx xxxx 1970-ci il tarixdə Qubadlı rayonunun Qarakişihi kəndində anadan olmuşdur. Uzun illərdir Mingəçevir şəhərində yaşayır. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 01 sentyabr 1988-ci ildə hərbi xidmətə çağırılmış və 15 dekabr 1990-cı ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən sonra əmək fəaliyyətini davam etdirmiş, 1994-cü ilin iyul ayının sonunadək müxtəlif işlərdə çalışmışdır. 30 iyul 1994-cü il tarixdən etibarən Azərbaycan Respublikasının X1 xidmətə başlamış və 05 oktyabr 2006-cı ilədək qüsursuz xidmət etmişdir. Xidmət dövrü təqvimlə 12 il 2 ay 1 gün, imtiyazlı hesabla isə 14 il 11 ay 2 gün təşkil etmişdir. Xidmətdə olarkən qazandığı xəstəlik səbəbilə 05 oktyabr 2006-cı ildə xidmətdən təxris edilmişdir. O, xidmətdə qazandığı xəstəliklə əlaqədar olaraq 15 il ərzində ikinci dərəcəli əlilliyə görə pensiya almış, lakin 01 mart 2021-ci il tarixdən etibarən onun pensiya ödənişi dayandırılmışdır. Daha sonra, 12 avqust 2022-ci il tarixdə pensiya ödənişi yenidən bərpa edilmiş, lakin bu dəfə “ümumi xəstəlik” əsasında və əsassız şəkildə aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının məlumatına əsasən, İddiaçı “Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod”, “İntihar cəhdləri ilə qayıdan depressiv pozuntu”, “Somatoform pozuntular” diaqnozları qoyulmuş və 12 avqust 2024-cü il tarixinədək üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Lakin 12 sentyabr 2024cü il tarixdə keçirilmiş son tibbi-sosial ekspertiza nəticəsində ona imtina qərarı verilmişdir. Halbuki, onun xidmət dövründə qazandığı xəstəliklərlə bağlı tibbi sənədlərdə göstərilən diaqnozlar eynidir və bu xəstəliklər birbaşa xidmət fəaliyyəti ilə bağlı yaranmışdır. Buna baxmayaraq, ona əvvəlcə “ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlillik”, daha sonra isə “ümumi xəstəliklə əlaqədar üçüncü dərəcəli əlillik” müəyyən edilmiş və sonda pensiyası kəsilmişdir. O, bu qərarla razılaşmayaraq, cavabdeh orqana müraciət etmiş, əlilliyinin xidmətlə əlaqədar qiymətləndirilməsini xahiş etmişdir. Lakin Agentliyin 14 aprel 2023-cü il tarixli, 25 aprel 2023-cü ildə təqdim edilmiş imtina məktubunda qeyd olunmuşdur ki, 28 iyun 2022-ci il tarixdə Agentlikdə qəbul zamanı təqdim edilmiş tibbi sənədlər və müayinə nəticələrinə əsasən, həmin diaqnozlar əlilliyin təyin olunması meyarlarına uyğun gəlmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. O, hesab edir ki, bu qərar əsassızdır, çünki o, X1 xidmət etdiyi dövrdə qazandığı xəstəliyə görə təxris olunmuş və uzun müddət məhz həmin xidmətlə əlaqədar ikinci dərəcəli əlilliyə əsasən pensiya almışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Mingəçevir PND tərəfindən xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Qayıdan depressiv pozuntu, psixotik əlamətlər olmadan ağır dərəcəli növbəti epizod, Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, Anamnezində intihar fikirləri ilə.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “Müşahidə məqsədi ilə əlavə müalicə məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Bildiririk ki, iddiaçıya ən sonuncu dəfə xx.xx.2022-ci il tarixində 2 il müddətinə ümumi səbəblərlə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti xx.xx.2024-cü ildə başa çatmışdır. Yəni ki iddiaçının qüvvədə olan əlilliyi olmadığından bu məhkəmə mübahisəsində “əllilliyin bərpa edilməsindən” söhbət gedə bilməz. Ən sonuncu göndəriş üzrə tərəfimizdən verilmiş “əlavə müalicəyə ehtiyacın olması” cavabı isə imtina kimi qiymətləndirilməməlidir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmalında göndərişlərin tənzimlənməsi ilə bağlı 18-22ci bəndlərində qeyd edilmişdir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam vı ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. II. X4: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. M a d d ə 69. Məhkəmə qərarının forması və məzmunu 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları. İİİ. Məhkəmənin Mövqeyi: İddianın mümkünlüyü: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina cavabı verilmiş, iddiaçı, xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən müraciətin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən və iddiaçı tərəfindən təqdim edilən imtina cavabının “çap tarixi” xx.xx.2024-cü il tarixə aid olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Mingəçevir şəhəri, Naxçıvan küç., ev 29, mənzil 46-dır. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İddia tələbi əlilliyin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə müayinə olunmuş, “Depressiv nevroz uzun gediş ilə və suisiolioel fikirələ NSD kardial tipl” diaqnozu ilə bir il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2008-ci il qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, “Depressiv nevroz uzun gediş ilə və suisiolioel fikirələ NSD kardial tipl” diaqnozu ilə bir il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş, “Depresiv epizod _psixopatik sidromlarsız müşahidə olunan ağır dərəcəli depresiv epizod tez-tez veqativ damar krizləri Somotoform pozğunluqu -Veqativ sinir sistemi somotoform disfunksiya” diaqnozu ilə bir il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, “Depresiv epizod _psixopatik sidromlarsız müşahidə olunan ağır dərəcəli depresiv epizod tez-tez veqativ damar krizləri Somotoform pozğunluqu -Veqativ sinir sistemi somotoform disfunksiya” diaqnozu ilə beş il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-cı il qeyd edilmişdir. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür) əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (Əsas diaqnoz və onun ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstənin, Bakı şəhəri 1 saylı RPX-da müayinə olunmasına ehtiyac var) əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, “Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, İNTİHAR CƏHDLƏRİ İLƏ. Qayıdan depressiv pozuntu, Ağır depressiv epizod , rekkurent depressiya çərçivəsində, İNTİHAR CƏHDLƏRİ İLƏ. Somatoform pozuntular, Somatoform pozuntular” diaqnozu ilə iki il müddətinə (səbəb: ümumi xəstəlik) orqanizmin funksiyalarının 40% pozulması müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnoz öz təsdiqini tapmaması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1941/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 4060 nömrəli məktubu və ona əlavə olunmuş 2294 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı “Qayıdan depressiv pozuntu, orta dərəcəli epizod, anamnezində intihar fikirləri ilə (F33.1)” aşkar olunur. Aldığı müalicə nəticəsində onda qeyd olunan diaqnozu korreksiya olunub, halhazırda vəziyyəti nisbətən yaxşılaşaraq qeyd edilən diaqnoza uyğun gəlir. Lakin buna baxmayaraq onda hərəkətlərinin yavaşıması, spontanlığın azalması, intihar fikirlərinin olması, əhval-ruhiyyəsinin enik olması, koqnitiv funksiyalarının zəifləməsi qeyd olunur və onun sosial adaptasiya və əmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, gündəlik həyat fəaliyyətinə mənfi təsir edir. Xəstəlik qismən müalicə olunsa belə qayıtma ehtimalı çox yüksəkdir. İş materiallarında olan tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsinin məktubundan görünür ki, iddiaçıda müşahidə edilən: “tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depressiv epizodlar əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə enməsinə səbəb olur, ətrafdakılarla tez-tez problemlər yaradır, gündəlik fəaliyyətə neqativ təsir edir. Sərbəst yaşamaq bacarığı vardır, lakin bəzi hallarda kənar şəxsin ehtiyacı olur” əlamətlər insan orqanizminin funskiyalarının itirilmə faizi 31-60 % (2 il müddətinə) uyğun olması qeyd edilmişdir. Həmin məktubda 7.4.2.2 bəndinə istinad edilmişdir, lakin məzmununda təsvir olunan hallar və təqdim olunan ekspert rəyi ilə müəyyən olunmuş əlamətlər faktiki olaraq 7.4.2.1 bəndində nəzərdə tutulan meyarlara uyğun gəlir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə F33 XBT kod 7.4.2-ci bənddə (ekurrent depresiv pozuntu) təsnif edilmişdir. Məhkəmə qeyd edir ki, cvabdeh orqan tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki, iddiaçıya müxtəlif illərdə – 2007, 2014, 2015 və 2016-cı illərdə ikinci dərəcəli əlillik təyin edilmiş, 2022-ci ildə isə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulması əsasında iki il müddətinə əlillik müəyyən edilmişdir. Həmçinin, 2006, 2021 və 2022-ci illərdə iddiaçıya əlavə müalicəyə ehtiyacın olması əsas gətirilərək əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Göstərilən hallar məhkəmə tərəfindən belə qiymətləndirilir ki, iddiaçının sağlamlıq vəziyyəti uzunmüddətli və davamlı xarakter daşıyır, yəni o, müxtəlif illərdə təkrarlanan müraciətlərinə baxmayaraq, əlavə müalicə tədbirləri alsa belə, sağlamlıq vəziyyətində tam bərpa və ya reabilitasiya mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş tibbi sənədlər və ekspert rəyi də təsdiq edilir ki, iddiaçıya qoyulmuş diaqnozda qeyd edilən xəstəliklər əlavə müalicə nəticəsində tam reabilitasiya olunması mümkün deyildir. Bu baxımdan, müxtəlif illərdə iddiaçıya əlillik təyin olunması faktı onun xəstəliyinin davamlı və sağalması mümkün olmayan xarakter daşıdığını göstərir. Müəyyən edilir ki, “Qayıdan depressiv pozuntu, psixotik əlamətlər olmadan ağır dərəcəli növbəti epizod, Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, anamnezində intihar fikirləri ilə” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.4.2.1-ci bənddə (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 31– 60% həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında İddiaçı əlillik vəziyyətinin Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (əlavə müalicəyə ehtiyacın olması) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.4-ci maddəsinin (bənd 7.4.2.1) F-33 XBT kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 31 – 60 % pozulması ilə) müəyyən edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İ-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nin birinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar