Məhkəmə qərarları › İş №2-1(116)-1978/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1978/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1978/2023 28.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarının ləğv edilməsi və əlillik alt-sistemində xx.xx.2023-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz 61-80 faiz əlillik təyinatı aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarının ləğv edilməsi və əlillik alt-sistemində xx.xx.2023-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdə İsmayıllı rayonunda doğulmuşdur. Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. xx.xx.2022-ci il tarixdə Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Ona xx.xx.2023-cü il tarixdə müddətsiz əlillik təyin edilmiş lakin əlilliyin faizi, səbəbi və ya dərəcəsi göstərilməmişdir. Hesab edir ki, ona 2-ci dərəcə müddətsiz 61-80 faiz əlillik təyinatı aparılmalıdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 27 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 27) İsmayıllı rayon sakini xx.xx.1999cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin Q264003AALEC nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci İl tarixli 1967 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin İsterik tipli pozuntusu, funksional tutmalarla ifadə olunmuş depressiv sindrom. Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, sap Vİ Qabırğanın sınığı və hemopnevmotoraksla nəticələnmiş odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı sağ ağciyərin aşağı payının medialda perikarda söykənmiş yad cisim (Qüllə), sağ ağciyərin fibrozu, xarici tənəffüs funksiyasının qarışıq tipli əhəmiyyətli ventilvasiva pozğunluğu ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün sadə miopik astiqmatizmi M 3,0D nəticəsində görmə itiliyinin 0,6- ya qədər azalması, korreksiva ilə sağ gözün görmə itiliyi 1,0 olmaqla, sol gözün görmə itiliyi 0,8 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 6009/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Xroniki gedişli posttravmatik stress pozuntusu’’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 8369 nömrəli Tibbi rəyində diaqnoz “Uzadılmış xroniki gedişli posttravmatik stress pozuntusu'' kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı döş qəfəsinin sağ yarısında olan ağrılardan, ümumi zəiflikdən, təngənəfəsiikdən, əsəbilikdən, özündən getmədən, qıcolmalardan şikayətlənmişdir. Müayinə otağında demonstrativ hərəkətlər nümayiş etdirmiş, verilən sualları cavablandırmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Psixi və somatik vəziyyətini müayinə etmək mümkün olmadı” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 16 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 8) İsmayıllı rayon sakini xx.xx.1999-cu il təvəllüdlü X1 (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin R00018024VYV nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. A.ismayıllıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, A.İsmayıllıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 1967 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin isterik tipli pozuntusu, funksional tutmalarla ifadə olunmuş depressiv sindrom. Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən sağ Vİ qabırğanın sınığı və hemopnevmotoraksla nəticələnmiş odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincilicərrahi işlənməsindən sonrakı sağ ağciyərin aşağı payının medialda perikarda söykənmiş yad cisim (güllə), sağ ağciyərin fibrozu, xarici tənəffüs funksiyasının qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; xx.xx.2021 “Hər iki gözün sadə miopik astiomatizmi M 3,0D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiva ilə sağ gözün görmə itiliyi 1,0 olmaqla, sol gözün görmə itiliyi 0,8 olmaqla." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1145/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər davranışla." kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 11358 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı döş qəfəsinin sağ yarısında olan ağrılardan, ümumi zəiflikdən, təngənəfəslikdən, əsəbilikdən, özündən getmədən, qıcolmalardan şikayətlənmişdir. Agentliyin həkim-ekspert-travmatoloqun əyani müayinəsi zamanı döş qəfəsinin sağ tərəfində çapıq izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Verilən sualları qısa, aqressiv cavablandırmış, ünsiyyətə həvəssiz daxil olmuş, emosional labillik, əhvalının dəyişkən olması izlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyyət pozuntusu." kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2022-ci il tarixli 1967 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin isterik tipli pozuntusu, funksional tutmalarla ifadə olunmuş depressiv sindrom. Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən sağ Vİ qabırğanın sınığı və hemopnevmotoraksla nəticələnmiş odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı sağ ağciyərin aşağı payının medialda perikarda söykənmiş yad cisim (güllə), sağ ağciyərin fibrozu, xarici tənəffüs funksiyasının qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1030 nömrəli məktubundan görünür ki, İddiaçı Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.Lakin,iddia mahiyyət etibarı ilə əsassızdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfindən iddia ərizəsinə 04 may 2023-cü il tarixli,saat 03:45 çap edilmə tarixi olan Əlillik haqqında arayış əlavə edilmişdir.İddia ərizəsində iddiaçı həmin “Əlillik alt sistemi”ndən çıxarışa əsasən ona xx.xx.2023-cü il müayinə tarixdə müddətsiz əliliyin təyin edildiyini,lakin əlilliyin səbəbi və faizinin göstərilmədiyini bildirmişdir. Sonradan iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarının ləğv edilməsi və əlillik alt-sistemində xx.xx.2023-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iki hal arasında ziddiyyətli məqamlar mövcuddur.Belə ki,iddiaçı ilkin olaraq ona əlillik təyin edildiyini bildirmiş,hüquqi marağının əlilliyin səbəbi və faizinin göstərilməsindən ibarət oduğunu qeyd etsə də,dəqiqləşdirmə ərizəsinin məzmunudan aydın olur ki,iddiaçının hüquqi marağı ona əlillik dərəcəsi təyin edilməsindən ibarətdir. İddia ərizəsinə əlavə edilmiş 04 may 2023-cü il tarixli,saat 03:45 çap edilmə tarixi olan Əlillik haqqında arayışın həqiqiliyi məhkəmə tərəfindən araşdırılmışdır.Həmin arayışın “etibarlılıq müddəti” qeydi olan hissəsi,eləcə də eyniləşdirməyə imkan verən ştrix kodları elektron qaydada yoxlanılmış,arayışın mötəbər olmadığı təsdiq olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2023-cü il çap tarixli Əlillik haqqında arayışdan və 23 yanvar 2023-cü il tarixli Qərardan görünür ki,iddiaçı barəsində “ diaqnoz əlillik əlamətləri təyin etmir” əsası ilə əlilliyin təyin olunmamasına dair qərar qəbul edilmişdir.Qiymətləndirmə zamanı iddiaçı barədə “ fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”,eləcə də “Posttravmatik stress pozuntusu, şəxsiyyətin isterik pozuntusu” diaqnozları əsasında iddiaçıya əlilliyin təyinindən imtina edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-cİ İİ tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na 7.5.1-ci bəndinə uyğun olaraq “posttravmatik stres pozuntusu F43.1” qeyd edilmiş,həmin diaqnozun digər qiymətləndirici əlamətləri təsbit edilmişdir. İşin hallarına əsasən iddiaçı barəsində həmin əlamətlərin mövcudluğuna dair forma 88 göndərişlərində məlumat əks edilməmişdir. Həmçinin,verilmiş sorğuya əsasən Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1030 nömrəli məktubundan görünür ki, İddiaçı Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “ Elektron sənədlərin mübadiləsi” Qaydası : 5.1. Elektron sənədin yoxlanılması elektron imza vasitələrindən istifadə edilməklə, aşağıdakı mərhələlər üzrə aparılır: 5.1.1. elektron sənədin müəyyən olunmuş formaya uyğunluğu və zəruri rekvizitlərə malik olmasının yoxlanılması; 5.1.2. elektron sənəddəki elektron imzanın həqiqiliyinin yoxlanılması. 5.2. Elektron imzanın həqiqiliyi “Elektron imzanın yoxlanılma Qaydası” na uyğun olaraq yoxlanılır. 5.3. Elektron sənədin yoxlanılmasının müsbət nəticələndiyi halda o, icraya qəbul edilir və ya əlavə emala verilir. 5.4. Elektron sənədin yoxlanılmasının mənfi nəticəsi münaqişəli hal hesab olunur və tərəflər arasında razılaşdırılmış qaydada həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırkı mübahisə iddiaçının ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2023-cü il tarixdə təyin edilmiş müddətsiz əlilliyin cavabdeh tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlillik dərəcəsinin təyin edilməməsinə dair iddiası əsasında yaranmışdır. İddiaçı iddia ərizəsində ona qeyd olunan tarixdə təyin olunmuş müddətsiz əlilliyin dərəcəsinin qeyd olunmadığını bildirmişdir. Yuxarıda qeyd olunanlara qiymət verən məhkəmə hesab edir ki, iddiaçıya qoyulmuş diaqnoz əlillik əlmaətləri təyin etmədiyindən “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.5.1-ci bəndinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir.Həmin normaya əsasən cavabdehin qərarı əsaslı olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsi və əlillik alt-sistemində xx.xx.2023-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar