Məhkəmə qərarları › İş №2-1(116)-198/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-198/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-198/2024 30.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolundan çıxarışla ona verilmiş Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 254 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolundan çıxarışa ona verilmiş Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-198/2024 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolundan çıxarışla ona verilmiş Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-198/2024 nömrəli qərardadı ilə iddia tələbi “Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolundan çıxarışla ona verilmiş Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 746 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, kommunist kolxozu üzvlərinin 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi yığıncağının protokolundan çıxarışa əsasən İddiaçı ayrı təsərrüfat olub öhdəsində həyətyanı torpaq sahəsi olmadığı nəzərə alınmaqla kəndin yuxarı hissəsindən, kənd sakinləri Abdullayev İftixar, Məsimov Camal yoldaşların qonşuluğundan 0,10 ha həyətyanı torpaq sahəsi təhkim edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X9 filialının 03 fevral 2020-ci il tarixli 20 nömrəli və 24 fevral 2021-ci il tarixli 132 nömrəli arxiv çıxarışlarından da, göründüyü kimi Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən müəyyən edilmişdir ki, İddiaçı 0,10 ha kəndin yuxarı hissəsindən Yevlax-Balakən yolunun alt hissəsindən həyətyanı torpaq sahəsi ayrılmışdır. O, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət resyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan 20 fevral 2023-cü il tarixli 3-21-339/2-H-0004-8/2023 nömrəli məktubu ilə ona bildirilmişdir ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət resyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı 10 yanvar 2023-cü il tarixli müraciətə idarədə baxılmışdır. Bildirilmişdir ki, Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli qərarı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci maddəsinə əsasən ayrılmış torpaq sahələri üzərində hüquqların əldə edilməsi üçün əsasdır. Torpaq sahəsinin yerləşmə yeri barədə təsdiqlənmiş sənəd təqdim edilmədiyindən həmçinin torpaq sahəsi digər vətəndaşın istifadəsində olmaqla ərazidə mübahisə olduğundan ərizənizin icrası mümkün olmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın 20 fevral 2023-cü il tarixli 3-21-339/2-H- 0004-8/2023 nömrəli imtinası qanunsuz və əsassız olmuşdur. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Şəki rayonu Böyük Dəhnə kənd sakini İddiaçı 10 yanvar 2023-cü il tarixdə ərizə ilə (daxilolma Nə-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, “Kommunist” kolxozu üzvlərinin 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə ona verilmiş Şəki rayon Böyük Dəhnə kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı İddiaçı həyətyanı torpaq sahəsinin olmadığı nəzərə alınaraq, Şəki rayonu Böyük Dəhnə kəndinin yuxarı hissəsi olan Yevlax-Balakən yolunun alt hissəsindən - kənd sakinləri İftixar Abdullayev və Camal Məsimovun qonşuluğundan 0,10 hektar həyətyanı torpaq sahəsi verilməsi barədə “Kommunist" kolxozu üzvlərinin 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı və həmin qərarın arxiv çıxarışı olsa da, ayrılmış torpaq sahəsinin koordinatlarının əks olunduğu təsdiqlənmiş hər hansı sxem və ya plan ölçü sənədi təqdim olunmadığından ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-H-0004-8/2023 Ne-li imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci yarımbəndinə əsasən yaşayış evlərinin tikintisi üçün kolxoz torpaqlarından həyətyanı torpaq sahəsinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarı həmin daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq etsə də, kolxoz üzvlərinin ümumi yığıncağının qərarında adı göstərilən kənd sakini X1 adına idarənin elektron baza məlumatlarında Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 3024,32 kv.metr həyətyanı, 189 kv.metr və 480 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri ilə bağlı A 446907, A 449049, A 449004 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri, digər kənd sakini X4 adına 3625,09 kv.metr həyətyanı, 574 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri ilə bağlı A 446906, A 448233 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri olduğundan və iddia olunan torpaq sahəsinin koordinatlarının əks olunduğu təsdiqlənmiş hər hansı sxem və ya plan ölçü sənədi olmadığından İddiaçı İftixar Abdullayevə və Camal Məsimova məxsus torpaq sahələrindən hansının qonşuluğundan 0,10 ha torpaq sahəsinin ayrıldığı qeyrimüəyyəndir. Yuxarıda qeyd olunanlara əsasən, "Kommunist" kolxozu üzvlərinin 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi yığıncağının qərarı ilə Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın və plan ölçü sənədinin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, “Kommunist” kolxozu üzvlərinin xx.xx.1992-ci il tarixli 1№-li ümumi yığıncağının protokolundan çıxarış, A448910, A446907, A448233, A446906 və A449049 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri, X9 filialının xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş “Kommunist” kolxozu üzvlərinin xx.xx.1992-ci il tarixli 1 №-li ümumi yığıncağının protokolu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş Şəki rayonu Böyük Dəhnə kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından çıxarış (əlyazma və elektron), cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci yarımbəndində yaşayış evlərinin tikintisi üçün kolxoz torpaqlarından həyətyanı torpaq sahəsinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarının həmin daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsi üçün əsas olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolu ilə ona ayrıldığını bildirdiyi Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddia olunan torpaq sahəsinin 746 kv.m hissəsi üzərində digər subyektin mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, həmin hissədə tələb mümkün sayılmamışdır. Odur ki, məhkəmə tərəfindən qalan 254 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına münasibətdə cavabdeh orqanın imtinasının dəlilləri araşdırılmışdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquq müəyyənedici sənəd qismində Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokoluna istinad edir. Həmin sənəd əsasında torpaq sahəsinin yerləşmə vəziyyətinin konkret müəyyən edilməsi mümkün deyil. Belə ki, torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı oriyentr olaraq edilmiş istinadlar olduqca ümumi xarakterli olmaqla (kəndin yuxarı hissəsi, Yevlax- Balakən yolunun alt hissəsi) hansı ərazinin nəzərdə tutulmasını müəyyən etməyə imkan vermir. Həmçinin qonşu torpaq sahələrinə münasibətdə verilmiş istinadlar da, ümumi və qeyri-müəyyəndir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi faktiki olaraq 1604 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında X2 kateqoriyasına aid, uqodiyası Tikinti Altında olan torpaqlar kimi göstərilmişdir. İddiaçının bildirdiyinə görə hal-hazırda həmin torpaq sahəsi onun tərəfindən istifadə olunur. İddia olunan torpaq sahəsi bir hissəsi **********86 nömrəli çixarışla üst-üstə düşür. Sözügedən torpaq sahəsinin şimal sərhəddinin bir hissəsi ilə parelel 10 KV-lıq elektrik xətti keçir. İddia olunan torpaq sahəsi qapalı həyət daxilində deyil və iddiaçının həmin torpaq sahəsinin ona məxsus olması ilə bağlı dəlilləri yalnız şifahi mülahizələrdən ibarətdir. Həmin torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evi və ya kəndli təsərrüfatı mövcud deyil. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı iş üzrə hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolunun məzmunu qeyri-müəyyən olmaqla, iddia olunan torpaq sahəsinin yerinin müəyyən edilməsinə imkan vermir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolu ilə ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından (iddia olunan torpaq sahəsinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi olması müəyyən edilmədiyindən) cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Böyük Dəhnə kənd kommunist kolxozunun 15 fevral 1992-ci il tarixli 1 nömrəli ümumi iclas protokolundan çıxarışla ona verilmiş Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 254 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar