Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1944/2024 07.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarının ləğv edilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “pensiyanın faizinin aşağı salınması və ondan tutulmalar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyanın təyin edildiyi vaxta yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsinin təmin edilməsi və pensiyanın azaldıldığı gündən hazır ki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarın ləğv edilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - ona xx.xx.2017-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən ona xx.xx.2023-cü il tarixli 3-17-1/2- M-305345/2023 saylı məktub ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən ona hesablanmış pensiyasında müvafiq hesablamalar aparılmış və son üç il üçün artıq ödəmə müəyyən edilmişdir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən onun dövlət qulluğunda 10 il 11 ay 25 gün qulluq stajına görə pensiya məbləği orta aylıq əmək haqqımın 60 faizindən endirilərək 55 faizi olaraq hesablanmışdır. O, bu hesablama ilə razı deyil. Bununla əlaqədar cavabdeh orqana xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək tutulma aparılmasından imtina etməyi və hesablama ilə razı olmadığı barədə ərizə vermişdir. Cavabdeh orqan özünün 01 Mart 2024-cü il tarixli məktubu ilə müraciətinə xx.xx.2023-cü il tarixli məktubuna uyğun eyni məzmunlu cavab ünvanlamış, təkrar olaraq tutulmaya razılıq verməyini bildirmişdir. İddiaçının pensiyasından tutulma razılığı olmadan aparılmışdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. O tutulma ilə əlaqədar razılıq verməmiş, pensiya təyin edən orqanın hər hansı bir qərarı ona bildirilməyib və bu barədə hər hansı bir məhkəmə qərarı da yoxdur. Bundan başqa cavabdeh orqan onun dövlət qulluğunda ümumi iş illərini 10 il 11 ay 25 gün olaraq qeyd etmişdir. Bu isə həqiqəti əks etdirmir. Belə ki, onun ümumi iş illəriylə yanaşı dövlət qulluğunda iş stajı xx.xx.2006-cı ildə başlamış və xx.xx.2017-ci il tarixdə bitmişdir. Bu tarixlər arasında sadəcə 1 gün onun xx.xx.2007-ci ildə AR-sı Prezidentini “Gülüstan” sarayından işdən azad edilərək xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 2№ li Pansionatına işə qəbul olmağı olmuşdur. Adi riyazi hesablama ilə hesablandığı zaman bu rəqəm 10 il 11 ay 28 gün olacaqdır. Bu 10 il 11 ay 28 günlük iş illəri də 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin o vaxt qüvvədə olmuş Fərmanının müddəalarına əsasən tam il olaraq hesablanmalı və 11 ilə bərabər sayılmalıdır (Əsas: Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanının 2.2.3- cü maddəsi - 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% /15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017- ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur). Bundan əlavə cavabdeh onun pensiyasında yenidən hesablama aparılması və tutulmalar edilməsini Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanına əsasən aparıldığını bildirir. Halbuki sözügedən Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə ləğv edilmiş və ləğv Fərmanı xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. Onun pensiyasında hesablamalar isə xx.xx.2023-cü ildən sonra aparılmaqla qüvvədən düşmüş Fərman əsas tutularaq həyata keçirilmişdir ki, bu da qanunsuzdur. Ona pensiya 2017-ci il iyulun 1-dək qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş və həmin vaxtdan pensiya ödənişi edilmişdir. Pensiya təyin edən orqan ona sənədləri əsasında həmin vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə uyğun olaraq pensiya təyin edib. Pensiyanın verilməsi və dayandırılmasının əsasını müstəsna olaraq, qanun müəyyən etdiyindən, qanunda nəzərdə tutulmuş əsas olmadan pensiya ödənişinin dayandırılması və ya dəyişdirilməsi yolverilməzdir. Hazırki işdə vətəndaş olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanının digər bir Fərmanla ləğv edildikdən sonra geriyə tətbiq edilərək pensiyasının aşağı faizə endirilməsi və tutulmalar edilməsi qanuni deyildir. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-305345/2023 nömrəli məktuba əsasən iddiaçıya son üç il ərzində 2957.49 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir Aparılmış araşdırma əsasında müəyyən olunmuşdur ki, 30 iyun 2017-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1140,00 manat, qulluq stajına görə əlavəsi 171,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 460,75 manat, digər növ əlavəsi 53,74 manat olmaqla orta aylıq əməkhaqqı 1955,49 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən, iddiaçıya təyin edilmiş əmək pensiyası 10 il 11 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1955,49 manat) 55 faizi - 1075,52 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası' nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür, Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 10 il 11 ay 25 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,69 faiz təşkil edir, Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1260,00 manat, qulluq stajına görə əlavəsi 189,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 509,25, digər növ əlavəsi 53.74 manat olmaqla orta aylıq əmək haqqı 2141.99 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1955,49 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (2141,99 manat) arasındakı fərq məbləğinin (186,50 manat) 36,39 faizi-67,87 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (1075.52 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1143.39 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1890,00 manat, qulluq stajına görə əlavəsi 283,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 763,88 manat, digər növ əlavəsi 53.74 manat olmaqla olmaqla orta aylıq əmək haqqı 3121,12 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2141.99 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (3121,12 manat) arasındakı fərq məbləğinin (979,13 manat) 36,39 faizi - 356.30 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyasının (1143,39 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1499.69 manat məbləğində hesablanmışdır. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya 1574.73 manat məbləğində əmək pensiyası ödənilmiş, nəticədə iddiaçıya müvafiq dövrlər üzrə 1916.01 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiya tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən iddiaçıya təyin edilmiş əmək pensiyası 1892,16 manat hesablanmalı olduğu halda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya 1986.84 manat məbləğində əmək pensiyası ödənilmiş, nəticədə iddiaçıya müvafiq dövrlər üzrə 1041.48 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya son üç il ərzində ümumilikdə 2957.49 (1916.01+1041.48) manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-305345/2023 nömrəli məktubda həmçinin 2957,29 manat heç bir əsas olmadan artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə cavahdehə təqdim etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya təyin edilmiş əmək pensiyası cari ilin fevral ayında 2104,08 manata artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 211,92 manat fərq məbləği hesablanmışdır. Həmin 211,92 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 2957,49 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan heç bir əsas olmadan artıq ödənilmiş 2745,57 (2957,49-211,92) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə cavahdehə təqdim etməsi xahiş olunmuşdur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə ‘Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Əsas məqam kimi qeyd etmək istərdik ki, inzibati orqan tərəfindən yenidən hesablanma barədə qərar qəbul edilərkən iddiaçıya ödənilən pensiya məbləğinin artıq hesablandığı müəyyən edilmiş və pensiya məbləği yenidən hesablanaraq həqiqətən ödənilməli olan məbləğ müəyyən edilmişdir. Bu zaman arada yaranan fərqin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxarılmasında inzibati orqan haqlı olduğu kimi, əsassız olaraq artıq hesablanmış məbləğin iddiaçının əmək pensiyasına əlavə olunmaqla ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Əlavə olaraq qeyd etmək istərdik ki, X1 məlumatlara əsasən hazırda iddiaçının əmək pensiyasından tutulma aparılmır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli imtina məktubları, ИТ-İ ******* nömrəli əmək kitabçası, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarı, pensiya alt sistemindən çıxarışlar, iddiaçının pensiya işi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi “əvəzləşdirilmiş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması” hissəsində tam, pensiyanın xx.xx.2017-ci il tarixə uyğun olaraq - 60%- hesablanıb verilməsi və pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi hissəsində qismən əsaslıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının cavabdeh orqana qarşı irəli sürdüyü tələblər aşağıdakılardır: - “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-64409/2023 nömrəli qərarın ləğv edilməsi, pensiyanın təyin edildiyi vaxta, yəni xx.xx.2017-ci il tarixə uyğun olaraq hesablanıb verilməsi, pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi, - əvəzləşdirilmiş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği 1986,84 manat olmuş, daha sonra cavabdeh orqan “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 64409/2023 nömrəli qərar qəbul edərək yenidən hesablanmış pensiya məbləği olaraq 1892,16 manat müəyyən etmişdir. İş materiallarında olan, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.2006-xx.xx.2007 və xx.xx.2007-xx.xx.2017-ci illər üzrə ümumi sosial sığorta stajı 10 il, 11 ay, 27 gündür. İddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinə əsasən onun dövlət qulluğunda 10 il 11 ay 25 gün qulluq stajına görə orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanmışdır. İddiaçı, hazırkı tələbində əmək pensiyasının ilkin təyin edildiyi qaydada, yəni orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanmasını və pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik ödənilməsini tələb edir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərar qəbul etməklə hesab etmişdir ki, iddiaçının 10 il tam iş stajından sonrakı il tamamlanmadığından (11 ay, 27 gün iş stajı nəzərə alınmamışdır) istinad olunan normanın tətbiq edilməsi və pensiya məbləğinin orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanması yanlış olmuşdur. ƏPHQ-nun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə hesab edir ki, istinad olunan normada 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavənin nəzərdə tutulması tam il başa çatmayan müddət üzrə hesablamanın aparılmasını istisna etmir. Yəni, qanunverici 10 ildən yuxarı hər il üçün hesablanmalı əlavənin məbləğini 5 faiz müəyyən etdiyindən, cavabdeh orqanın tamamlanmamış ilə münasibətdə (natamam ildəki iş stajı aylarının sayına mütənasib) əlavəni həmin 5 faizə uyğun hesablamalı idi. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş “2017-cİ il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası'nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 10 il 11 ay 25 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,69 faiz təşkil edir. Göründüyü kimi natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmanın aparılmasının konkret mexanizmi iddiaçıya yaşa görə əmək pensiyası təyin edildikdən sonra müəyyən edilmişdir. Həmin mexanizm müəyyən edilənədək isə qanunvericilikdə natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı qadağanedici norma mövcud olmamış, qanunverici tam il üçün maksimum hədd müəyyən etməklə kifayətlənmiş, müəyyən edilmiş maksimum həddə münasibətdə konkret faizin müəyyən edilməsi isə cavabdeh orqanın səlahiyyətində olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının pensiya məbləğinin orta aylıq əmək haqqının 60 faizi məbləğində hesablanması yanlış olsa da, cavabdeh orqan 10 ildən yuxarı - 11 ay, 27 günə münasibətdə əlavənin ödənilməsindən (4,96%) imtina etməkdə səhvə yol vermişdir. Odur ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablamalı, pensiyanın azaldıldığı gündən hazırki vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində təsbit olunmuş hamının qanun qarşısında bərabər olması prinsipi hüquqi dövlətin təməl prinsiplərindən hesab olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. İddia tələbinin “əvəzləşdirilmiş 211,92 həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması” hissəsinə münasibətdə cavabdeh orqan qeyd edir ki, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya təyin edilmiş əmək pensiyası cari ilin fevral ayında 2104,08 manata artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 211,92 manat fərq məbləği iddiaçıya artıq ödənilmiş 2957,49 manat pul vəsaitindən çıxılmışdr. Cavabdeh orqan bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 6.6cı bəndinə istinad edir. Həmin normanın məzmunundan göründüyü kimi əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Göründüyü kimi mübahisələndirilən əvəzləşdirilmənin aparılması üçün ƏPHQ-nun 32.1-1-ci və 39.1-ci maddələrinin nəzərə alınması müəyyən edilmişdir. ƏPHQ-nun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Normanın məzmunundan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirmiş, belə razılıq olmadığı halda isə həmin məbləğin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. İş materiallarından görünür ki, müvafiq pul məbləğinin əvəzləşdirilməsi, o cümlədən maddi yardım üzrə tutulma ilə bağlı cavabdeh orqan tərəfindən iddiaçının razılığı alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının razılığı alınmadan və məhkəmə qərarı olmadan iddiaçının əmək pensiyasından tutulmaların aparılması (əvəzləşdirilməsi) ilə bağlı cavabdeh orqanın hərəkətləri mahiyyət etibarilə qanunsuz olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64409/2023 nömrəli qərarı ləğv edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 59,96 faizi (55%+4,96%) məbləğində hesablanması, pensiyanın azaldıldığı gündən hazırkı vaxtadək verilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi, əvəzləşdirilmiş 211,92 manat həmçinin, maddi yardım üzrə tutulmuş 90 manat pul məbləğinin qaytarılması öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.