Məhkəmə qərarları › İş №2-1(116)-1970/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1970/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1970/2023 18.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı Cavabdeh qarşı “Zərdab rayonu Çallı kənd sakinlərinin şəxsi təsərrüfatlarında mal-qaranın sayının çoxluğunu, heyvanların otarılması üçün kənd ərazisində olan örüş sahələrinin çatışmazlığını nəzərə alaraq Zərdab rayonu Çallı bələdiyyəsinə məxsus 10 ha örüş sahəsinin Cavabdeh istifadəsində olması ilə bağlı verilmiş çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu Çallı kənd sakinlərinin şəxsi təsərrüfatlarında mal-qaranın sayının çoxluğunu, heyvanların otarılması üçün kənd ərazisində olan örüş sahələrinin çatışmazlığını nəzərə alaraq Zərdab rayonu Çallı bələdiyyəsinə məxsus 10 ha örüş sahəsinin Cavabdeh istifadəsində olması ilə bağlı verilmiş çıxarışın ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsində adını cavabdeh kimi qeyd etdiyi Cavabdeh hazırkı iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Belə ki, inzibati işlər üzrə cavabdeh qismində fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq inzibati orqanlar çıxış edə bilər. Qeyd olunanlara əlavə olaraq bildirilmişdir ki, iddia tələbinə əsasən hüquqi marağının Cavabdeh verilmiş dövlət reyestrindən çıxarışın ləğvinə nail olmaqdan ibarət olması müəyyən edilir. Bununla bağlı iddiaçının nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Bu səbəblə iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi qeyd olunmalı, həmin inzibati orqana ərizə ilə analoji tələblə müraciət edilməli, müraciət cavabsız saxlanıldığı halda müraciətin göndərilməsi barədə müvafiq poçt qəbzini, müraciətin təmin olunmasından imtina olunduğu halda isə cavabdehin imtina məktubunun əslini məhkəməyə təqdim etməlidir. Məhkəmə zəruri qaydada tələb etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin imtina məktubu hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixdən əvvələ aid olmalıdır. Məhkəmə iddiaçının həmçinin nəzərinə çatdırmışdır ki, ləğvi tələb olunan Cavabdeh adına 10 ha torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış Ağcabədi rayon DNK-nın icarə müqaviləsi və Ağcabədi regional “ASAN xidmət” mərkəzi DNK-nın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında verilmişdir. İddiaçı çıxarışın ləğvi ilə bağlı arzuladığı məqsədə müvafiq iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb irəli sürərək nail ola bilər. Yardım məktubunda qeyd olunan çatışmazlıqların aradan qaldırılması və yuxarıda göstərilən məsələlərə münasibət bildirməsi iddiaçıya təklif olunmuş, məktub Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə iddiaçının şəxsi kabinetinə yerləşdirilmişdir. Lakin bu günədək məktubda göstərilən çatışmazlıqlar aradan qaldırılmamış, ümumiyyətlə məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. Məhkəməyə təqdim edilən ərizədə adı cavabdeh kimi qeyd edilən Cavabdeh iş üzrə cavabdeh qismində çıxış edə bilməz. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən həmçinin müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, ləğvi tələb olunan Cavabdeh adına 10 ha torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış Ağcabədi rayon DNK-nın icarə müqaviləsi və Ağcabədi regional “ASAN xidmət” mərkəzi DNK-nın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında verilmişdir. İddiaçı çıxarışın ləğvi ilə bağlı arzuladığı məqsədə müvafiq iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb irəli sürərək nail ola bilər. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin, mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən müvafiq hüquqi yardım məktubu iddiaçıya ünvanlanmaqla hər iki məsələ üzrə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “Zərdab rayonu Çallı kənd sakinlərinin şəxsi təsərrüfatlarında mal-qaranın sayının çoxluğunu, heyvanların otarılması üçün kənd ərazisində olan örüş sahələrinin çatışmazlığını nəzərə alaraq Zərdab rayonu Çallı bələdiyyəsinə məxsus 10 ha örüş sahəsinin Cavabdeh istifadəsində olması ilə bağlı verilmiş çıxarışın ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar