Məhkəmə qərarları › İş №2-1(116)-1972/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1972/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1972/2024 17.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı Əsədulla oğlunun iştirakı ilə, İddiaçı Əsədulla oğlunun Azərbaycan Respublikası Müdafiə Naziliyi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərb xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əsədulla oğlu Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 yarımbəndinə əsasən “c” yarımbəndinə əsasən xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-616/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-522/2023 nömrəli qərardadı ilə İddiaçı Əsədulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-616/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-243/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-522/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 2007-ci ilin avqust ayında H.Əliyev adına AAHM-nə kursant kimi qəbul olunmuşdur. xx.xx.2010-cu il tarixdə N saylı hərbi hissədə təcrübə keçən zaman gecə saat 01:10 radələrində növbətçi əsgərdən içməli su gətirməsini xahiş etmişdir. Növbətçi əsgər su çəninə tökülmüş akumulyator mayesini səhvən su bilərək ona vermiş, o həmin sudan 1 qurtum içən zaman qida borusunun kimyəvi yanığı xəsarəti almışdır. Həmin tarixdən xx.xx.2011-ci il tarixədək qısa fasilələrlə SQ BKH-da müalicə almışdır. xx.xx.2011-ci il tarixli, 961 saylı “Xəstəlik haqqında şəhadətnamə"yə əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmışdır. Lakin həmin vaxt hərbi hissə komandiri tərəfindən travma haqqında arayış verilmədiyinə görə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK-sı tərəfindən “Travmadir, hərbi xidməti dövründə alınmışdır” kimi təyin edilmişdir. O, bununla bağlı 2022-ci ilin iyun ayında N saylı hərbi hissənin komandirinə müraciət edərək, xidmət vəzifələrini yerinə yetirərkən xəsarət aldığını və buna uyğun olaraq ona “Travma haqqında arayış" verilməsini xahiş etmişdir. Bundan sonra ona N saylı hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixli travma haqqında arayış vermişlər və o, həmin arayışı digər sənədlərlə birlikdə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin yenidən təyin edilməsi məqsədilə MN MHHK-na təqdim etmişdir. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası “Xəstəlik haqqında şəhadətnamədə qeyd olunan xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsindən imtina edərək, ona xx.xx.2022-ci il tarixli, 1713 nömrəli imtina məktubu göndərmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Bakı şəhər Xətai RHK tərəfindən 2007-ci ildən hərbi xidmətə çağrılmış, vətəndaş İddiaçı xx.xx.2011 -ci ildə SQ Baş Klinik Hospitalın cərrahiyyə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Qida borusunun kimyəvi yanıqdan (xx.xx.2010) sonrakı total strikturası, funksiyanın mühüm dərəcədə pozulması ilə” diaqnozuna əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59 “a” maddəsinin İİİ qrafasına əsasən “Hərbi uçotdan çixarilmaqla hərbi xidmətə yararsızdır” sayılmış və ya xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir Travmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin arayışı komissiyaya təqdim edilmədiyindən İddiaçı aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İddiaçı iddia ərizəsində aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-cı maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbı-həkim ekspertizası haqqında Əsasnaməvnin 7.1. maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.1.-7.3 maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. İddiaçı xəsarət aldıqdan 11 il sonra komissiyaya təqdim etdiyi N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3143 nömrəli travma haqqında arayış Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə zidd olduğundan (“Travma haqqında arayış”zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir) "Xəstəlik haqqında şəhadətnamədə” travmanın səbəb əlaqəsinin dəyişdirilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddianın rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli 1713 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.2011-ci il tarixli 961 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya “qida borusunun kimyəvi yanıqdan (xx.xx.2010) sonrakı total strikturası, funksiyanın mühüm dərəcədə pozulması ilə” diaqnozu qoyulmuş, “Travmadır, hərbi xidmət dövründə alınmışdır”, “hərbi uçotdan çixarilmaqla hərbi xidmətə yararsızdır” qeydləri icra edilmişdir. - xx.xx.2022-ci il tarixli 3143 nömrəli travma haqqında arayışdan görünür ki, iddiaçı “Qida borusunun kimyəvi yanığı” diaqnozu ilə xəsarət almış, xəsarətin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması qeyd edilmişdir Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Tətbiq edilən hüquq. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» İ. Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. (-) Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi: 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. (-) 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: ... c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. (-) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.1-ci bəndinə uyğun olaraq Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; ... 2.4. "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.4.1. 2.2-ci bənddə göstərilənlər istisna olmaqla, xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa; 2.4.2. şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ-İİ qrup patogenikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; 2.4.3. şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; 2.4.4. tibbi heyətdən olan şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; 2.4.5. şəxs xəsarəti, xəstəliyi hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; 2.4.6. şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. 2.8. Bu Təlimatın 2.2-ci və 2.4-cü bəndlərində göstərilmiş əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi Hərbi-Həkim Komissiyasının (bundan sonra –HHK) qərarında müvafiq olaraq ... "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" rəylərindən biri şəklində verildikdə müəyyən edilir.https://eqanun.az/framework/37558 2.9. Bu Təlimatın 2.5-ci, 2.6-cı və 2.7-ci bəndlərində göstərilən əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-243/2024 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı hərbi xidmət zamanı aldığı xəsarətin və onun alınma şəraitinə uyğun səbəbli əlaqənin müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş səbəbli əlaqənin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Hərbi xidmət zamanı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddianın növünün müəyyən olunması səbəbli əlaqənin dəyişdirilməsi ilə bağlı qərarın iddiaçının sosial təminatına münasibətdə doğurduğu nəticənin təbiətinə (hüquqi və ya faktiki) bağlıdır. Cavabdeh inzibati orqanın qərarı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin səbəb əlaqəsi faktını müəyyən edir, şəxsə münasibətdə birbaşa hüquqi nəticə doğurmur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd mahiyyət və məzmun baxımından dəqiq müəyyən olunmalı, onun hüquqi marağına və çatmaq istədiyi məqsədə cavab verən münasib iddia növündən istifadə olunmasında məhkəmə tərəfindən yardım etmə vəzifəsi çərçivəsində iddiaçıya müvafiq yardım göstərilməli və bunun üzərindən işin halları qiymətləndirilməlidir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsinə nail olmaqdır. Sözügedən dəyişikliyə nail olunacağı halda hərbi-həkim komissiyasının qərarında müəyyən edilmiş səbəb-əlaqəsi iddiaçıya əlilliyin təyin ediləcəyi halda nəzərə alınacaq, bu da ona ödəniləcək ödənişlərin məbləğinə birbaşa təsir göstərəcəkdir. Yəni, iddiaçıya aldığı xəsarətə uyğun əlillik təyin ediləcəyi halda əlilliyin səbəb-əlaqəsi birbaşa olaraq Hərbi- Həkim Komissiyasının (bundan sonra –HHK) qərarına müvafiq olaraq müəyyən ediləcəkdir. Göründüyü kimi səbəb-əlaqənin müəyyən edilməsi birbaşa hüquqi nəticə doğurmasa da, iddiaçının çatmaq istədiyi son məqsəd baxımından iddiaçının müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ vardır. Digər tərəfdən səbəb-əlaqənin düzgün müəyyən edilməsi cavabdeh orqanın vəifəsidir və cavabdeh orqan təqdim edilmiş sənədlərin məzmununa uyğun davranmağa borcludur. Cavabdeh orqanın iddia tələbinə etirazının dəlili “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələbinə əsasən “Travma haqqında arayış”-ın zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməli olması ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın dəlilini əsassız hesab edir. «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. https://e-qanun.az/framework/14623 Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. https://e-qanun.az/framework/14623 ... Göründüyü kimi “Travma haqqında” arayış olmadan da, hərbi xidmətkeçmə dövründə xəsarət almış vətəndaşların xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında, şəhadətləndirilməsinin mümkünüyü qeyd edilmiş, bu zaman nəzərə alınmalı olan halların dairəsi müəyyən edilmişdir. Cavabdeh orqan “Travma haqqında” arayış təqdim edildiyi halda həmin arayış əsasında, olmadıqda isə “Əsasnamənin” 7.4-cü bəndində göstərilən qaydada icraat aparmaqla xəsarətin səbəb əlaqəsi haqqında qərar qəbul etməlidir. Yuxarıda qeyd edildiyi kimi “Əsasnamənin” 7.3-cü bəndində birmənalı olaraq göstərilmişdir ki, cavabdehdən xəsarətin səbəb əlaqəsi haqqında qərarı səlahiyyətli orqan tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq qəbul etməlidir. Cavabdeh orqanın həmin arayışın məzmununu təftiş etmək, düzgün verilib-verilməməsini, o cümlədən hansı müddətdə verilməsini yoxlamaq səlahiyyəti yoxdur. Həmin arayışın verilməsi iddiaçının hərbi xidmət keçdiyi hərbi hissənin məsuliyyət sferasına aiddir və cavabdeh orqan sözügedən arayışın məzmununa bağlı olmaqla ona uyğun davranmağa borcludur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya qoyulmuş diaqnozdakı xəsarət hərbi xidmət vəzifələrini yerinə yetirərəkən alındığından və bu hal N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 3143 saylı “travma haqqında” arayışı ilə təsdiq edildiyindən cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Naziliyi Hərbi Komissiyasının üzərinə xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar