Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1980/2025 24.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaraviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı sosial yardım təyin edilməsinin 1 il müddətinə məhdudlaşdırılmasına dair 6 sentyabr 2024-cü il tarixli qərarənən ləğv edilməsi, xx.xx.2024cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Maddi-Məişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək, cavabdehin ünvanlı sosial yardımın təyin olunmasından imtina və ailəsinin ÜDSY almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması barədə qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1980/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ünvanlı sosial yardım təyin edilməsinin 1 il müddətinə məhdudlaşdırılmasına dair 6 sentyabr 2024-cü il tarixli qərarənən ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən 02 sentyabr 2024-cü il tarixində iddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın əməkdaşları tərəfimdən 2024-cü ilin oktyabr ayında ÜDSY üzrə 2 dəfə ailənin maddi-məşişət şəraiti ilə bağlı müayinə aparılmış, lakin nəticə barədə heç bir məlumat verilməmişdir. Yalnız dəfələrlə Nazirliyin 142 qaynar xəttinə müraciətlər etdikdən sonra ona cavabdeh orqan tərəfindən 18 oktyabr 2024-cü il tarixli imtina məktubu göndərilmişdir.Cavabdeh etirazını “ailədə ÜDSY təyini üçün müraciəti məhdudlaşdırılmış şəxsin olması” kimi əsaslandırmışdır.. Belə ki, iddiaçıya ailəsini təmsil edən şəxs qismində ÜDSY ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı Yardım” (VEMTAS) altsisteminə daxil etdiyi 2333980C0743401 nömrəli müraciəti əsasında xx.xx.2023-cü il tarixindən aylıq 510.98 manat məbləğində ÜDSY təyin edilmiş və məbləğ tam ödənilmişdir. Təyin edilmiş ÜDSY üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar müayinə zamanı tərtib olunmuş müayinə aktına əsasən iddiaçının qayınanası X1 “Ərizə-bəyannamə” də qeyd olunan ünvanda ailə ilə birgə yaşadığı və ailə tərkibinin düzgün göstərilmədiyi aşkarlanmışdır. İddiaçının qayınanasının ailə tərkibində qeyd olunmamasına baxmayaraq həmin evdə aşkarlanması imtina üçün əsas olmuş, bu səbəblə iddiaçının ÜDSY almaq hüququ xx.xx.2024-cü il tarixindən 1 il müddətində məhdudlaşdırılmışdır. İddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə imtina verilməsinin əsasını iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etdiyindən və həmin məhdudiyyət aradan qalxmadığından müraciətindən əsaslı olaraq imtina edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təkrar müavinə aktında iddiaçının qayınanası həmin ünvanda yaşadığını qeyd etmiş və aktın doğruluqunu öz imzası ilə təsdiq etmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, müayinə əsasında iddiaçının öz ərizə-bəyannaməsində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyindən uyğunsuzluqlar aşkarlanmış, bu səbəbdən ÜDSY almaq hüququ 1 il müddətində məhdudlaşdırılmışdır. İddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti və imtina bildirişi.
2. AR Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Şəki- Zaqatala Balakən Rayonları Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli arayışı;
3. Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi” üzrə İcra Nümayəndəsinin xx.xx.2024-cü il tarixli 249 nömrəli arayışı;
4. AA 410067 seriyalı Məcburi Köçkün vəsiqəsi;
5. Cavabdehin etirazı və ona əlavə oluna sənədlər.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:
1. cavabdehin ünvanlı sosial yardım təyin edilməsinin 1 il müddətinə məhdudlaşdırılmasına dair 6 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi;
2. 01 dekabr 2024-cü il tarixindən iddiaçı və ailəsinə ünvanlı sosial yardım təyin edilməsi. İşin hallarından görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin oktyabr ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir. Bildirişdə imtinanın əsası kimi ailə tərkibinin düzgün göstərilməməsi qeyd olunmuşdur. Bu səbəblə iddiaçının ÜDSY almaq hüququ xx.xx.2024-cü il tarixindən 1 il müddətində məhdudlaşdırılmışdır. İddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə imtina verilməsinin əsasını iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etdiyindən və həmin məhdudiyyət aradan qalxmadığından müraciətindən icrasından imtina edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı və ailə üzvlərinə xx.xx.2023-cü ildən etibarən bir il müddətinə ünvanlı sosial yardım təyin edilmiş və tam ödənilmişdir.Lakin,daha sonra hansı əsasla məhdudiyyətin tətbiq edilməsi,qayınanasının iddiaçı ilə birgə təsərrüfat aparmasına dair dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi” üzrə İcra Nümayəndəsinin xx.xx.2024-cü il tarixli 249 nömrəli arayışından görünür ki,iddiaçı,arvadı və iki övladı ilə həmin qəsəbədə,ev 83 ünvanında yaşayır.Həmin fakt AR Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Şəki- Zaqatala Balakən Rayonları Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən də təsdiq olunur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü ildən təyin edilmiş ünvanlı sosial yardımın ödənilməsi başa çatdıqdan sonra hansı faktın əsasında qərar qəbul edərək məhdudiyyət tətbiq etməsi iş materiallarına əsasən müəyyən edilmir. Halbuki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Görünüdüyü kimi qanunverici məhdudiyyətin tətbiqini konkret əsaslarla şərtləndirmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-607/2023 saylı xx.xx.2023cü il tarixli Qərarında qeyd edilmişdir ki, cavabdehin irəli sürdüyü dəlillər (iddiaçının mənzilməişət şəraiti yoxlanılarkən onun xalasına məxsus evdə yaşaması və yoxlama zamanı xalasının da həmin ünvanda aşkar edilməsi) xalasının da iddiaçının ailə tərkibinə daxil olması, onların birgə təsərrüfat idarə etməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə hesab edir ki,iddiaçının ailəsinə xx.xx.2024-cü il tarixli imtinaya əsas olmuş hal,tətbiq edilmiş məhdudiyyət qərqarı ləğv edilməli və müraciət edilən ayın 1-dən etibarən ünvanlı sosial yardımın təyin edilməsi ğöhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur (4.2.2-ədalətlilik). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Məhkəmə hesab edir ki,iddiaçının ailəsinə xx.xx.2024-cü il tarixli imtinaya əsas olmuş hal,tətbiq edilmiş məhdudiyyət qərqarı ləğv edilməli və müraciət edilən ayın 1-dən etibarən ünvanlı sosial yardımın təyin edilməsi ğöhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı və ailəsinə ünvanlı sosial yardım təyin edilməsinin 1 il müddətinə məhdudlaşdırılmasına dair 6 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilir.İddiaçı və ailə üzvlərinə xx.xx.2024-cü il tarixindən 1 il müddətinə ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.