Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1989/2024 01.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında və elektron alt sistemdə qeyd olunan işlədiyi 26 il 9 ay 28 gün müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “əmək kitabçasında və elektron alt sistemdə qeyd olunan işlədiyi 26 il 9 ay 28 gün müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. ƏPHQ-na əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır. Cavabdeh orqana müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə onun tələb olunan 25 il sığorta stajının bitməməsi səbəbi ilə 16 mart 2024-cü il tarixli imtina məktubu göndərmişdir. Belə ki, cavabdehin etiraf etdiyi sığorta stajı 8 il 10 ay 9 gündür. Lakin əmək kitabaçasına və digər sənədlərə əsasən onun ümumi stajı 25 ildən çox təşkil edir. İmtina məktubunu aldığı vaxtdan 30 gün keçməmişdir. Cavabdeh orqan onun sığorta stajını düzgün hesablamamışdır və onun verdiyi imtina qanunsuz və əsassızdır. Cavabdehin etiraf etdiyi 8 il 10 ay 9 gün sığorta stajı ilə hesablamaq istəmədiyi 14 il 2 ay 28 gün sığorta stajını topladıqda, cəmi 23 il 1 ay 7 gün təşkil edir. O, 1974-1977 illərdə kolxozda işləmiş, 1978-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra 1980-1982-ci illərdə yenə kolxozda işləmişdir. Bu illər cəmi 9 il təşkil edir. Əgər cavabdeh kolxozda işlədiyi illəri adam günü və ya əmək günü hesabı ilə hesablayırsa, düzgün hesablamır. Belə ki, AR Nazir.Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 4.1.1-ci yarımbəndin 5-ci abzasında “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edilsin. Yəni, 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1.2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; 1983-cü ilin fevral ayının 03-dən 1986-cı ilin aprel ayının 3-dək “Zaqatala ray.Selxoztexnikada” sürücü işləmişdir (3 il). 1986-cı ilin aprel ayının 03-dən xx.xx.2000-ci ilədək X3 Sovxoz Zavodunda sürücü işləmişdir (14 il 2 ay 28 gün), 2020-ci ilin noyabr, dekabr ayları. 2021-ci ilin yanvar, fevral, mart və aprel aylarında isə Zaqatala şəhəri Qazangül qəsəbəsində yerləşən Tam Orta Məktəbin qazanxanasında ocaqçı işləmişdir, yəni İstilik Sistemləri idarəsində. Burada işlədiyi il və aylar elektron informasiya sisteminin “Pensiya ” altsistemində görünür. Məhkəmə elektron olduğundan, real vaxt rejimində bunu yoxlaya bilər. Bu da cəmi 7 ay təşkil edir. İşlədiyi təşkilatlar və illər aşağıdakı kimi olmuşdur: - Kolxoz 1974-1977, 1980-1982 illər - 7 il, - Hərbi xidmət 1978-1979 illər = 2 il. - “Zaqatala ray.Selxoztexnikada” 1983-1986 illər = 3 il. - “Zaq.Efır Yag. Sov.Zavodunda” 1986-2000 illər=14 il 2 ay 28 gün. - “İstilik sistemlərində” 2020-2021 illər- 7 ay. Bunların cəmi : 7 il + 2 il + 3 il + 14 il 2 ay 28 gün + 7 ay = 26 il 9 av 28 gün. Deməli onun cəmi 26 il 9 ay 28 gün qanuni sığorta stajı vardır. Bu da ona əmək pensiyası təyin edilməsi üçün qanuni əsasdır. İmtina əsassızdır. Belə ki, oturuşmuş məhkəmə təcrübəsi ilə müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan imtina ilə onun pensiya hüququ pozula bilməz. Onun əmək stajını təsdiq edən əmək kitabçası vardır. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinində göstərilən tələblərə əməl olunub, yəni pensiya yaşına çatmışdır və azı 25 il sığorta stajı vardır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajının (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 8 il 10 ay 9 gün təşkil etdiyi bildirilmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 8 il 4 ay 9 gün sığorta stajına uyğun olaraq 8422,36 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 390,47 manat olmaqla, ümumilikdə 8812,83 manat təşkil etdiyi və bu məbləğin pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından az olması səbəbindən əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları’’na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma qeydləri kiril qrafikalı əlifba ilə yazılmışdır, eyni zamanda səlahiyyətli şəxsin imzası yoxdur) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı stajı fərdi uçot məlumatları əsasında nəzərə alınmalıdır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1, 22-1.1-ci maddələrinə, «Pensiya təyinatı uçun əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992- ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 №-li Qərarın 3.2-ci bəndinə istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AT-İİ № 7088825-li Əmək kitabçası, H3 ******* nömrəli hərbi bilet, 1564 nömrəli Kolxozçunun Əmək kitabçası, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, Zaqatala Rayon Dövlət Arxivinin məktubu və ona əlavə edilmiş X3 Sovxoz Zavodundaiddiaçının işləməsinə dair əmr kitablarından çıxarış.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2024-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). İş materiallarından görünür ki, iddiaçı, xx.xx.1977-xx.xx.1979-cu illərdə (2 il, 7 gün) hərbi xidmətdə olmuşdur. xx.xx.1980-xx.xx.1981 (10 ay, 17 gün), xx.xx.1982-xx.xx.1986 (3 il, 8 ay, 22 gün), xx.xx.1986-xx.xx.2000 və 2020-2021-ci illərdə (6 ay) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin iddiaçı, 1974-1977 və 1980-1982-ci illərdə kolxozda işləmişdir. İddiaçının xx.xx.1986-xx.xx.2000-ci illər üzrə əmək fəaliyyəti dövrü cavabdeh orqan tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamış, cavabdeh bu mövqeyini sözügedən dövr üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması ilə əsaslandırmışdır. İddiaçının sözügedən müddət ərzində X3 Sovxoz Zavodunda işləməsi işdə olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli cavabdehə ünvanladığı məktubuna əlavə edilmiş əmr kitabından çıxarışlarla sübut olunur. İddiaçının kolxozda işlədiyi dövr nəzərə alınmadan bütövlükdə sosial sığorta stajının cəmi 21 il, 4 ay, 24 günə bərabərdir. İddiaçının kolxozda işlədiyi müddətin hesablanmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının minimum adam günü normasını yerinə yetirməsi şərti ilə onun kolxozda işlədiyi müddət hesablandıqda həmin dövr - 2 il, 8 ay, 28 günə bərabər olur. Bu müddət yuxarıda qeyd edilmiş - 21 il, 4 ay, 24 gün sosial sığorta stajı ilə toplandıqda iddiaçının 24 il 1 ay 22 gün ümumi sosial sığorta stajı yaranır ki, bu da tələb olunan minimum 25 il sığorta stajından azdır. İddiaçı hesab edir ki, AR Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 4.1.1-ci yarımbəndin 5-ci abzasında “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edildiyindən onun kolxozda işlədiyi müddət 7 ilə bərabər hesab edilməli və minimum adam günü normasının yerinə yetirilib yetirilməməsi araşdırma predmeti olmamalıdır. Məhkəmə iddiaçının dəlilini əsassız hesab edərək qeyd edir ki, istinad olunan dəyişiklik 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ilə bağlı kolxozçunun əmək kitabçasını müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmadığı halda da, zəruri sənəd kimi qəbul edilməsini nəzərdə tutmuşdur. Yəni, müvafiq dəyişiklik kolxozda 1 gün belə işləmiş şəxslərə münasibətdə həmin müddətin bütöv tam il olaraq qəbul edilməsini nəzərdə tutumur. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmaması əvvəllər kolxozçunun əmək kitabçasının sosial sığorta stajını müəyyən edən sənəd kimi qiymətləndirilməsini istisna edirdi. Kolxozlar artıq mövcud olmadığından, həmin qeydlərin natamamlığının aradan qaldırılması mümkünsüz olduğundan dəyişiklikdən sonra müvafiq qeydlərin (əmək iştirakı minimumu) olmaması müraciət edənin ziyanına şərh olunmayacaq, kolxoçunun əmək kitabçası sosial sığorta stajını müəyyən edən sənəd kimi qəbul ediləcəkdir. Lakin bu heç də iddiaçının əmək iştirakı minimumunu yerinə yetirib yetirməməsinin yoxlanılmayacağı kimi başa düşülməməlidir. Məhkəmə təcrübəsindən məlumdur ki, bir sıra hallarda kolxozçunun əmək kitabçası olduğu halda həmin əmək kitabçasında əmək iştirakı minimumu ilə bağlı qeydlər, o cümlədən sözügedən kolxozun arxiv sənədləri mövcud olmur. İddiaçı yalnız o zaman işlədiyi illərin tam 1 il kimi stajına daxil edilməsini tələb etməkdə haqlı sayıla bilər ki, onun əmək kitabçasında əmək iştirakı minimumu ilə bağlı qeyd ümumiyyətlə olmasın, həmçinin arxiv sənədlərində də, həmin kolxoza aid hesablaşma kitabları müvafiq məlumatların əldə edilməsinə imkan verməsin (bu zaman şəxsin müvafiq kolxozda əmək iştirakı minimumunu yerinə yetirməməsini sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşəcəkdir). Hazırkı işdə isə iddiaçının əmək minimumunu hansı qaydada yerinə yetirməsi aşkar görünür. Belə ki, iddiaçı 1975-ci ildə 12 gün adam günü işləmişdir. Həmin ilin bütövlükdə staj olaraq nəzərə alınması əmək iştirakı minumumunu tam yerinə yetirən (240 gün və ondan artıq işləmiş şəxslər) şəxslərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin birbaşa pozulmasına səbəb olacaqdır. Buna görə də, məhkəmə minimum adam günü normasını tam yerinə yetirmiş şəxslərlə iddiaçı arasında fərq qoyulmadan bütövlükdə natamam işlənmiş illərin tam il kimi qəbul edilməsini ədalətli hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında və elektron alt sistemdə qeyd olunan işlədiyi 26 il 9 ay 28 gün müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.