Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1965/2023 16.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X5 zavodunun “Kimyaçı” kollektiv bağçılığı tərəfindən ona verilmiş Mingəçevir şəhəri TRM zavodu ətrafında yerləşən 13 nömrəli bağ sahəsinə dair 592 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X5 zavodunun “Kimyaçı” kollektiv bağçılığı tərəfindən ona verilmiş Mingəçevir şəhəri TRM zavodu ətrafında yerləşən 13 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1965/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, torpaq sahəsinin ölçüsünü 592 kv.metr qeyd etmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Mingəçevir şəhəri, Şüşə Mahlıcı zavodu ətrafında 599,13 kv.metr fərdi bağ sahəsi iddiaçıya məxsusdur. Belə ki, Azərbaycan Respublikası “Mingəçevir şəhər İcra hakimiyyəti nəznində Bağlar təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı” İdarəsinin 05/43 saylı bağ təsərrüfatının texniki pasportu ilə ümumi sahəsi 592 kv.metr olan 13 №-li bağ sahəsi iddiaçıya verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağın yerləşdiyi torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənəd X6 kitabında xx.xx.2009-cu il tarixdə 2093 nömrə ilə uçota alınıb. Həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - iddiaçı Mingəçevir şəhərində yerləşən X5 zavodunun "Kimyaçı" kollektiv bağçılığından verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Ərizə ilə bağlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventariaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Təqdim ədilən sənədlər toplusu (surətləri) qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsinə təhvil verilmiş Mingəçevir “Şüşə Mahlıcı” zavodunun "Kimyaçı'' kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı aşkarlanmamışdır. Ərizəyə əlavə edilən ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 0.059913 ha bağ sahəsinə dair X6 kitabında xx.xx.2009-cu il tarixində 2093 nömrə ilə uçota alınmış A seriyalı 193527 nömrəli torpaq sahəsinin planı və ölçüsü isə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən olan texniki sənəd olduğu üçün, həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatına daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun oiaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəliəsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 193527 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən İddiaçı adına 599,13 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir. - cavabdeh orqanın məhkəməyə təqdim etdiyi Mingəçevir “Şüşə Mahlıcı” zavodunun "Kimyaçı'' kollektiv bağçılığının adlı siyahısından görünür ki, İddiaçı adı siyahıda yoxdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 592 kv.metr torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X2 X4”ndəki xəritəsinə əsasəsən digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə A 193527 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiyası fərqi vardır. - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın 08 sentyabr 2008-ci il tarixli aktından görünür ki, müvafiq aktda - komissiyanın vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış və ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirilmişdir. Buna müvafiq olaraq onların istifadəsində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirərək yekun siyahı hazırlanmış, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış siyahının və yeruquruluşu sənədlərinin təsdiq olunması məqsədəuyğun hesab edilmişdir. - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, müvafiq sərəncamla Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 11.02.08-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunuun 8.0.5-ci maddəsində 06 iyul 2006-cı il tarixədək vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydə alınmasını müəyyən edilmişdir ki, iddiaçıda hər-hansı hüquqmüəyyənedici sənədin mövcud olması müəyyən edilmir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 592 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi 05/43 inventar nömrəli “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tərtib edilmiş A193527 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) : - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. A193527 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində belə akt kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamına istinad edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin ümumiləşdirilmiş tələblərinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələlər “Həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi” kimi adlandırılmaqla, bu müddətdən daha əvvəl fərdi qaydada fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı müxtəlif qurumlara verilmiş tapşırıqlarla əlaqədardır. İddiaçının “Torpaq sahəsinin plan və ölçüsü”nə dair bildirdiyi dəlillə bağlı məhkəmə izah edir ki, yuxarıda istinad edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). Nəzərə alınmalıdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı torpağı olmayan şəxslərə torpaq sahəsinin ayrılması barədə yox, əvvəllər fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqların verilməsi ilə bağlı olmuşdur. Həmçinin 2008-ci ilə münasibətdə yerli icra hakimiyyəti orqanları həyətyanı torpaq sahələrinin ayrılmasında səlahiyyətli olmamışlar və həmin sərəncamda iddiaçıya fərdi qaydada torpaq sahəsinin ayrılması göstərilməmişdir. Odur ki, sözügedən sərəncamın torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsası kimi nəzərdən keçirilməsi mümkün deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu 29 iyun 2001-ci il tarixdə qəbul edildiyindən və iddia olunan torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətində olduğundan Mingəçevir Şəhər İcra Hakimiyyətinin həmin torpaq sahəsini fiziki şəxslərə ayırması səlahiyyəti olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranma əsası kimi qiymətləndirilmədiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X5 zavodunun “Kimyaçı” kollektiv bağçılığı tərəfindən ona verilmiş Mingəçevir şəhəri TRM zavodu ətrafında yerləşən 13 nömrəli bağ sahəsinə dair 592 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.