Məhkəmə qərarları › İş №2-1(116)-198/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-198/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-198/2025 30.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “Məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2-1(116)-1212/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2-1(116)- 1212/2024 saylı qərardadından apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-565/2024 nömrəli qərardadı ilə qərardad tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1939-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1961-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 36 il X3 müxtəlif vəzifələrdə işləmişdir. 36 ilin son 18 ilini X4 rəhbəri kimi-Baş mühəndis və Baş Direktor vəzifələrində çalışmış və İpək Kombinatının Baş direktoru vəzifəsindən yaşa görə əmək pensiyasına çıxmışdır. 1980-1990-cı illərdə X6 İttifaq əhəmiyyətli müəssisə idi və həmin müəssisənin 6 000 (altı min) nəfərdən çox işçisi olduğuna görə Baş direktorun əmək haqqı mövcud tarif sistemi ilə Nazir müavininin əmək haqqı miqdarında ödənilirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhər Şöbəsində sənədləri yoxlanıldıqdan sonra “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənə xx.xx.2001-ci il tarixdən mənə yaşa görə 467 manat əmək pensiya təyin edilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək Pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə pensiyamın məbləği 665 manata qaldırılmış və iddiaçıya 88 saylı pensiya vəsiqəsi təqdim olunmuşdur. Ancaq pensiya fondu 2001-2006-cı illərdə 300 manat, xx.xx.2006-cı il tarixdən 340 manat, xx.xx.2023-cü il tarixdən 425 manat pensiya hesablayıb vermişdir. Lakin, 88 saylı pensiya vəsiqəsində iddiaçıya təyin olunmuş pensiya, pensiya kapitalına uyğun hesablanaraq ödənilməmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirilir ki, İddiaçı 01,01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən xx.xx.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyası ödənişi davam etdirilir. Qanuna 01 01,2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddı yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına gorə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddəyə əsasən İddiaçı yaşa görə əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 370,85 manat, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 425,36 manat müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçının pensiya işinə daxıl olan sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1956-cı il tarixdən xx.xx.1961-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 44 il 4 ay 2 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006- cı il tarixdən 01 08 2008-ci il tarixədək qeydə alınmış 1665,36 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və yaşa görə əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi 88 saylı vəsiqə Şəki rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən ona yaşa görə əmək pensiyası təyin edildiyi zaman təqdim edilmişdir. Vəsiqədə iddiaçıya 67288 köhnə manat yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. 67288 köhnə manatı yeni manata çevirsək 13,45 manat alınacaqdır. Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Göründüyü kimi İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu.

2. İddiaçıya məxsus O 083859 seriya nömrəli diplomun surəti.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və əlavə olunan sənədlər.

4. Cavabdehin 23.11. 2024-cü il tarixli məktubu və əlavə olunan sənədlər.

5. Pensiyanın yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli qərar.

Əsaslandırma hissəsi:

Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbindən göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsindən ibarətdir. Lakin, iş materiallarından görünür ki, pensiya altsistemində olan məlumatlara əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1956-cı il tarixdən xx.xx.1961-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 44 il 4 ay 2 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2008ci il tarixədək qeydə alınmış 1665,36 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği “Pensiyanın yenidən hesablanmasına” dair xx.xx.2023-cü il tarixli qərar əsasında yenidən hesablanmış,yaşa görə əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır. Yəni, iddiaçının mövcud sosial sığorta stajı və qeydə alınmış pensiya kapitalı cavabdeh tərəfindən tam olaraq nəzərə alınmış,mübahisələndirilən və qəbul edilməyən dövr mövcud deyildir. İddiaçı iddia tələbində ona xx.xx.2001-ci il tarixdən ona yaşa görə 467 manat əmək pensiya təyin edildiyini bildirmişdir.Lakin,həmin məbləğin mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, hansı qaydada müəyyənləşdirilməsinə dair əsas göstərilməmişdir. Eyni zamandan İddiaçı yaşa görə əmək pensiyası təyin edildiyi zaman təqdim edilmiş 88 saylı vəsiqədə iddiaçıya 67288 köhnə manat yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir.İddiaçı hesab edir ki,həmin məbləğ onun həmin dövrdə mövcud olmuş pensiya kapitalıdır. Məhkəmə qeyd edir ki,iddiaçıya yaşa (qocalığa) görə pensiya təyin edildiyi zaman qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda pensiya kapitalı tələbi mövcud olmamış, pensiya təyinatı həmin Qanuna əsasən aparılmışdır. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Göründüyü kimi, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. ... Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. ... Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır... Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığından cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanmaqla iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar