Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1980/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçının cavabdehə qarşı “əmək pensiyasının 08 may 1994-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək olan dövr üçün hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının 08 may 1994-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək olan dövr üçün hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 08 may 1994-cü il tarixdə törətdiyi cinayət əməlinə görə 30 iyun 1997-ci il tarixdə həbs edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16 yanvar 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri, CM-nin 15, 94-cü maddəsinin 3-cü bəndi, CM-nin 167-ci maddəsinin 2-ci hissəsi, CM-nin 220-ci maddəsinin 1-ci hissəsi, CM-nin 185-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək qaydasında cəzaları birləşdirilərək ölüm cəzasına məhkum edilmişdir. İddiaçıya təyin edilmiş ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 09 oktyabr 1998-ci il tarixli 776 saylı fərmanı ilə ömürlük azadlıqdan məhrumetmə cəzası 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İddiaçı 30 iyun 2017-ci il tarixdə cəzasını tamamilə çəkərək azad olunmuşdur. İddiaçı 2005-ci ildə azadlıqdan məhrum etmə cəzasını çəkərkən polis əməkdaşı kimi pensiyaya çıxmış və ona 2004-cü ildən pensiya hesablanmışdır. İddiaçı hesab edir ki, onun pensiya hüququ 08 may 1994-cü il tarixdə yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehlərə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi xx.xx.2022-ci il tarixli 027-3212M-3222 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçı Göyçay RPŞ-nin xidmət üzrə baş inspektoru vəzifəsindən, polis kapitanı rütbəsi ilə “sıravi və rəis heyəti adına xələl gətirən hərəkət törətdiyinə görə” 31 05.1994-cü il tarixindən DİOda xidmətdən xaric olunmuşdur. Həmin tarixə qüvvədə olmuş "Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən pensiya hüququ yaranmış hərbi qulluqçular və onların ailələri pensiya təyin edilməsi üçün müraciət təqdim etdikdən sonra onlara pensiya təyin olunurdu. İddiaçı 14 09.2005-ci il tarixində pensiya təyinatı üçün müraciət etmiş və xx.xx.2004-cü il tarixdən ona pensiya təyin olunmuşdur. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1 oktyabr 2004-cü il tarixdən 21 il 2 ay 17 gün xidmət müddəti üçün (təqvimi xidmət illəri 19 il 18 gün, güzəştli xidmət illəri 2 il 2 ay) xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 01 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya dair təqdim olunmuş 30659 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 409,75 manat məbləğindən ibarət olmaqla ödənilir. Bundan başqa iddiaçıya 40,98 manat maddi yardım ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq müraciətdə göstərilən dövr Mərkəzi Filiala müraciət edilən 5 avqust 2022-ci il tarixindən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən, eyni zamanda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu 1 iyul 2007-ci il tarixindən etibarən həyata keçirdiyindən həmin dövr üzrə iddiaçının əmək pensiyasının yenidən nesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********3 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1 oktyabr 2004-cü il tarixindən 21 il 2 ay 17 gün xidmət müddəti üçün (təqvimi xidmət İləri 19 il 18 gün, güzəştli xidmət illəri 2 il 2ay) xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya dair təqdim olunmuş 30659 nömrəli məlumat vərəqəsinə əsasən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı M.N. Məmmədov xx.xx.2022-ci il tarixində mərkəzi filiala müraciət edərək 1994-cü il tarixdən 2004-cü il tarixədək olan müddət üçün pensiyanın təyin edilərək birdəfəlik ödənilməsini xahiş etmişdir. İddiaçı müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il müddətində (xx.xx.2019-xx.xx.2022) xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya aldığından, keçmiş dövrə görə pensiya ödənişinin həyata keçirilməsi mümkün deyildir. Beləliklə, İddiaçı müraciətində tələb etdiyi dövr Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edilən 5 avqust 2022-ci il tarixdən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən, eyni zamanda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu 1 iyul 2007-ci il tarixdən etibarən həyata keçirildiyindən həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanması qanuna müvafiq deyildir. Filial etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında polis əməkdaşı kimi pensiyaya çıxması səbəbindən AR Daxili İşlər Nazirliyini də cavabdeh kimi göstərdiyini bildirmiş, cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. İş materiallarında olan: Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 035399 nömrəli vəsiqənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya xx.xx.2022-ci ildə müharibə veteranı adı verilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş iddiaçının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə ünvanladığı ərizəsində qeyd olunur ki, iddiaçı 08 may 1994cü il tarixdə törətdiyi cinayət əməlinə görə 30 iyun 1997-ci il tarixdə həbs edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16 yanvar 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri, CM-nin 15,94-cü maddəsinin 3-cü bəndi, CM-nin 167-ci maddəsinin 2-ci hissəsi, CM-nin 220-ci maddəsinin 1-ci hissəsi, CM-nin 185-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək qaydasında cəzaları birləşdirilərək ölüm cəzasına məhkum edilmişdir. İddiaçıya təyin edilmiş ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 09 oktyabr 1998-ci il tarixli 776 saylı fərmanı ilə ömürlük azadlıqdan məhrumetmə cəzası 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İddiaçı 30 iyun 2017-ci il tarixdə cəzasını tamamilə çəkərək azad olunmuşdur. Daxili İşlər Nazirliyinin Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli 27/3-1258M124 nömrəli məktubunda qeyd olunur ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 saylı Qanununun 45-ci maddəsinin 5-ci bəndinə əsasən, vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanın almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilməsi müəyyən edilmişdir. Göyçay RPŞ-nin xidmət üzrə sabiq baş inspektoru İddiaçı 31 may 1994-cü il tarixində «siravi və rəis heyyəti adına xələl gətirən hərəkətlərə görə» daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı pensiya təyin edilməsi ilə bağlı DİN-in Baş Polis İdarəsinə daxil olmuş xx.xx.2005-ci il tarixli ərizəsinə əsasən müvafiq sənədlər xx.xx.2005ci il tarixində DİN-in Maliyyə Plan İdarəsinə daxil olmuş və ona qanuna müvafiq olaraq xx.xx.2004-cü il (12 ay əvvələ) tarixindən pensiya təyin edilmiş və hazırda X1 rayon filialı tərəfindən ödənilir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir. Qanunun 1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Qanunun 45-ci maddəsinə (pensiyaların təyin edilməsi müddətləri) əsasən: Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara—xidmətdən buraxıldığı gündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi gündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə—ailə başçısının vəfat etdiyi gündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi gündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur: xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara— əlilliyin müəyyən edildiyi gündən; həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə—pensiya almaq hüququnun yarandığı gündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə və ər-arvada—pensiya almaq üçün müraciət edildiyi gündən. Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. Qeyd olunan normaların tələblərindən göründüyü kimi iddiaçının hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının pensiya hüququ 1994-cü ildən yaranmış olduğu fərz edilsə belə, iddiaçı tərəfindən müraciət xx.xx.2005-ci ildə olduğundan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya onun üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl, yəni xx.xx.2004-cü ildən təyin edilmiş və ödənilməkdədir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının 08 may 1994-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək olan dövr üçün hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1980/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1980/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver