Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1979/2025 30.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Lətifoğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə iddiaçı – X2 (yerləşdiyi yer: Bakı şəhəri, S.Əsgərova küçəsi 85) cavabdeh – Cavabdeh (yaşayış yeri: İsmayıllı rayonu, Topçu kəndi) qarşı «artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin qaytarılması» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Hazırkı Cavabdeh 10 oktyabr 2022-ci il tarixli müraciəti üzrə iddiaçı X5 1 dekabr 2022-ci il tarixli əmri ilə «İşsizlikdən sığorta haqqında» Qanunun 13.2.1-ci maddəsinə əsasən 1 noyabr 2022-ci il tarixdən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 1.182,32 manat vəsait nağdsız qaydada ödənilmişdir. Şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 26 iyul 2023-cü il tarixli 3-17-2/3-2-11004/2023 nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişi dayandırılmışdır. İddiaçı X6 tərəfindən Cavabdeh artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar 20 iyul 2023-cü il tarixli 3-17-2/2-V-46483/2023 və 17 oktyabr 2023-cü il tarixli 3-17-2/2-V-63539/2023 saylı xəbərdarlıq məktubları ünvanlanmışdır. Cavabdeh tərəfindən həmin məktublara münasibət bildirilməmiş və işsizlikdən sığorta ödənişi üzrə müvafiq məbləğlərin könüllü qaytarılması təmin edilməmişdir. Bundan sonra iddiaçı X6 Cavabdeh qarşı «artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), «İşsizlikdən sığorta haqqında» Qanunun 18.0.1-ci maddəsinə görə «Məşğulluq haqqında» Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə sığorta ödənişinin verilməsi dayandırılır. Həmin Qanunun 5.2.1-ci maddəsinə görə işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Onun qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılması Cavabdeh tərəfindən 10 oktyabr 2022-ci il tarixli “ərizə-iltizam” imzalanmaqla təmin edilmişdir. Sonradan cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 26 iyul 2023-cü il tarixli əmrlə ona işsizlikdən sığorta ödənişi dayandırılmışdır. İşsizlikdən sığorta ödənişi təyinatı 1 noyabr 2022-ci il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması barədə iddiaçıya məlumat verməmişdir. Göründüyü kimi, şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi 3 ay ödənildikdən sonra Nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminin müvafiq altsistemində cavabdehin mülkiyyətində torpaq payı olduğu aşkar olunmuş, lakin cavabdeh işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət etmişdir. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş «Sığorta ödənişinin verilməsi Qaydası»nın 6.2-ci bəndinə görə «İşsizlikdən sığorta haqqında» Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X1ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə qaytarılması ilə bağlı məktub ünvanlansa da, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 bildirdi ki, Cavabdeh müraciəti əsasında işsizlikdən sığorta ödənişi üzrə təyinat aparıldıqdan sonra onun mülkiyyətində paylı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. «Məşğulluq haqqında» Qanunun 4-cü maddəsinə görə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan vətəndaşlar məşğul şəxs hesab olunur və həmin şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilmir. Odur ki, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1.182,32 manat vəsaitin X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, bu hal DOST Xidmətinin əməkdaşlarının səhvidir. İddiaçı tərəfin tələb etdiyi məbləğdə pul vəsaitini almışdır. Müvafiq torpaq sahəsi pay torpağı kimi 1998-ci ildən onun mülkiyyətindədir. İşsizdir, himayəsində iki azyaşlı uşaq var, ona görə də pul vəsaitini qaytara bilmir. Bu onun təqsirindən baş verməmişdir. İddia təmin olunmalı deyil. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «X2 Nizamnaməsi»nin 1.1-ci bəndinə görə X6 aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, «Məşğulluq haqqında» Qanunun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Hazırkı mübahisə inzibati orqanın qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi ilə əlaqədar olaraq yarandığından, publik xarakter daşıyır və İPM-in 2.1, 2.2.7-ci maddələrinin təsiri dairəsinə düşür. Nəzərə alınmalıdır ki, hazırkı mübahisənin halları üzrə xüsusatlar İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələri ilə uzlaşmır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.4-cü maddəsinə görə digər (İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən cavabdehin yaşayış yeri İsmayıllı rayonunun Topçu kəndidir. . Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə İPM-in 2.2.7-ci maddəsinin təsiri dairəsinə düşdüyündən, mübahisəyə cavabdeh fiziki şəxsin yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.4-cü maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə Cavabdeh işsizlikdən sığorta ödənişi qismində ona ödənilmiş 1.182,32 manat pul vəsaitini iddiaçı X1ytarmalıdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İşsizlikdən sığorta haqqında» Qanunun preambulasında göstərilmişdur ki, bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və «Məşğulluq haqqında» Qanunun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: (13.1.1) dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, «Dövlət qulluğu haqqında» Qanunun 33.1.2-ci maddəsinə və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; (13.1.2) işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, «Dövlət qulluğu haqqında» Qanunun 33.1.3-cü maddəsinə və ya Əmək Məcəlləsinin 70ci maddəsinin b) bəndinə əsasən; (13.1.3) əmək müqaviləsinin müddəti qurtardıqda, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; (13.1.4) müəssisənin mülkiyyətçisi dəyişdikdə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; (13.1.5) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; (13.1.6) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. Həmin Qanunun 13.2-ci maddəsinə görə bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: (13.2.1) bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada. Həmin Qanunun 18-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: (18.0.1) «Məşğulluq haqqında» Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş «Sığorta ödənişinin verilməsi Qaydası»na görə: - (2.1) Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti «İşsizlikdəın sığorta haqqında» Qanunun 13-cü maddəsi ilə tənzimlənir; - (2.2) Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə, sığorta ödənişi təyin edilən şəxs bu barədə 10 iş günündən gec olmayaraq Agentliyə və ya “DOST” Mərkəzə məlumat verməlidir. - (6.1-ci bənd) «İşsizlikdən sığorta haqqında» Qanunun 18-ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır. - (6.2-ci bənd) «İşsizlikdən sığorta haqqında» Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X1ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən və onun subyektləri arasındakı münasibətləri tənzimləyən normaları özündə cəmləyən qanunun məqsədlərindən biri də sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qanunverici həmçinin, işsizlikdən sığorta ödənişinin verilməsinin dayandırılması hallarının dairəsini konkret müəyyən etmiş və şəxsin məşğul şəxs sayılmasını da bu dairəyə aid etmişdir. Müvafiq səbəblərdən artıq ödənilmiş sığorta ödənişinin könüllü qaydada qaytarılmadığı təqdirdə məhkəməyə müraciət olunmasını nəzərdə tutmuşdur. Hazırkı işin hallarına görə iddiaçı Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olmasına baxmayaraq, cavabdeh X4 məlumat verməməsi və ona 1 noyabr 2022-ci il tarixdən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi üzrə 1.182,32 manat vəsaitin ödənilməsi təsdiqini tapır. Nəzərə alınmalıdır ki, İsmayıllı rayonu Topçu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.4541 ha torpaq sahəsinə Cavabdeh və digər 4 nəfərin ümumi birgə mülkiyyət hüquqları 2 fevral 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınsa da, işçdə olan sənədlərdən (torpaq sahəsinin planı və ölçüsündən) görünür ki, həmin torpaq sahəsi payçılara əvvəlki dövrlərdə verilmişdir və bu barədə JN-32 nömrəli 19 sentyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” da mövcuddur. Bu isə «Məşğulluq haqqında» Qanunun 4-cü maddəsinə əsasən Cavabdeh məşğul şəxs hesab edilməsinə əsasdır və bu hal ona işsizlikdən sığorta ödənişi üzrə təyinatın aparıldığı 1 noyabr 2022-ci il tarixdən əvvəlki dövrdə mövcud olmuşdur. Halbuki, Cavabdeh bu barədə 10 oktyabr 2022-ci il tarixli “ərizə-iltizam” imzalayarkən bildirməli idi. Odur ki, işsizlikdən sığorta ödənişi üzrə 1.182,32 manat vəsait Cavabdeh ödənilməməli idi və həmin vəsait ödənildiyi üçün iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X6 Cavabdeh işsizlikdən sığorta ödənişi qismində ödənilmiş 1.182,32 manat pul vəsaitini ondan tələb etməkdə haqlıdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1.182,32 manat dövlət vəsaitinin X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının bank hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyumalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İşsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1.182,32 manat dövlət vəsaitinin X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının bank hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2-1(116)-1979/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1979/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver