Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1963/2023 15.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən o, xx.xx.1993-cü il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin avtomobil bölüyündə sürücü vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdə başlayan Vətən müharibəsində şəxsi heyətin altiv döyüş bölgəsinə təhlükəsiz çatmasını və onlara döyüş sursat təminatını iddiaçıya təhkim olunmuş avtomobil texnikası ilə həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdən 44 gün ərzində müharibənin qızğın döyüş getdiyi ərazilərdə hərbi xidmət keçmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 3127 nömrəli məktubundan görünür ki, İddiaçı 27 oktyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək xidmət keçmiş və N nömrəli hərbi hissə döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyinə görə sonuncu avtomobil texnikası təhkim edilməmiş, habelə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə şəxsi heyətin, silah-sursatın daşınmasında fəaliyyət göstərməsi barədə hyeç bir məlumat olmamışdır. Həmçininin inzibati iş materiallarında olan veteran komissiyasının İddiaçı ünvanına göndərdiyi imtina məktubundan görünür ki, N nömrəli hərbi hissə Müdafiə nazirinin N mart 2021-ci il taruixli müvafiq əmrinə əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. Qeyd edilənləri nəzərə alaraq X1 nəzdində fəaliyyət göstərən komissiya tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müsbət qərar qəbul edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;
2. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubu və əlavə olunan sənədlər;
3. SHXÇDX-nin Zaqatala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu və qeydiyyat kartası;
4. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli məktubu;
5. İddiaçıya məxsus SX ******* seriya nömrəli hərbi biletin surəti.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarət olmuşdur.İddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 27 oktyabr 2020-ci il tarixində müvafiq hərbi hissənin sıralarına daxil edilməsinə baxmayaraq birbaşa döyüş əməliyyatlarına cəlb olunmamışdır. İddiaçının xidmət keçdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki,iddiaçı 27.1.2020-ci il tarixindən N nömrəli hərbi hissədə xidmət etmişdir.Müdafiə nazirinin müvafiq əmrinə əsasən həmin hərbi hissə döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyindən iddiaçıya avtomobil texnikası təhkim edilməmişdir.Məktuba əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin və silah-sursatın daşınmasında fəaliyyət göstərməsi barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iclası zamanı iddiaçı izahatında xidmət etdiyi hərbi hissənin Ağcabədi rayonu ərazisində yerləşdiyini,tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyini,zərurət yarandığı halda əsgərlərin oradan müharibəyə cəlb olunduğunu bildirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adının verilməsi əsası göstərilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N sentyabr 2023-cü il tarixli 3-25-4/2-4046/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissədən verilən rəsmi məlumata görə iddiaçı həmin hərbi hissədə xidmət etmiş,lakin birbaşa döyüş əməliyyatlarına cəlb olunmamışdır.İddiaçının xidmət keçdiyi hərbi hissənin dislokasiya yeri N noyabr 2020-ci il tarixindən sonra işğaldan azad olunmuş ərazilərə dəyişdirilmişdir. İşin hallarından müəyyən edilir ki,iddiaçı birbaşa döyüş əməliyyatlarında və həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarının həyata keçirilməsində iştirak etməmiş, həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmamışdır. Bu hal yuxarıda qeyd olunan normaların tələbi baxımından iddiaçıya müharibə veteranı statusunun verilməsini istisna edir.Odur ki,işin hallarına qiymət verən məhkəmə hesab edir ki,iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə