Məhkəmə qərarları › İş №2-1(116)-1973/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1973/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1973/2025 03.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Günel Soltan qızının sədrliyi, Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Azərbaycan Ordusunun istefada olan zabitidir. 2001-2022-ci illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2022-ci ildə Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə"nin 157-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. 44 günlük Vətən Müharibəsinin iştiakçısı və veteranıdır. xx.xx.2020-ci il tarixində Qubadlı rayonu ərazisində aparılmış döyüş əməliyyatları zamanı düşmən tərəfindən atılmış mərmi partlayışı nəticəsində yaralanaraq travma almışdır. Döyüş əməliyyatları zamanı aldığı travma nəticəsində Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 7784 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medlalları ilə, həmçinin Baş Nazirin qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif edilmişdir. Bundan əlavə, xidmət keçdiyi dövrdə cənab Prezidentin adından verilməklə Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalın 3-cü və 2-ci dərəcələri ilə, həmçinin bir neçə yubiley medalı ilə də təltif edilmişdir. Azərbaycan Ordusunda ümumilikdə 20 il, 05 ay, 25 gün müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə və ehtiyata buraxıldıqdan sonra dövlət tərəfindən mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamışdır. Öz mənzili yoxdur, hazırda 4 nəfərlik ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Mövcud qanunvericiliyə əsasən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün cavabdeh orqana rəsmi müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Müdafiə Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “onun xx.xx.2001-ci il tarixdən 28.01 2022-ci il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçməyiniz müəyyən olunmuş və Azərbaycan Ordusu sıralarında xidmət müddətinin təqvim ili ilə 20 il, 05 ay, 25 gün təşkil edir. Həmçinin, onun Qazax Hərbi Məhkəməsinin 22 yanvar 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat məbləğində cərimə cəzasına məhkum olunması və cərimənin xx.xx.2009-cu ildə tam ödəməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir. Beləliklə, Azərbaycan Ordusu sıralarında xidmət müddətinin təqvim ili ilə 20 il, 05 ay 25 gün hərbi xidmətindən məhkumluq müddətini 01 il 12 gün çıxdıqda təqvimlə qüsursuz xidmət müddəti 19 il 05 ay 13 gün təşkil edir. Bu səbəbdən də adını mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilməsi Fərmanın tələblərinə uyğun deyil”. Cavabdehin bu mövqeyini absurd, qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2025-ci il tarixli etirazını belə əsaslandırmışdır: - “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının şərtlərinə görə, dövlət hesabına mənzillə təmin olunması üçün hərbi qulluqçunun Azərbaycan Ordusunda ən azından 20 təqvim ili xidmət etməsi şərtdir. Buna görə də, iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli 3-25-22/2-H-10xxxx/2024 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı Qazax Hərbi Məhkəməməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 manat məbləğində cərimə cəzasına məhkum olunmağı və cərimənin tam ödəmə tarixi xx.xx.2009-cu il müəyyən olunmuşdur. AR CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir. Beləliklə, Azərbaycan Ordusu sıralarında təqvim ili ilə ümumi 20 il 5 ay 25 gün hərbi xidmət müddətindən, məhkumluq müddəti 1 il 12 gün çıxıldıqda sonra, xidməti 20 ildən az olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən: “Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət hesabına mənzillə təmin edilsinlər.” Həmin Fərmanın şərtlərinə görə, dövlət hesabına mənzillə təmin olunması üçün hərbi qulluqçunun Azərbaycan Ordusunda ən azından 20 təqvim ili xidmət etməsi şərtdir. İddiaçının Azərbaycan Ordusundakı xidməti 19 il 5 ay 13 gün olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil oluna bilməz. Fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır:

1. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli;

2. Hərbi qulluqçu Azərbaycan Ordusunda xidmət etməli;

3. Hərbi xidməti qüsursuz olmalıdır. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2-1(102)-948/2024 nömrəli qərarı (iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması" tələbinə dair) nəzərə alınmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ... Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin. ...

4. Aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”.

İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı: Məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr t2011-ci arixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsinə nail olmaqdan ibarətdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti 20 təqvim ilindən az olduğundan cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan, SHXÇÜDX-nin Yevlax Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 555 nömrəli arayışından görünür ki, xx.xx.1984-cü iİ təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi kursant, xx.xx.2005-ci il tarixdən xx.xx.2022- ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 157 maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 048 nömrəli əmrinə əsasən istefaya buraxılmışdır. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 158 nömrəli məktubundan və xx.xx.2009-cu il tarixli qəbzdən görünür ki, o, Qazax Hərbi Məhkəməsinin 22 yanvar 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəriməni 04 fevral 2009-cu il tarixdə dövlət nəfinə tam ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci madəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, hazırki iş üzrə məhkumluğu ödənilmiş hesab olunmuşdur. İş matertiallarında olan Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə xx.xx.2009-cu il tarixli 1(100)-019/2009 nömrəli göstərişdən görünür ki, Qazax Hərbi Məhkəməsi İddiaçı Azərbaycan Respublikası CM-nin 331.2 maddə(lər)si ilə məhkun olunmasına dair Qazax Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(100)-019/2009 nömrəli hökmünün (yekun qərarının) surətini məlumat üçün göndərmiş, hökmün xx.xx.2009-cu il tarixdə qanuni qüvvəsini aldığını və AR CPM-nin 508-ci maddəsinə əsasən icra olunduğunu bildirmişdir. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.2001-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əlavələr edilmiş və fərmanda göstərilən qüsursuz xidmət anlayışına hansı müddətlərin aid edilməsi dəqiqləşdirilmişdir. Edilən əlavələrə əsasən aşağıdakı müddətlər qüsursuz xidmət müddətinə daxil edilməmişdir: -hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; - hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; -məhkumluğun olduğu müddət. Məhkəmə qeyd edir ki, “qüsursuz xidmət” müddəti anlayışı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanında əvvəlcədən mövcud olduğundan, həmin Fərmana xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla əlavə edilmiş “qüsursuz xidmət” müddəti anlayışı ilə bağlı əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına xx.xx.2021-ci il tarixli, 1476 nömrəli Fərmanla əlavə edilmiş müddəalar “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi xx.xx.2011-ci il tarixdə nəzərdə tutulan mənanı bəyan etmişdir. Bu isə həmin müddəaların hüquqi vəziyyəti ağırlaşdırma vəziyyətini yaratmamışdır. Məhkəmə hesab edir ki, Fərmana edilən əlavələrə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu yuxarıda qeyd edilən 3 halda, yəni göstərilən müddətlərdə dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 20 il 05 ay 25 gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 15 noyabr 2021-ci il tarixli Fərmanının müddəalarına əsasən, iddiaçının Qazax Hərbi Məhkəməməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 manat məbləğində cərimə cəzasına məhkum olunması, cəzanı çəkdikdən sonra üzərində 1 il ərzində məhkumluq müddətinin olması nəzərə alındıqda, onun Azərbaycan Ordusunda qüsursuz xidməti 20 ildən az müddət təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanında təsbit olunmuş şərt (Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmə) iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdeh imtinasında haqlı olmuşdur və onun üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Buna görə də, məhkəmə cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlir. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh iddiaçının mənzillə təmin olunmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçusu olması faktını sübut edə bilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin X1 şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X4 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar