Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1944/2023 18.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri E.İsgəndərov küçəsi ev 8 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,2544 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq onun adına Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz şəhəri E.İsgəndərov küçəsi ev 8 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,2544 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq onun adına Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1944/2023 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı 25 sentyabr 1992-ci il tarixli notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən evi almışdır. Evin yerləşdiyi torpaq sahəsinin texniki pasportunda göstərilən 0.2544 ha hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Həmin torpaq sahəsinin 600 kv.m hissəsinə JN-1533A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək ünvan 2 ünvanda yerləşən evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,2544 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayəş evinə və həmin evin yerləşdiyi 0.2544 ha həyətyanı torpaq sahəsinə dair Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998ci il tarixli 6710 nömrəli qərarı əsasında iddiaçı adına JN-1533A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmış və 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı tərtib edilmiş alqı-satqı müqaviləsində də, evin yerləşdiyi torpaq sahəsi 600 kv.metr olaraq göstərilmişdir. Bundan başqa fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələri və ölçüləri fərqlidir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1402/2023 nömrəli məktubuna əlavə olunmuş, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş Oğuz rayonunun Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” 0,06 ha qeyd olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəylərində qeyd edilmişdir ki, Dekabr 1997-ci il tarixli 890 inventar nömrəli texniki pasportda qeyd edilmiş 2544,6 kv.metr torpaq sahəsinin situasiya planına əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,3187 ha torpaq sahəsinin iki hissədən ibarət olmaqla 0,0492 ha və 0,0052 ha hissələri JN-1533A nömrəli Şəhadətnaməyə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0,0597 ha hissəsi **********89 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X5 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0,2046 ha hissəsi isə kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan Bələdiyyə (3068B-3069S) mülkiyyəti torpaqlarına düşür. X1 X4 (TEKUİS) əsasən faktiki istifadədə olan torpaq sahəsi 1533A nömrəli şəhadətnamə daxilində xüsusi mülkiyyət kimi qeyd edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsindədir. Faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Mütəxəssis rəyində 0,0597 ha torpaq sahəsinin **********89 nömrəli plan-ölçü sənədilə üst-üstə düşməsi barədə məlumat “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi idarəsinin elektron bazasına (TEKUİS) istinad olunmaqla verilmişdir. **********89 nömrəli plan-ölçü sənədindəki torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparılaraq X5 adına çıxarış və texniki pasport verilmişdir. **********89 nömrəli plan-ölçü sənədindəki torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi iddiaçının istifadəsindədir. Faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. X2 X4 (TEKUİS) əsasən, İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,3187 ha torpaq sahəsi kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü 1533 A nömrəli Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. - JN-1533A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin (Şəki rayonlararası Dövlət texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin) 890 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən 3 (üç) yaşayış otağından (yaşayış sahəsi 53,8 kv.m) ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.1997-ci il tarixdə qeydə alınmışdır. - xx.xx.1992-ci il tarixli müqavilədən görünür ki, X3 şəhəri S.Vurğun küçəsi döngə 14, ev 8 ünvanında 600 kv.metr torpaq sahəsində yerləşən daşdan tikilmiş, üstü saxsı ilə örtülmüş, həyətində mal tövləsi və hamı olan 53,8 kv.metr yaşayış, 43,5 kv.metr qeyriyaşayış sahəsi olan bir mərtəbəli, üç otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır. - 1987-ci il tarixli, 890 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı olmuş, evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 2544,6 kv.metr qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddia tələbində qeyd edilmiş 0,2544 ha torpaq sahəsinin 0.06 ha hissəsinə və üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə JN-1533A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və 890 nömrəli Qeydiyyat vəsiqəsi 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlərdir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların (1.11) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan 1987-ci il tarixli, 890 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı, evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 2544,6 kv.metr qeyd edilmişdir. Odur ki, sözügedən sənəd bütövlükdə iddia olunan torpaq sahəsinə münasibətdə, o cümlədən JN-1533A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilməyən, qalan 0.1944 ha torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün birbaşa əsasdır. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində ziddiyyətli məlumatlar qeyd edərək TEKUİS məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,0597 ha hissəsinin **********89 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X5 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini qeyd etmiş, eyni zamanda sonradan dəqiqləşdirilmiş rəyində X1 X4 (TEKUİS) əsasən faktiki istifadədə olan torpaq sahəsinin 1533A nömrəli şəhadətnamə daxilində xüsusi mülkiyyət kimi qeyd edilməsini, faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsini göstərmişdir. Hər bir halda məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.3187 ha olduğundan və iddia tələbi 0.2544 ha torpaq sahəsi ilə bağlı olduğundan, faktiki istifadədə olan torpaq sahəsinin 0,0597 ha hissəsinin **********89 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X5 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin heç bir əhəmiyyəti qalmır (0.3187 ha -0.0597 ha=0.259 ha). Torpaq sahəsi naturada mövcuddur və iddiaçının istifadəsindədir. Yuxarıda istinad olunan normalara əsasən JN-1533A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, 890 inventar nömrəli Qeydiyyat vəsiqəsi və 1987-ci il tarixli, 890 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu iddia olunan yaşayış sahəsi və onun yerləşdiyi 0.2544 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhəri E.İsgəndərov küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,2544 hektar həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.