Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-197/2022 17.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon X1 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, plan-ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayon X1 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, plan-ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon X1 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya həyətyanı məqsədilə 0,09 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin alqısatqı aktı da hazırlanmışdır. Torpaq sahəsinin sxemi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təsdiq olunmuşdur. İddiaçı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********97 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda Qax Rayon İcra Hakimiyyətinin rəyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin torpaq sahəsinin ayrılması barədə rəyinin olmadığı məlum olmuş, həmçinin torpaq sahəsinin təqdim olunan sxem üzrə ölçüləri faktiki ölçülərinin fərqli olduğu müəyyən edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********64 etiraz məktubunda imtina məktubunda qeyd olunanları əsas gətirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddia ərizəsinə əlavə olunmuş X1 xx.xx.2007-ci il tarixli 05 nömrəli protokoldan çıxarış qərarından görünür ki, həmin qərarla 0,09 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, X1 xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarına əsasən iddiaçı 360 manat vəsaiti bələdiyyənin bank hesabına ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunur ki, torpaq sahəsi sənəd üzrə 0,09 ha, faktiki 0,0728 ha-dır. Situasiya planı bələdiyyənin təqdim etdiyi sxematik plandan fərqlidir. Qax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 80 nömrəli məktubunda qeyd olunur ki, Qaxingiloy bələdiyyəsinin 2007-ci ilin iclas protokolları (o cümlədən xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolu) Qax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qax rayon Qaxbaş bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 2/112 nömrəli məktubunda qeyd olunur ki, Qaxingiloy bələdiyyəsi 2015-ci ildə ləğv olunmuşdur. Ləğv olunmuş Qaxingiloy bələdiyyəsinin müəyyən hissəsi Qax bələdiyyəsinə, müəyyən hissəsi isə Qaxbaş bələdiyyəsinə birləşdirilərək yeni Qaxbaş bələdiyyəsi yaradılmışdır. Yeni yaradılmış Qaxbaş bələdiyyəsində həmin vətəndaşla əlaqədar heç bir sənəd mövcud deyil. Sözügedən ərazi hal-hazırda Qax şəhər bələdiyyəsinə aiddir. Qax rayonu Qaxbaş bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2/25 nömrəli məktubunda qeyd olunur ki, sözügedən torpaq sahəsi keçmiş ləğv olunmuş Qaxingiloy bələdiyyəsinin fəaliyyəti zamanında ayrılmışdır. Qax rayonu Qaxbaş bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2/49 nömrəli məktubunda qeyd olunur ki, Qaxingiloy bələdiyyəsi 2015-ci il yanvar ayından ləğv olunaraq fəaliyyət göstərmir. Qaxingiloy bələdiyyəsinin bir hissəsi həmin tarixdən Qax şəhər bələdiyyəsinə, bir hissəsi isə Qaxbaş bələdiyyəsinə birləşdirilərək yeni Qaxbaş bələdiyyəsi yaradılmışdır. İddiaçının işi ilə əlaqədar olan ərazi, yəni, həmin torpaq sahəsi Qax şəhər bələdiyyəsinin ərazisidir. Qax rayon Qax bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 305 nömrəli məktubunda qeyd olunur ki, həmin ərazi əvvəllər Qaxingiloy bələdiyyəsinə məxsus olub. Azərbaycan Respbulikası Prezidentinin xx.xx.2010-cu il tarixli “Qax şəhərinin İnzibati Ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi” haqqında Sərəncamına əsasən həmin ərazi Qax şəhərinin inzibati ərazisinə daxil edildiyi zaman Qax bələdiyyəsinə heç bir sənəd təhvil verilməmişdir. Qaxingiloy bələdiyyəsi ləğv edilərək Qaxbaş bələdiyyəsinə birləşdirilmişdir. Qeyd edilən sənədlər Qaxbaş bələdiyyəsində və ya Dövlət arxivində ola bilər. Qax rayonu Qaxbaş bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2/56 nömrəli məktubunda qeyd olunur ki, keçmiş ləğv olunmuş Qaxingiloy bələdiyyəsi tərəfindən təhvil-təslim zamanı Qaxbaş bələdiyyəsinə sözügedən protokol təhvil verilməmişdir. Hal-hazırda Qaxbaş bələdiyyəsində sözügedən protokol mövcud deyil. Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 47 nömrəli məktubunda qeyd olunur ki, Qaxingiloy bələdiyyəsinin 2007-ci ilin iclas protokolları (o cümlədən xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolu) Qax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən sorğunu icra etmək mümkün deyil. Qax rayonu Qaxbaş bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 2/63 nömrəli məktubunda qeyd olunur ki, sözügedən Qaxingiloy bələdiyyəsinin 2010-cu ildə bir hissəsi Qax şəhər bələdiyyəsinə birlişdirilmişdir. Qaxingiloy bələdiyyəsi 2015-ci ildə ləğv olunub Qaxbaş bələdiyyəsinə birləşdirilərək yeni Qaxbaş bələdiyyəsi yaradılmışdır. İddiaçının işi ilə əlaqədar olan torpaq sahəsi Qax şəhər bələdiyyəsinin ərazisidir. Beləliklə, iş materiallarında olan və yuxarıda sadalanan məktublardan göründüyü kimi Qaxingiloy bələdiyyəsi 2015-ci ildə ləğv olunduğu üçün hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının ona torpaq sahəsinin ayrılmasına əsas olduğunu iddia etdiyi Qax rayonu X1 xx.xx.2007-ci il tarixli 05 nömrəli iclasının protokolu, həmin iclasda iddiaçıya münasibətdə qəbul edilmiş qərarın arxiv nüsxəsi, digər hüquqi və texniki sənədlər aşkar edilməmişdir. Həmçinin iddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısına görə ödənişin həyata keçirilməsini təsdiq edən qəbz və ya onun arxiv nüsxəsi aşkar olunmamışdır. İddiaçının özünün təqdim etdiyi “protokoldan çıxarış” qərarın L.Rostaşvili adlı şəxs tərəfindən “əsli ilə düzdür” qeydi ilə təsdiq edilmiş surət olduğu müəyyən edilmişdir. Belə oan halda bələdiyyənin istinad olunan qərarının qəbul edildiyi iclasın protokolu və belə bir qərarın qəbul edilməsini təsdiq edən sübutlar aşkar edilmədiyindən mübahisəli torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası və s. barədə məlumatların əldə edilməsinə zərurət qalmamışdır. Məhkəmə işin göstərilən hallarını maddi hüquq normalarının tətbiqi baxımından təhlil edərək hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 86-cı maddəsinə əsasən, 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri;özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları; bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olan mətninə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir; 25-ci bəndinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin məhkəmə tərəfindən iddiaçının iddia etdiyi qərarın qəbul olunmasını təsdiq edən sübutlar aşkar edilməmiş, bələdiyyənin müvafiq iclasının keçirilməsini təsdiq edən sənədlər, iclas protokolu müəyyən olunmamış, həmçinin iddiaçı tərəfindən alqısatqının baş tutmasını və ödənişin həyata keçirilməsini təsdiq edən qəbzin əsli məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması nəticəsində də belə bir ödənişin aparılmasına dair heç bir sübut müəyyən olunmamışdır. Eyni zamanda, iş üzrə bələdiyyə torpaqlarının ayrılması ilə bağlı prosedur qaydalarına əməl edilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon X1 xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, plan-ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-197/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-197/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver