Məhkəmə qərarları › İş №2-1(116)-1985/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1985/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1985/2022 16.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2022-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2022-ci ildən hərbi qulluqçu kimi 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındaki fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2022-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2022-ci ildən hərbi qulluqçu kimi 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındaki fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, ağır yaralanmışdır, xx.xx.2018-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 3-cü dərəcə əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2018-ci ilin mart ayından 2022-ci ili may ayınadək əmək pensiyası almışdır. xx.xx.2018-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 3cü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2022ci ilin may ayından etibarən 3-cü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən ona xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilədək olan müddət pensiya yenidən hesablanması barədə müraciət etmişdir. Lakin cavabdeh ona xx.xx.2019-ci ildən xx.xx.2022-ci ilədək qeyd etdiyi müddət üçün 3 il ödəniş etmiş, qalan xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək müddət üçün ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsədə cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiyanın məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşçdur. Lakin hesab edir ki, cavabdehin yazdığı cavab məktubları əsasız və qanunsuzdur, belə ki, ona xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2022-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2022-ci ildən hərbi qulluqçu kimi 3cü dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanuna müvafiqdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı 20 may 2022ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MN-17906 nömrəli məlumat vərəqəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən İddiaçı mərkəzi filial tərəfindən 14 iyun 2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 3-cü dərəcəli əlilliyə görə təminat xərcliyinin 55 faizi məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə əlilliyə görə əmək pensiyası təyin edilmiş, mərkəzi filiala müraciət etdiyi tarixdən keçmiş 3 il müddət üçün hesablanmışdır. İddiaçı təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə əlilliyə görə əmək pensiyasının keçmiş dövr üzrə hesablanmış 9135,73 manat məbləği iyun ayı üzrə təyin edilmiş 237,77 manat əmək pensiyasının üzərinə əlavə edilməklə, iyul və avqust ayları üzrə isə hər ay üçün birdəfəlik 4440,98 manat olmaqla ödənilmişdir. Qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulduğundan və İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 9135,73 manat fərq məbləği tam şəkildə ödənildiyindən onun xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq fərq məbləğinin birdəfəlik ödənilməsinə dair tələbi əsassızdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İş materiallarında olan: İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 634 nömrəli qərarında “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Cavadehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir. DSMF-nin Mingəçevir Şəhər Şöbəsi tərəfindən verilmiş 010309 nömrəli vəsiqədən görünür ki,iddiaçıya İİİ qrup əlillik verilmişdir. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. “Əmək pensiyaları haqqında” Qanun: 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli,03/20 saylı Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 98-1.4-cü maddəsinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Hazırkı iş üzrə iddiaçıya xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasına ilə əlaqədar olaraq İİİ qrup əlillik verilmişdir.İddiaçı xx.xx.2022-ci il tarixində ilk dəfə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.Cavabdeh orqan tərəfindən həmin tarixdən əvvəlki 3 il müddət üçün 9135,73 manat məbləğ hesablanaraq iddiaçıya ödənilmişdir. Göründüyü kimi iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı xx.xx.2019-cu ildən tarixindən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən,bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Göstərilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2026/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2-1(102)-169/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarlarında da təsbit edilmişdir. Həmçinin, iddiaçı xx.xx.2019-cu il tarixinədək müraciət edilməməsinin şəxsin iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübut təqdim etməmişdir. Məhkəmə,yuxarıda qeyd olunan normaları hazırkı iddia tələbi üzrə tətbiq edərək cavabdehin iddiaçının müraciətini təmin etməməkdə haqlı olduğu nəticəsinə gəlir.Bu səbəbdən də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2022-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2022-ci ildən hərbi qulluqçu kimi İİİ qrup əlilliyə görə aldığı pensiya arasındaki fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar