Məhkəmə qərarları › İş №2-1(116)-1977/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1977/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1977/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "İİ dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2013-cü il tarixli qərarına əsasən, İddiaçı "Şəkərli diabet İ tip ağır forma. Diabet polineyropatiyası, ensefalopatiya nefropatiya, OU retinopatiya" diaqnozu ilə xx.xx.2014-cü ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarına əsasən, ona eyni diaqnozla xx.xx.2015-ci ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2015-ci il tarixli qərarına əsasən, ona "İnsulindən asılı şəkərli diabet" diaqnozu ilə xx.xx.2016-cı ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən, ona eyni diaqnozla xx.xx.2021-ci ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən İddiaçı tibbi-sosial ekspert komissiyasına xx.xx.2021-ci il tarixli 0256003AAMK3 nömrəli göndəriş verilmişdir. Göndərişdə iddiaçıya "İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla tip 2" diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasında müayinə olunmuş, lakin ona əlilliyin müəyyən edilməsindən imtina olunmuş və səbəb kimi "Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin səbəb və əlaqəsi düzgün seçilməyib" göstərilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "İİ dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, o, insulindən asılı şəkərli diabet və vitiliqo xəstəliyindən əziyyət çəkir, əlillik təyinatından imtina qanunsuzdur. Cavabdeh iddiaya qarşı etirazında iddianın təmin olunmamasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2013-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2014-cü ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2015-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci ilədək təkrarən ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən İddiaçı tibbi-sosial ekspert komissiyasına verilmiş xx.xx.2021-ci il tarixli 0256003AAMK3 nömrəli göndərişdən görünür ki, ona "İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla tip 2" diaqnozu qoyulmuşdur. - İşdə olan Tibbi-sosial ekspert komissiyasının qərarından çıxarışdan görünür, İddiaçı xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyasında müayinə olunmuş, lakin ona əlilliyin müəyyən edilməsindən imtina olunmuş və səbəb kimi "Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin səbəb və əlaqəsi düzgün seçilməyib" göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın müddəalarına əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. (1.2-ci bənd) Əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. (1.4-cü bənd) Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. (1.6-cı bəndin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyası) TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (2.4-cü bənd) Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. (2.9-cu bənd) Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə görə, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Qaydanın digər müddəalarına əsasən, göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. (2.1-ci bənd) Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. (2.2-ci bənd) Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. (2.3-cü bənd) Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. (2.8-ci bənd) Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. (67.1-ci maddə) Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. (67.2-ci maddə) Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. (67.3-cü maddə) Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. (73.1-ci maddə) İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. (73.2-ci maddə) Həmin Məcəllənin 73.3-cü maddəsinə görə, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"ndan görünür ki, tibbisosial ekspert komissiyası göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Göndəriş natamam və ya yanlış doldurulduqda isə, tibbisosial ekspert komissiyası altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göründüyü kimi, göndərişin natamam və ya yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirmiş komissiyaya göndərilməsinə əsas verir. Lakin hazırkı işdə müəyyən edildi ki, cavabdeh göndərişin natamam doldurulmasına istinad etsə də, göndərişi rəsmiləşdirmiş komissiyaya bildiriş göndərməli olduğu halda, səhvən əlilliyin müəyyən olunmasından imtina haqqında qərar çıxarmışdır. Ona görə də cavabdehin sözügedən imtina qərarı qanuni sayıla bilməz. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-162/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında da ifadə edilmişdir. Lakin bununla yanaşı, məhkəmə qeyd edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Həmçinin, məhkəmə bunu da nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir ("İnzibati icraat haqqında" Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İnzibati Prosessual Məcəllənin 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Beləliklə, məhkəmə yuxarıda istinad edilən normaların tələblərini və işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğuna və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğuna, bu səbəbdən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığına görə iddia qismən təmin olunmalı, cavabdehin üzərinə İddiaçı aid xx.xx.2021-ci il tarixli 0256003AAMK3 nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1058/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında da ifadə edilmişdir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı aid xx.xx.2021-ci il tarixli 0256003AAMK3 nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar