Məhkəmə qərarları › İş №2-1(116)-1950/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1950/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1950/2024 01.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X10 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı Bələdiyyəsinə qarşı “İsmayıllı şəhəri Heydər Əliyev prospekti ev 46 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin İddiaçı satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh İsmayıllı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı şəhəri, H.Əliyev prospekti dalan 4, ev 5 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin 0,06 ha qanuni, 0,06 ha faktiki istifadədə olmaqla cəmi 0,12 ha həyatyanı torpaq sahəsinin 0,06 ha faktiki istifadədə olan hissəsinin satınalma üstünlüyü əsasında özünə satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, iddia tələbi qeyri-müəyyən formada tərtib edilmişdir. İddiaçı, xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, “İsmayıllı şəhəri Heydər Əliyev prospekti ev 46 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cu il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı ailəsi ilə birlikdə İsmayıllı şəhəri, Heydər Əliyev prospekti dalan 4, ev 5 ünvanda mülkiyyətdə olan fərdi yaşayış evində yaşayır. İddiaçıdan başqa həmin evdə digər ailəli övladları X8 və X4 da yaşayır. İddiaçının hər iki evli övladı İsmayıllı bələdiyyəsinə müraciət etmələrinə baxmayaraq, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilməmişdir. Səbəb kimi də İsmayıll şəhərinin perespektiv inkişaf fonduna aid torpaq sahəsinin məcburi köçkünlər tərəfindən zəbt edilməsi və həyətyanı torpaq sahəsinin həmin qaçqınların öz doğma yurduna qayıtdıqdan sonra verilməsinin mümkün olması bildirilmişdir. Bu səbədən 1976-cı ildən iddiaçı onun həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan, təqribən 06 sot zəbt torpaq sahəsinin satınalma üstünlüyü ilə həyətyanı kimi iddiaçıya və ya onunla bir evdə yaşayan oğlanlarına satılması üçün dəfələrlə müraciət etmiş, müsbət nəticə olmamışdır. Sonuncu dəfə 2 iyun 2023-cü il tarixdə İsmayıllı bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə 20 iyun 2023-cü il tarixli məktubla imtina cavabı vermiş, onu qonşunun yolunu kəsməklə günahlandırmışdır. Halbuki, həmin torpaq 1976-cı ildən iddiaçının istifadəsindədir, qonşu isə buraya 1999-cu ildə həyəti satın alıb köçmüşdür. 1999-cu ilə kimi iddiaçının əvvəlki qonşu ilə heç bir problemi olmamışdır. Hazırda İsmayıllı bələdiyyəsi iddiaçının həyətyanı torpağının bir hissəsi olan torpağı iddiaçıya və ya onun evsiz oğlanlarına satmır, lakin qonşuluqda yaşayan başqa şəxsə yol kimi satmağa çalışır (hansı ki, onun ayrıca yolu mövcuddur). İsmayıllı bələdiyəsi iddiaçıya qarşı torpağın boşaldılması barədə iddia qaldırmışdır. İsmayıllı rayon məhkəməsi bələdiyyənin iddiasını rədd etmişdir. Hazırda həmin mülki iş bələdiyyənin şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Qonşu isə özbaşına olaraq həyətindəki torpağa qanunsuz olaraq giriş qapısı açmışdır. Cavadeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - şəhər sakini X9 xx.xx.2022-ci il tarixdə ərizə ilə İsmayıllı bələdiyyəsinə müraciət edərək yaşadığı şəhərin Yuxarıbaş ərazisində yerləşən evinə gedən yola qonşusu İddiaçı tərəfindən darvaza yerləşdirilərək gediş-gəlişlərinə maneçilik törətdilməsi barədə bildirmiş və həmin maneçiliyin aradan götürülməsini İsmayıllı bələdiyyəsindən xahiş etmişdir. Şəhər sakini X5 ərizəsi əsasında İsmayıllı bələdiyyəsinin nümayəndələri və İsmayıllı RİH Memarlıq və Tikinti şöbəsinin nümayəndəsi ilə həmin əraziyə baxış keçirilib və baxış nəticəsində ərizəçinin haqlı olduğu məlum olmuşdur. X1 və ailəsinə qanunsuz olaraq zəbt edərək darvaza yerləşdirdikləri həmin ərazini 5 (beş) gün müddətində açıb əvvəlki vəziyyətinə gətirilməsi bildirilmiş və vətəndaşın atası İddiaçı bu barədə 02 avqust 2022-ci il tarixdə 387 saylı məktub ünvanlanmışdır. Lakin şəhər sakini İddiaçı bu müddət ərzində qonşunun həyətinə gediş-gəlişinə mane olan qanunsuz qoyulan darvazanı həmin ərazidən götürməmiş və xx.xx.2022-ci il tarixdə bələdiyyənin ona qanuni müraciətini “heç bir qanuni araşdırma aparmadan səlahiyyət həddini aşaraq tələb etmə” kimi qiymətləndirərək “bu məsələnin qanuni şəkildə səlahiyyətləriniz çərçivəsində araşdırmağınızı tələb edirəm” yazaraq bələdiyyəyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı və şikayətçinin ailə üzvləri ilə görüşülüb və məsələ müzakirə olunub. Həmin əraziyə baxış zamanı məlum olmuşdur ki, İddiaçı qonşusu X5 gediş-gəlişinə maneə törədərək qanunsuz olaraq əhalinin ümumi istifadəsində olan yola darvaza quraşdırmışdır. Ona görə də, İddiaçı bir daha əməlində qanunsuz hərəkətlərin olduğu bildirilmiş və qonşunun gediş-gəlişinə maneə törədən darvazanın 5 (beş) gün müddətinə həmin ərazidən götürməsi ondan tələb olunmuşdur. Şəhər sakini İddiaçı təqdim etdiyi xx.xx.2020-ci il tarixli İnventar nömrəsi 407- 1V1301, reyestr nömrəsi **********98-10301 saylı Texniki Pasport və qeydiyyat nömrəsi ********** olan çıxarış sənədinə əsasən vətəndaşın həmin ünvanda mülkiyyətində 600 kv.m həyətyanı torpaq sahəsi var və vətəndaş nəmin əraziyə bitişik torpaq sahələrini qanunsuz olaraq zəbt edərək qonşusunun gediş-gəlişinə maneə törədir. Şəhər sakini İddiaçı övladları X4 xx.xx.2022-ci il tarixdə və X8 xx.xx.2022-ci il tarixdə onlara həyətyanı torpaq sahəsi satılması barədə İsmayıllı bələdiyyəsinə ərizə ilə müraciət etmişlər. İsmayıllı bələdiyyəsi xx.xx.2022-ci il tarixdə 446 və 447 saylı məktublarla hal-hazırda İsmayıllı bələdiyyəsinin Perspektiv İnkişaf fondu torpaqları şəhərin Qəzli ərazisində yerləşməklə qaçqın və məcburi köçkünlər tərəfindən zəbt edilməsi barədə bildirilmiş və ərazidə məskunlaşmış soydaşlarımızın köçürülməsindən sonra boşalan həmin ərazidə bölgü aparılarkən İsmayıllı bələdiyyəsinə müraciət etmələri onlara tövsiyə olunmuşdur. Bütün edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaş İddiaçı bugünədək həmin ərazini açıb boşaltmamış və hal-hazırda vətəndaşlar arasında ciddi mübahisə mövcuddur. İsmayıllı bələdiyyəsi olaraq vətəndaşların arasında yaranan mübahisənin müsbət həll olunması və qanunsuz zəbt olunmuş bələdiyyə torpaqlarının boşaldılmasından ötrü qanunamüvafiq tədbirlərin görülməsi üçün bu məsələ İsmayıllı bələdiyyəsinin xx.xx.2022ci il tarixli 14 saylı iclasında müzakirə edilmiş və bu haqda qanunamüvafiq tədbirlərin görülməsi barədə İsmayıllı rayon Məhkəməsinə müraciət olunmasından ötrü qərar qəbul olunaraq xx.xx.2022-ci il tarixdə 467 saylı məktubla İsmayıllı rayon Məhkəməsinə müraciət olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə bitişik təxminən 0,1 ha bələdiyyə torpağı qanunsuz olaraq zəbt edərək özü və oğlanları tərəfindən qanunsuz istifadə edilir. Şəhər sakini X2 ona torpaq satılması ilə bağlı müraciəti ilə əlaqədar onu da bildiririk ki, vətəndaşın ona satılmasını istədiyi torpaq sahəsi vətəndaşın atası İddiaçı qonşunun gediş-gəlişinə maneə törədən qanunsuz olaraq zəbt edərək qoyduğu darvazadan içəridə yerləşən mübahisəli torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsinin boşaldılması barədə hal-hazırda İsmayıllı bələdiyyəsinin müraciəti əsasında məhkəmə işi davam edir. Məhkəmə işi yekunlaşaraq məhkəmə qərarından sonra həmin həyətdə satılması mümkün olan həyətyanı məqsədli bələdiyyə torpağı olduğu halda şəhər sakini X2 ona torpaq satılması ilə bağlı müraciətinə baxıla bilər. Onu da bildiririk ki, qonşu mülkiyyətçi X3 təqdim etdiyi KOD 407190** JN ***9A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə sənədinə, İsmayıllı şəhər ərazisinin kompleks yerquruluşu layihəsindən çıxarış sənədinə və DWJ baza məlumatlarına əsasən sözügedən mübahisəli ərazi ümumi istifadədə olan əhalinin gediş-gəlişi üçün yol kimi nəzərdə tutulmuş torpaq sahəsidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və həmin çıxarışa aid 407-171301-inventar nömrəli texniki pasport; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə olunmuş mütəxəssis rəyi və araşdırılan torpaq sahəsinə dair yerquruluşu planı. Əsaslandırma hissəsi: İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Həmçinin iddia tələbi əsaslıdır. Tətbiq edilən hüquq. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı İsmayıllı şəhəri Heydər Əliyev prospekti ev 46 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ona satılması ilə bağlı cavabdeh tərəfindən müvafiq qərarın qəbul edilməsinə nail olmaqdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İsmayıllı şəhəri Heydər Əliyev prospekti ev 46 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş, iddiaçının istifadəsində olan 0,0758 hektar torpaq sahəsi torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X6 X7 (TEKUİS) əsasən İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid bələdiyyə mülkiyyətində, həyətyanı olan ərazidə yerləşir. Həmin torpaq sahəsi TEKUlS-ə əsasən digər subyektlərə məxsus torpaq sahəsi ilə üstüstə düşmür. Sözügedən torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilmiş tikili (tövlə) mövcuddur. İddia olunan 0,0758 hektar torpaq sahəsinin digər subyektlərin mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş, iddiaçının istifadəsində olan 0,0758 hektar torpaq sahəsi və üzərində olan tikilinin (tövlə) yalnız bir tərəfdən (Kamal Qasımov küçəsi) gediş-gəliş yolu olduğuna görə həmin torpaq sahəsi və üzərində yerləşən tikilidən istifadənin mümkünsüzlüyünə səbəb ola bilər. İddiaçının faktiki naturada istifadəsində 0,286 hektar torpaq sahəsi mövcuddur. Sözügedən 0,286 hektar torpaq sahəsi qapalı həyət daxilindədir (iddia olunan torpaq sahəsi ümumi torpaq sahəsindən şərti sərhədlə ayrılmışdır) və hər tərəfdən metal tor, kol çəpər və daş hasar ilə hasarlanmışdır. İddia olunan 0,0758 hektar torpaq sahəsi, İddiaçı faktiki naturada istifadəsində olan 0,286 hektar torpaq sahəsinin sərhədləri daxilidə yerləşir. Göründüyü kimi faktiki olaraq iddiaçının ona satılmasını tələb etdiyi torpaq sahəsi mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı torpaq sahəsi də, daxil olmaqla bütövlükdə öz istifadəsində olan 0,286 hektar torpaq sahəsinin bir hissəsidir. Həmin torpaq sahəsi üzərində iddiaçının təsərrüfat fəaliyyətini həyata keçirdiyi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək inşa edilmiş fərdi yaşayış evinə aid tikili - tövlə mövcuddur. Həmin torpaq sahəsinin geri qaytarılmasının mümkün olub-olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, torpaq sahəsinin digər subyektlərin mülkiyyətinə verilməsi həmin torpaq sahəsi üzərində yerləşən tikilidən istifadənin mümkünsüzlüyünə səbəb ola bilər. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən nəzərə alınmaqla İsmayıllı şəhəri K.Qasımov küçəsi istiqamətində 0,06 ha torpaq sahəsinin hansı qaydada tamamlanmasına dair yerquruluşu planı əldə edilmiş və iddia olunan torpaq sahəsinin yerinin dəqiqləşdirilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuş iddiaçı tərəfindən quraşdırılmış darvaza iddia olunan torpaq sahəsinin ərazisində yerləşmir. Odur ki, cavabdeh orqan darvazanın quraşdırıldığı torpaq sahəsinin boşaldılması, o cümlədən darvazanın götürülməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında tələbini irəli sürməkdə davam edə bilər. Lakin, qeyd olunan hal heç bir halda iddia olunan torpaq sahəsinin iddiaçıya satılmasının mümkünsüzlüyünə səbəb olmadığından məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh İsmayıllı bələdiyyəsinin üzərinə İsmayıllı şəhəri H.Əliyev prospekti ev 46 ünavnında yerləşən 0,06 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin (********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən İsmayıllı şəhəri K.Qasımov küçəsi istiqamətində tamamlanmaqla) İddiaçı satılması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu vaxtdan 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar