Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1955/2022 17.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, İddiaçı, onun ailə üzvləri X2, X6, X4 mülkiyyətinə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və onların adına bu barədə JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət edərək, JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 0,38 ha torpaq sahəsinə özünün və ailə üzvlərinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********03 nömrəli məktubla imtina edərək bildirmişdir ki, JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd olunan 0,38 ha torpaq sahəsinin sənəd üzrə və faktiki sahələri arasında uyğunsuzluq vardır. Sənəd üzrə 0,38 ha torpaq sahəsinin 0,2909 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin üzərinə, qalan 0,0891 ha hissəsi isə başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin üzərinə düşür. Fiziki sərhədlər daxilində İddiaçı istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,2909 ha təşkil edir. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 2-1(116)-71/2020 saylı qərarı ilə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvləri X1, X6, X4 ümumi mükiyyətinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı həmin qərar əsasında xx.xx.2020-ci il tarixdə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin həmin torpaq sahəsinə torpaq sahəsinin plan-ölçü sənədi verilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********92 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, 0,38 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, sərhəd daxilində torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən 0,0891 ha azdır. Bundan əlavə torpaq sahəsinin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, 0,38 ha kənd təsərrütatı təyinatlı torpaq sahəsinin 175 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçilərin adına qeydiyyata alınmış torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür. Qeyd olunan uyğunsuzluqları nəzərə alaraq Balakən şəhəri, Mirvari Dilbazi küçəsində yerləşən 0,38 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması mümükün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********93 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1955/2022 nömrəli qərardadı ilə X8, X11 və X3 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-71/2020 nömrəli qərarından görünür ki, həmin iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvləri X2, X6, X4 ümumi mükiyyətinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. JN-127 kod 40108018 nömrəli Dövlət aktından görünür ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi cavabdeh imtinasını mübahisəli torpaq sahəsinin faktiki ölçüsü ilə sənəd üzrə ölçüsü arasında fərq olması, həmçinin digər mülkiyyətçilərin adına qeydə alınmış torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır. Lakin torpaq sahəsi iddiaçının və ailə üzvlərinin adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1955/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1955/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver