Məhkəmə qərarları › İş №2-1(116)-1973/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1973/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1973/2024 04.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2024-cü il tarixdən 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” OFP-nin 1-ci dərəcə məhdudlaşdırılması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı, yenidən iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2024-cü il tarixdən 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” OFP-nin 1-ci dərəcə məhdudlaşdırılması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx xxxxxx 1988-cı ildə Şəki rayonu Babaratma kəndində anadan olmuşdur. 2006-cı ilin yanvar ayında hərbi xidmətə yollanmış və 2007-ci ilin iyul ayında hərbi xidmətdən təxrıs olunmuşdur. 2016-cı ilin oktyabr ayından maxe olaraq yenidən ordu sıralarına qayıtmış, daha sonra 2020-ci ilin sentyabr ayının 27si başlayan 44 günlük Vətən Müharibəsibdə xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərə qoşulmuşdur. Cəbhənin Füzuli istiqamətindən döyüş əməliyyatlarına başlamış xidmət etdiyi hərbi hissə ilə birlikdə Xocavənd şəhərinə qədər döyüşə-döyüşə getmişdir. Döyüşlərin gedişində birinci dəfə 14 oktyabr 2023-cü ildə Fuzuli istiqamətində gedən döyüşlərdə yanına minamyot düşməsi nəticəsində travma almışdır. Döyüş yoldaşları tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra Füzuli RMX-na gətirirmiş daha sonra isə Ağcabədi RMX-na köçürülmüşdür. 5 gün xəstəxanada müalicə aldıqdan sonra yenidən könüllü olaraq döyüş bölgəsinə qayıtmış və döyüşə davam etmişdir. Müharibə Azərbaycan Ordusunun mütləq qələbəsi ilə başa çatdıqdan sonra "Füzulinin azad olunmasına görə”, “ Xocavəndin azad olunmasına görə", “Cəsur döyüşçü” və “Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. 44 günlük "Vətən Müharibəsi” bitdikdən sonra o, xidmətinə davam etmişdir. Müharibədən sonra səhhətində ciddi problemlər yaranmış, bu səbəbli 2021- ci ilin iyul ayında Silahlı Qüvvələrin Baş X2 Bölməsində müayinə və müalicə olunduqdan sonra 29 iyul 2021-cı ildə kafi vəziyyətdə stasionardan çıxarılmışdır. Xəstəxanadan hərbi hissəyə qayıtmış, N sentyabr 2021-ci ildən yenidən müalicə olunmaq üçün Müdafiə Nazirliyin Baş Klinik Hospitalına göndərilmiş və 09 oktyabr 2021-ci ilə kimi, xəstəxanada müayinə və müalicə olunmuşdur. 09 dekabr 2021-ci ildə təkrarən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müalicə olunmaq üçün göndərilmiş, 15 yanvar 2022-ci kimi xəstəxanada müayinə və müalicə olunmuşdur. Hərbi hospitalda müayinə və müalicə olunduqdan sonra isə yenidən hərbi hissəyə qayıtdıqdan sonra isə artıq vəziyyəti düzəlmədiyindən 2022-ci ilin mart ayında ordu sıralarından təxris edilmişdir. Ordu sıralarından təxris edildikdən sonra isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixatriya Xəstəxanası”nda ambulator müayinədə olunmuşdur. Bundan sonra ona əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin diaqnozun öz təsdiqini tapmaması əsas gətirilərək imtina cavabı verilmişdir. Həmin imtina cavabı ilə razılaşmadığına görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış; Diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu davamlı dekompensasiyalarla depressiv daxilolmalarla və intihar fikirləri ilə Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı”; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması; Səbəb: “Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” Bildirilir ki, Şəki rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:2LNV3VM) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 972 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli davamlı şəxsiyyət pozuntuları. Baş-beyin zədələnməsi nəticəsində yaranan davranış pozuntusu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin davamlı, vegetativ damar davamsızlıqı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopativa ilə nəticəsi. Partlayış travması (xx.xx.2020), sol bazu, saq baldır nahiyəsinin kor qəlpə, saq qamış sümüyünün distal epifizin qopmuş sırığıına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən, yad cismin (metal qəlpə) xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları, bitişmiş sınığı. Alnın sağ yarısının yumsaq toxumaların yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mikrositoz, funksiyanın pozulmaması ilə. Hər iki gözün sadə miopik astiqmatizmi 1.0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Açıq dişləm, ikincili hissəvi adentrva, dişlərarası məsafə 10 (on) mm. Çeynəmə səmərəliyi N.İ. Agapova görə 36%” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PBŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 6440/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi. MMSE-24” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11197781 nömrəli xəstəlik tarixindən Çıxarışrıda diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu’’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1590 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 10526/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi. MMSE-24” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından, qıcolmadan şikayətlənmişdir. Ünsiyyətə daxiİ olarkən bir çox şikayət söyləmiş, emosional labil olmuş, mühakimə qabiliyyəti və tənqidi qorunmuşdur. Əsəbləşəndə özündə olmadığını, ətrafa xəsarət yetirdiyini bildirmişdir. Qollarında səthi cızıqlar izlənilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, aktiv diqqətin enməsi ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları olunmamışdır. Nəticədə Azəroaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı itə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - N saylı hərbi hissə tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 406 nömrəli “Travma haqqında” arayış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 972№-li xəstəlik haqqında şəhadətnamə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi sağlamlıq mərkəzi” PHŞ-nin xx.xx.2022ci il tarixli, 10867 №-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 1590 saylı rəyi, səhiyyə müəssisəsi tərəfindən cavabdehə göndərilmiş tibbi göndəriş, cavabdehin xx.xx.2024-cü il tarixli imtina qərarı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 4474 №-li məktubuna əlavə edilmiş Ambulator Məhkəmə Psxiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2639 nömrəli rəyi, Şəki Rayon Psxiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 729 nömrəli məktubu; TSEKin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticələri. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Həmin qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən imtina qərarının “çap tarixi” xx.xx.2024-cü il qeyd edildiyindən və hazırkı iddia tələbi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edildiyindən məhkəmə hesab edir ki, iddia tələbinin irəli sürülməsi üçün müddətlə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünün müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 2-1(116)-1973/2024 saylı qərardadla məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ekspertlərinə həvalə edilmişdir. Sonuncunun xx.xx.2024-cü il tarixli, 4474 №-li məktubuna əlavə edilmiş Ambulator Məhkəmə Psxiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2639 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı qoyulmuş “üzvi mənşəli şəxsiyyət pozuntusu kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu davamlı dekompensasiyalarla depressiv daxilolmalarla və intihar fikirləri ilə Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu davamlı dekompensasiyalarla, F06.7Yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozuntu koqnitiv funksiyaların enməsi ilə, T90.5Kəllədaxili travmaların nəticələri, kəllə daxili travmaların nəticələri, partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı" diaqnozları düzgün təyin edilmişdir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə əsas diaqnoz olaraq üzvi mənşəli şəxsiyyət pozuntusu qeyd edilmişdir. Sözügedən diaqnoz F07.0 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular) nəzərdə tutulmuşdur. Həmin bəndə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.6.2.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 % (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 7.6.2.2-ci bəndə isə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozda göstərilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşməsi ilə bağlı müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsinə (Şəki rayon Psixiatriya Xəstəxanası) sorğu verilmişdir. Sözügedən səhiyyə müəssisəsi iddiaçının xx.xx.2022-ci ildən xəstəxananın müşahidəsində olmasını və qoyulmuş diaqnozların istinad olunan “Meyarlara” Əlavənin 2.7.7 hissə, 7.6.2-ci bəndi, 2.6.6-cı hissə 6.1-ci bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşdüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndi əsasında qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan tibbi göndərişin məzmunundan görünür ki, iddiaçının sağlamlıq vəziyyəti məhz Əlavənin 7.6.2.1-ci bəndində sadalanan hallara uyğundur. Qeyd edilən halların 2 ildən az olmayaraq baş verməsi və intihar fikirləri ilə müşaiət olunması onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halı müəyyən edilməlidir. Əlilliyin səbəb əlaqəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 972№-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli davamlı şəxsiyyət pozuntuları. Baş beyin zədələnməsi nəticəsində yaranan davranış pozuntusu. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, bəş-beyin silkələnməsinin davamı veqetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi Partlayış travması (xx.xx.2020), sol bazu, sağ baldır nahiyəsinin kor qəlpə, sağ qamış sümüyünün distai epfizin qopmuş sınığına görə aparılmış yaraların birincili-cərrahı işlənməsindən, yad cisimin (metal qəlpə) xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları, bitişmiş sınığı, Alının sağ yarısının yumşaq toxumaların yad cismi (metal qəlpə)” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin təqdim etdiyi ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozların partlayış travması(xx.xx.2020) nəticəsində yaranmasının inkar edilmədiyi qeyd edilmişdir. Bu isə iddiaçıda hal-hazırda müəyyən edilən diaqnozla Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 972№-li xəstəlik haqqında şəhadətnamədə müəyyən edilmiş diaqnoz arasında səbəbli-əlaqənin mövcudluğunu sübut edir. Eyni zamanda iddiaçıya qoyulmuş diaqnozun partlayış travması əsasında yaranması işdə olan N saylı hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışla da, sübuta yetirilir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslı dəlillər mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” OFP-nin 1-ci dərəcə məhdudlaşdırılması halının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar