Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1969/2023 01.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “14 iyul 2006-cı il tarixdə Yevlax rayonu X1 10 nömrəli qərarına əsasən sahibkarlıq məqsədi üçün alqı-satqı yolu ilə aldığı Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən və Yevlax Balakən avtomobil yolundan sol tərəfdə olan 120 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən üzərində daşınmaz əmlakın dövlət kadastr və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “14 iyul 2006-cı il tarixdə Yevlax rayonu X1 10 nömrəli qərarına əsasən sahibkarlıq məqsədi üçün alqı-satqı yolu ilə aldığı Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən və Yevlax Balakən avtomobil yolundan sol tərəfdə olan 120 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən üzərində daşınmaz əmlakın dövlət kadastr və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1969/2023 nömrəli qərardadı ilə Yevlax rayon X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o xx.xx.2006-cı il tarixdə Yevlax rayon X1 10 nömrəli qərarına əsasən Yevlax rayon A.ağı Bucaq kəndində yerləşən, Yevlax Balakən avtomobil yolundan sol tərəfdə olan 120 kv.m torpaq sahəsini sahibkarlıq məqsədi üçün Yevlax rayon X4ndən alqı-satqı yolu ilə almışdır. Həmin alqı-satqı sənədlərdə öz təsdiqini tapır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək sözügedən torpaq sahəsinin mülkiyyətə verilməsini istəmişdir. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün Ərazi idarəsinin arxiv materialları və elektron baza xəritə məlumatlarına istinadən təqdim olunan sənədlər toplusu qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının ərizəsinə əlavə etdiyi ləğv olunmuş DTXK-nın Yevlax rayon Şöbəsi tərəfindən verilmiş **********2000138 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən torpaq sahəsinə dair məlumatlar elektron baza xəritəsində öz əksini tapmışdır. Həmçinin arxiv materiallarında kadastr planının 2-ci nüsxəsi mövcud deyil. Torpaq sahəsinin iddiaçıya satılması barıdə Yevlax rayon X1 14.07.006-cı il tarixli, 10 nömrəli qərarının olması barədə məlumat X5 fililaında mühafizə olunan arxiv mateiallarında aşkarlanmamışdır. İnventarlaşdırma işləri aparılan zaman müayinə olunan torpaq sahəsi ictimai tikili altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsi TEKUİS-də kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. Odur ki, yuxarıda qeyd edilən səbəblərdən ərizəinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Yevlax rayon X1 xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı. - xx.xx.2006-cı il tarixli, **********2000138 nömrəli torpaq sahəsinin kadastr planından görünür ki, iddiaçıya Yevlax rayon X1 xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarına əsasən 120 kv.m torpaq sahəsi verilmişdir. - DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 17-9/54 nömrəli rəyindən görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir. - Yevlax ŞİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli 127 nömrəli məktubundan görünür ki, Şöbə 120 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılmasına etiraz etməmişdir. - xx.xx.2006-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Yevlax rayon X1 mülkiyyətinə 185 AZN ödəniş edilmişdir. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Yevlax rayon Aşağı Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı iclas qərarı ilə İddiaçı Yevlax rayon X4 ərazisindən 120 kv.m torpaq sahəsi ayrılmış, iddiaçı 185 manat bələdiyyənin hesabına ödəmişdir - Yevlax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yevlax rayon Aşağı Bələdiyyəsinin sənəd materialları qorunmaq üçün arxivə təhvil veilmədiyindən, Yevlax rayon Aşağı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə iddiaçıya torpaq sahəsinin verilməsini müəyyən etmək mümkün olmadı. - 12 saylı Ərazi Ekologiya və X3 xx.xx.2012-ci il tarixli 375 nömrəli məktubu. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3307/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki,İddiaçı Yevlax rayonu X1 xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə alınmış 120.0 kv.m torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu X1 TEKUİS-ə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 120 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına az yararlı), uqodiyası şərti yararsız torpaqlar, mülkiyyətçisi Yevlax rayon X2. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. İddiaçıya ayrılmış torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı vı ölçüsü” sənədi elektron məlumat bazasında mövcud olmadığından faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı.İddiaçının faktiki istifadədə olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Yevlax rayon X1 xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı şəxsi mülkiyyətinə ayrılan 120 kv.metr torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2006-ci il tarixli ödəniş qəbzinə əsasən Yevlax rayon X1 hesabına ödənilmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilməsi və qərarın arixivə təqdim olunmaması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin məcəllənin 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Təqdim edilmiş mütəxəssis rəyindən göründüyü kimi iddia olunan 120 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına az yararlı), uqodiyası şərti yararsız torpaqlar, mülkiyyətçisi Yevlax rayon X2. İddia olunan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olduğu üçün xüsusi mülkiyyətə verilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 17-9/54 nömrəli rəyinə əsasən Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin olunmalı,iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayonu X1 14 iyul 2006-cı il tarixli 10 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən 120 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə