Məhkəmə qərarları › İş №2-1(116)-1950/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1950/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1950/2023 17.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “övladı xx.xx.2006-cı il təvəllüdlü X6 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2003-cü il təvəllüdlü X7 “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1980-ci ildə Kəlbəcər rayonun Zülfüqarlı kəndində anadan olmuşdur. Lakin erməni daşnaqlarının Azərbaycan Respublikasına qarşı hücumu nəticəsində iddiaçı öz doğma Zülfüqarlı kəndindən məcburi köçkün kimi gələrək, ilk əvvəl Tərtərdə, daha sonra isə Mingəçevir şəhərində məskunlaşıb yaşayır. İddiaçı 2001-ci ildə X13 ilə ailə qurmuşdur. Lakin yoldaşı Telman Xəlilov 2019-cu ildə rəhmətə getmişdir. İddiaçı özü məcburi köçkündür. Bu barədə ona AA seriyalı, 053030 nömrəli “Məcburi köçkün vəsiqəsi” verilmişdir. Eyni zamanda da iddiaçı məcburi köçkün kimi qeydiyyata alınaraq, dövlətin məcburi köçkünlərə etdiyi güzəştlərdən istifadə edir. Hazırda o, Mingəçevir şəhərində qaçqınlar və məcburi köçkünlər üçün salınmış 594 mənzilli qəsəbədə yaşayır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh 01/1748 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, 16 yaşı tamam olub Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildirilir ki, keçmiş həyat yoldaşı, mərhum X8 məcburi köçkün olduğunu təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra iddiaçı övladına məcburi köçkün statusunun verilib-verilməməsi məsələsinə baxıla bilər. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-36/2-1550/2023 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, hazırkı inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı Musayeva X3 Hakim Telman oğlunun və X5 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. xx.xx.2003-cü il təvəllüdlü X11 tam fəaliyyət qabiliyyətli, xx.xx.2006-cı il təvəllüdlü X12 isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. X11 tam fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməlidir. X12 isə məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Komitəyə heç bir müraciət daxil olmamışdır. X11 ilə bağlı Qaydalarda məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müəyyənləşdirilmiş sənəd toplusu ilə Komitəyə müraciət edilməmiş və Komitə tərəfindən X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi ilə əlaqədar heç bir imtina cavabı təqdim edilməmişdir. İddiaçı cavabdehdən imtina qərarını aldıqdan sonra və ya cavabdeh hərəkətsizlik etdiyi halda məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən, müvafiq iddia tələbi “X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” hissəsində mümkün sayılmamalıdır. İddiaçı övladı X6 məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş 2023-cü il 31 mart tarixli müraciəti Komitənin 2023-cü il 10 aprel tarixli 01/1748 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, iddiaçı keçmiş həyat yoldaşı mərhum X8 məcburi köçkün olduğunu təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra övladına məcburi köçkün statusunun verilib-verilməməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İşin faktiki hallarına əsasən, X4 X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmamışdır və yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. X4 anası İddiaçı isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddia ərizəsinə əsasən, X13 2019-cu il tarixdə vəfat etmişdir. X4 X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Mingəçevir şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, X6 məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmənin diqqətinə çatdırılır ki, məcburi köçkün statusuna malik olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikaha daxil olmaqla və ya olmadan ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə, ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə, onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığından həmin uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq bildirilir ki, iddiaçının X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə işğaldan azad olunmuş rayonda (şəhərdə) qeydiyyatda olmadığından, X1 rayonundan məcburi köçkün düşə bilməzdi. Bununla yanaşı, X4 X2nun vəfat etməsi halı X6 münasibətdə Qaydaların 4.1.6-cı bəndinin tətbiqini aradan qaldırmır. Belə ki, qeyd olunan xüsusat Qaydaların 4.1.6-cı bəndinin tətbiqini istisna edən hal kimi qanunvericilikdə müəyyən olunmamışdır. Xüsusilə vurğulamaq lazımdır ki, Qaydaların digər bəndlərinə də uyğunluğu yoxlanılmaqla, həm atası, həm də anası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusu verilir. Lakin, valideynlərdən ana məcburi köçkün statusuna malik olmadığı halda, Qaydalar atanın məcburi köçkün statusuna malik olmasına istinad edərək uşağa məcburi köçkün statusunun verilməsinin mümkünlüyünü bildirir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin müvafiq məsələyə tətbiqi, ölkə əhalisinin tərkibində məcburi köçkünlərin sayının kəskin artmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, müvafiq yanaşmanın əsasında hüquqi faktorlarla yanaşı, həm də sosial, siyasi və iqtisadi faktorlar da dayanır. Odur ki, vəfat etdiyi tarixədək iddiaçının övladı X4 X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi qanunvericiliyə tam uyğundur. Cavabdeh etirazında iddia tələbinin “X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsin verilməsi” hissəsində mümkün sayılmaması barədə qərardad, “X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” hissəsində isə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “övladı xx.xx.2006-cı il təvəllüdlü X6 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddianın nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatdadır. 817991 nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X2, anası İddiaçıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Onun 16 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Mingəçevir şəhər Mənzil-Kommunal İstismar Sahəsinin 537 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı ünvan 5 ünvanında müvəqqəti məskunlaşıb. 053030 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin notariat qaydada surətindən görünür ki, iddiaçıya Dövlətqaçqınkomun xx.xx.2001-ci il tarixli qərarı ilə xx.xx.2001-ci il tarixdə “Məcburi köçkün vəsiqəsi” verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-145/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X13 arasında xx.xx.2001-ci ildə Mingəçevir şəhər VVAQ şöbəsində qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X4 iddiaçının yanında qalmaları müəyyən edilmişdir. 982995 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2019-cu ildə vəfat etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmamışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-V hissələrinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunun 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci hissəsinə görə, Komitənin Əsasnamə ilə məyyən edilmiş vəzifələrə uyğun olaraq həyata keçirdiyi funksiyalardan biri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmədən ibarətdir. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsasən: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ... Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ... “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə (cavabdehə) həvalə edilmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixli 1 nömrəli qərarı ilə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları təsdiq etmişdir. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə üçüncü şərtin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, X12 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Cavabdehin imtinasının əsas dəlili iddiaçının övladı X6 münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci və 2-ci şərtlərin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, X4 atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyil və vəfat etdiyi tarixədək yaşayış yeri üzrə Mingəçevir şəhərində qeydiyyatda olmuşdur. Məhkəmə birinci şərtə münasibətdə (valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan) hesab edir ki, hazırkı tələb üzrə məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, həmin maddənin İ-V hissələrində təsbit edilmişdir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə hesab edir ki, valideynlərindən yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun veriləcəyinə dair Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş müddəa Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozuntusunu yaratmaqla, şəxslərə münasibətdə cinsi əlamətə görə qeyri-bərabər rəftara gətirib çıxarır. İkinci şərtə münasibətdə (hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan) məhkəmə qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Başqa sözlə, Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bununla yanaşı iddiaçının övladı onun himayəsində olmaqla qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Odur ki, cavabdehin imtinasının dəlilləri əsassız olduğundan iddia təmin edilməli və cavabdehin üzərinə İddiaçı övladı, xx.xx.2006-cı il təvəllüdlü X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji işlər üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1099/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-1618/2023 nömrəli qərarlarında da eyni hüquqi mövqedən çıxış etmişdir. (Qərarlar işə əlavə olunur) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə İddiaçı övladı, xx.xx.2006-cı il təvəllüdlü X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar