Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1969/2022 10.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, iddiaçılar İddiaçı2 Məmməd oğlu və İddiaçı1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər: X5, X6, X9, X8) qarşı “Qax rayonu Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 04 nömrəli qərarı X3 mülkiyyətinə 0.09 hektar torpaq sahəsinin verilməsi barədəki qərarının ləğv edilməsi və bu qərar əsasında onun adına işlənmiş JN-36A kod 40308028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 Məmməd oğlu və İddiaçı1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5, X6, X9, X8) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Qax rayonu Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 04 nömrəli qərarı X3 mülkiyyətinə 0.09 hektar torpaq sahəsinin verilməsi barədəki qərarının ləğv edilməsi və bu qərar əsasında onun adına işlənmiş JN-36A kod 40308028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində iddiaçılar qeyd etmişlər ki, Qax rayonunun Ağçay kəndində mərhum anaları X2 adına 0.09 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 1967ci ildə inşa edilmiş ümumi sahəsi 116.7 kv.m, yaşayış sahəsi 77 kv.m olan yaşayış evi vardır. Qızxanım Mollayeva xx.xx.1995-ci ildə vəfat etdikdən sonra kənd icra nümayəndəliyində onun adına olan təsərrüfat bağlanmış və 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında bu barədə müvafiq qeyd aparılmışdır. İddiaçılar mərhumun birinci dərəcələri vərəsələri olaraq Notariat Kontoruna müraciət etdikdə torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət sənədləri tələb edilmişdir. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, mərhum analarına məxsus olmuş torpaq sahəsi qanunsuz yolla Bayram Mollayevin adına işlənmiş, onun adına şəhadətnamə tərtib edilmiş və uzun müddət bu hal onlardan gizlədilmişdir. İddiaçılar bildirirlər ki, analarının vəfatından sonra bağlanmış təsərrüfat qanunsuz olaraq yenidən bərpa edilmiş və sağ qalan vərəsələrin əhatə dairəsi müəyyən olunmamışdır. Bayram Mollayevin adına tərtib edilmiş şəhadətnamə saxta sənədlər əsasında verildiyi üçün etibarsız sayılmalıdır. Bayram Mollayev və ailə üzvlərinə 1.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və sonradan həmin torpaq sahəsi satılmışdır. İddiaçılara xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi Qax rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvini tələb etdiyiniz şəhadətnamənin verilməsinə əsas olmuş Qax Rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 04 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamə mübahisələndirilə bilməz. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçılara vaxt təyin edilmişdir.İddiaçılar tərəfindən xx.xx.2022-ci il tarixdə məktub ünvanlanmış, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbində ləğv edilməsi tələb edilən JN-036A kod 40308028 nömrəli Şəhadətnamə Qax Rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 04 №-li qərarı əsasında verilmişdir. Odur ki, iddianın müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. X4 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X4 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Qax rayonu, Ağçay kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinə X3 adına 3 nəfər ailə üzvü ilə birlikdə kod 40303028, JN-036A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilməsi barədə məlumat mövcuddur. Lakin, şəhadətnamənin verilməsinə əsas olan sənədlər barədə ərazi idarəsinin arxiv materiallarında məlumat mövcud deyil. Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 04 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında verilmiş JN-036A KOD 40308028 nömrəli şəhadətnamənin mübahisələndirilməsi də mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 Məmməd oğlu və İddiaçı1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər: X5, X6, X9, X8) qarşı “Qax rayonu Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 04 nömrəli X3 mülkiyyətinə 0.09 hektar torpaq sahəsinin verilməsi barədəki qərarının ləğv edilməsi və bu qərar əsasında onun adına işlənmiş JN-36A kod 40308028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1969/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1969/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver