Məhkəmə qərarları › İş №2-1(116)-1942/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1942/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1942/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Calud kəndində yerləşən JN-0010 kod 40501018 nömrəli Torpağa Mülkiyyət hüququna X5nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz rayonu Calud kəndində yerləşən 3,29 ha torpaq sahəsinə - JN-0010 KOD 40501018 nömrəli Torpağa Mülkiyyət Hüququna X5nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr, 21 oktyabr 2010-cu il tarixli 257077A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 1412 kv.metr, 257078A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 122 kv.metr, 257079A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 3797 kv.metr və 257080A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 17682 kv.metr torpaq sahələrinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Oğuz rayonu Calud kəndində yerləşən JN-0010 kod 40501018 nömrəli Torpağa Mülkiyyət hüququna X5nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - Oğuz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyul tarixli 67 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 3.29 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0010 KOD 40501018 nömrəli Torpağa Mülkiyyət Hüququna X5 tərtib olunaraq 10 sentyabr 1999-cu il tarixdə Dövlət aktı qeydiyyat kitabında 3751 nömrə ilə qeydiyyata alınmışdır. 7 vərəqdən ibarət olan həmin Dövlət Aktının 3-6-cı vərəqlərində olan torpaq sahəsinin planından (cizgisindən) və 7-ci vərəqində olan torpaq sahəsinin qaiməsindən (sertifikatından) göründüyü kimi 3.29 hektar torpaq sahəsi ailəsinə 4 hissədə verilmişdir. Dövlət Aktının 3-cü səhifəsində olan torpaq sahəsinin planında 21513,02 kv.metr 4cü səhifəsində olan torpaq sahəsinin planında 9888,97 kv.metr, 5-ci səhifəsində olan torpaq sahəsinin planında 122.98 kv.metr, 6-cı səhifəsində olan torpaq sahəsinin planında 1413.44 k.metr torpaq sahəsinin olduğu qeyd edilir. JN-0010 KOD 40501018 nömrəli Torpağa Mülkiyyət Hüququna X4 qeyd edilən 3.29 hektar əkin torpaq sahəsinin bir hissəsinin Oğuz-Qəbələ- Bakı su kəmərinin tikintisi altına düşmə səbəbini bildirərək həmin Dövlət Aktı ondan geri alınmışdır. Bundan sonra iddiaçıya qeyd edilən Dövlət Aktının 3-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 21513,02 kv.metr torpağa 3797 kv.metr və 17682 kv.metr olmaqla iki hissəyə ayrı-ayrılıqda müvafiq olaraq 257079A nömrəli və 257080A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Bundan əlavə 1412 kv.metr və 122 kv.metr torpaq sahələrinə də müvafiq olaraq 257077A nömrəli və 257078A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. X3 4-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 9888.97 kv.metr torpaq sahəsinə heç bir sənəd hazırlanmamışdır. İddiaçı, sözügedən torpaq sahələrinə dair çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Oğuz rayonu Calud kəndində torpaq islahatı aparılarkən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN 0010 “Torpağa Mülkiyyət Hüququna” X5 ilə 3.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi altına düşməsi səbəbindən JN 0010 “Torpağa Mülkiyyət Hüququna” X5 geri alınmışdır ləğv edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.29 ha torpaq sahəsinin əvəzinə 0.98 hektar az olmaqla 4 hissədən ibarət ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən 1412 kv.m, 0.0122 kv.m, 0.3797 kv.m, 0.7682 kv.m olmaqla ümumilikdə 2.3013 kv.m torpaq sahələrinə AN-257077, AN- 257078, AN-257079, AN- 257080 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü sənədini hazırlanmışdır. JN 0010 nömrəli “Torpağa Mülkiyyət Hüququna X5”-nda göstərilən torpaq sahəsinin 9888.97 kv.m hissəsinə isə müvafiq sənəd verilməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı təqdim etdiyi JN-0010 kod 40501018 nömrəli Torpağa Mülkiyyət hüququna X5nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddia ərizəsində iddiaçı özü də bildirir ki, Oğuz-Qəbələ- Bakı su kəmərinin tikintisi altına düşmə səbəbini bildirərək həmin Dövlət Aktı ondan geri alınmışdır. Bundan sonra iddiaçıya qeyd edilən Dövlət Aktının 3-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 21513,02 kv.metr torpağa 3797 kv.metr və 17682 kv.metr olmaqla iki hissəyə ayrı-ayrılıqda müvafiq olaraq 257079A nömrəli və 257080A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Həmçinin cavabdeh orqan da qeyd edilən əsasla JN 0010 “Torpağa Mülkiyyət Hüququna” X5 geri alınmasını və ləğv edilməsini bildirir. İddiaçı JN 0010 “Torpağa Mülkiyyət Hüququna” X5nın əslini təqdim edə bilmir. Təqdim edilmiş, Oğuz rayon İcra Hakmiyyəti Başçısının Yaqublu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş surətə münasibətdə isə müəyyən edilir ki, sonuncu tərəfindən sənədin əslinə visual baxış keçirilmədən əsli ilə düz olması müəyyən olunmuşdur. Odur ki, həmin sənəd iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas ola bilməz. Həmçinin iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçıya hər hansı hüquqmüəyyənedici və texniki sənədin tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə təqdim edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Odur ki, iddiaçı, ümumibirgə mülkiyyətində olan torpaq sahəsində özbaşına olaraq inşa etdiyi tikililərə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Calud kəndində yerləşən JN-0010 kod 40501018 nömrəli Torpağa Mülkiyyət hüququna X5nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar