Məhkəmə qərarları › İş №2-1(116)-2/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2/2022 24.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X21, X22, X6 və X23, X11, X8, X12) "X9 adına tərtib olunmuş A seriyalı 228947 nömrəli, Dövlət Kadastrı kitabında 18.02.2010-cu il tarixdə 4800 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəd əsasında tərtib olunmuş 1 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın və A seriyalı 164526 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X21, X22, X6 və X23) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “üçüncü şəxslər X21, X22, X6 və X13 adına işlənmiş 0.1193 ha həyətyanı torpaq sahəsinə verilmiş “çıxarış”ın ləğv edilməsi və həmin torpaq sahəsinə dair “çıxarış”ın adına verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində aqrar islahat keçirilən zaman iddiaçı və ailəsinin qanuni istifadəsində olan 0.12 ha həyətyanı torpaq sahəsi və ailənin digər iki nəfər üzvünə adambaşına 0.40 ha olmaqla cəmi 1.90 ha torpaq payı mülkiyyətə verilmişdir. Zaqatala rayon AİK-nın qərarı ilə iddiaçı və ailə üzvlərinə 0.12 ha həyətyanı torpaq sahəsi və 1.20 ha pay torpaq sahəsinin verilməsinə baxmayaraq, onların adına Dövlət aktları tərtib edilməmişdir. İddiaçıya həyətyanı torpaq sahəsi kolxozun idarə heyətinin qərarına əsasən 1994-cü ildə verilmiş və torpaq islahatı vaxtında da onun mülkiyyətinə verilmişdir. Lakin iddiaçının qardaşı Nuribəy Dadayev 2010-cu ildə onun xəbəri və razılığı olmadan iddiaçının mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsini saxta sənədlər əldə etməklə X14 adına rəsmiləşdirmiş və 0.12 ha həyətyanı torpaq sahəsinin Rövşən Dedeyevin mülkiyyətində olmasına dair sənəd əldə etmişdir. İddiaçı qeyd edilən nöqsanın aradan qaldırılması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 22.07.2019-cu il tarixli **********46 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında DT və XK tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmin sənəd əsasında dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın iddiaçının ərizəsi əsasında ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir. İddiaçı aiddiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh orqan 23.07.2019-cu il tarixli **********57 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, AİK-nın 22.05.2004-cü il tarixli, 113 saylı qərarı ilə X15 və digərlərinə Zaqatala rayonu, Əliabad qəsəbəsində 0.1193 ha torpaq sahəsi verilmiş və ləğv edilmiş DT və XK tərəfindən A seriyalı 228947 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin 0.1193 ha torpaq sahəsi X21 və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 01.08.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxs X21 məhkəməyə 22.07.2019-cu il tarixli “iddia tələbinə dair” etiraz ərizəsi ünvanlayaraq, qeyd etmişdir ki, 0.1193 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir və bu mülkiyyət hüququ müvafiq çıxarışla rəsmiləşdirilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi 0.1293 ha torpaq sahəsi nə faktiki, nə də sənəd üzərində yoxdur. Həmçinin torpaq sahəsi heç vaxt iddiaçıya məxsus olmamış və mübahisələndirilən torpaq sahəsi Rövşən Dedeyev və onun ailə üzvlərinə torpaq islahatı zamanı verilmişdir. İddiaçı 16.09.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, "X9 adına tərtib olunmuş A seriyalı 228947 nömrəli, Dövlət Kadastrı kitabında 18.02.2010-cu il tarixdə 4800 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəd əsasında tərtib olunmuş 1 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın və A seriyalı 164526 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşdə olan A seriyalı 228947 nömrəli, Torpaq Kadastrı kitabında 18.02.2010-cu ildə 4800 nömrə ilə uçota alınmış DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 22.05.2004-cü il tarixli, 113 saylı qərarı ilə 1200 kv.m həyətyanı torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir. İşdə olan DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən A seriyalı 228947 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında tərtib edilmiş A seriyalı 164526 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 0.1193 ha həyətyanı torpaq sahəsi X14 xüsusi mülkiyyətindədir. İşdə olan RX seriyalı, ******* nömrəli, 01.08.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 0.1193 ha həyətyanı torpaq sahəsi X21, X22, X6 və X13 ümumi birgə mülkiyyətindədir. İşdə olan “Zaqatala rayonu Əliabad qəsəbəsi “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə dair” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 31-ci sırada X25 və X10, 1087-ci sırada X14, 1311-ci sırada X26 və X2, 1171-ci sırada İddiaçı qızının, X29 və X18 adları qeyd edilmiş, qanuni istifadələrində 0.12 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. İşdə olan 05.11.2019-cu il tarixli mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, sənədlərə əsasən İddiaçı ayrılaraq təhkim edilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Ancaq iddia etdiyi torpaq sahəsi özünün göstərdiyi ərazi naturada ölçülmüş və sxemdə göstərilmişdir. İddiaçının göstərdiyi torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin Elektron Baza məlumatlarına əsasən 0.12 ha həyətyanı torpaq sahəsi DƏDRX tərəfindən RX seriyalı ******* nömrəli çıxarışla X21, X22, X6 və X13 ümumi birgə mülkiyyətinə işlənilmişdir. Həmin 0.12 ha həyətyanı torpaq sahəsi X14 adına olan 01.08.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda və eyni tarixli A seriyalı 164526 nömrəli plan-ölçü sənədində göstərilən 0.1193 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. İşdə olan X14 nümayəndəsi və vəkili X16 01.12.2020-ci il tarixli vəsatətindən görünür ki, onlar işdə olan 05.11.2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilənlərlə razılaşmamış və yenidən ekspertizanın keçirilməsini xahiş etmişlər. Məhkəmənin 09.02.2021-ci il tarixli 2-1(116)-18/2021 nömrəli qərardadı ilə (hakim: İlqar Cabbarov) iş üzrə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “X17” MMC-nin ekspertlərinə tapşırılmışdır. Mərkəz tərəfindən tərtib edilmiş 19.03.2021-ci il tarixli, 117 nömrəli ekspert rəyindən və ona əlavə edilmiş sxmdən görünür ki, iddiaçıya sənədlər üzrə verilmiş torpaq sahəsi X14 faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşir. İşdə olan cavabdeh orqanın 08.05.2021-ci il tarixli **********54 nömrəli məktubunda qeyd edilir ki, “X17” MMC-nin 19.03.2021-ci il tarixli ekspert rəyində qeyd edilmiş koordinatlar üzrə araşdırma aparılan zaman müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Zaqatala rayonu, Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələri barədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 13.04.2018-ci il tarixdə təsdiq edilmiş 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron elektron siyahılarında və həmin siyahılara uyğun elektron baza məlumatlarında 985 nömrəsi ilə 0.13 ha ölçüdə X4, X3 və X5 adına qeyd edilmişdir. Məhkəmənin 01.07.2021-ci il tarixli 2-1(116)-18/2021 nömrəli qərardadı ilə (hakim İlqar Cabbarov) X4, X3 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya 03.12.2021-ci il tarixdə yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən, hazırkı iddia tələbinin “X14 adına tərtib olunmuş A seriyalı 228947 nömrəli, Dövlət Kadastrı kitabında 18.02.2010-cu il tarixdə 4800 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəd əsasında tərtib olunmuş 1 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın və A seriyalı 164526 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” hissəsində mümkünlüyü məsələsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirmək təklif olunmuşdur. İddiaçı məktuba münasibət bildirərək (məktub məhkəməyə 13.01.2022-ci il tarixdə daxil olmuşdur) qeyd etmişdir ki, A seriyalı 228947 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun tərtib edilməmişdir. Belə ki, bu halı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq tərtib edilmiş islahat xəritələrinə diqqət etdikdə bu halı müəyyən etmək mümkündür. Bununla yanaşı, işdə olan sənədlərdən də həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması müəyyən edilir. Məhkəmə yenidən 27.12.2021-ci il tarixdə iddiaçıya yardım məktubu ünvanlamışdır. Məktubda qeyd edilmişdir ki, məhkəmənin 24.12.2021-ci il tarixdə keçirilən iclasında iddia tələbinin “X9 adına tərtib olunmuş A seriyalı 228947 nömrəli, Dövlət Kadastrı kitabında 18.02.2010-cu il tarixdə 4800 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəd əsasında tərtib olunmuş 1 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın və A seriyalı 164526 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” hissəsinin mümkün olmaması ilə bağlı məhkəmənin hüquqi mövqeyi ona izah edilmişdir. Yeni ünvanlanmış məktubla iddiaçının nəzərinə çatdırılmışdır ki, iddianın ikinci hissəsi, yəni “həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilkin tələbdən asılı tələb olduğundan, ilkin tələbin qeyri-mümkün olması həmin hissədə də iddianın mümkün sayılmamasına gətirib çıxarır. Belə ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbin ilkin hissəsi təmin olunduğu halda mümkün ola bilərdi ki, hazırkı halda isə iddianın ilk hissəsi mümkünlük şərtlərinə cavab vermədiyi üçün tələbin ikinci hissəsinə də mahiyyəti üzrə baxılması mümkün deyil. İddia tələbinin mümkünlük məsələsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilmişdir. Yardım məktubu 05.01.2022-ci il tarixdə alınmasına baxmayaraq, məktubda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin ilk hissəsi ilə əlaqədar zəruri olaraq qeyd edir ki, ləğv edilməsi tələb edilən A seriyalı 164526 nömrəli 01.08.2017-ci il tarixli DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X14 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və RX seriyalı ******* nömrəli, 01.08.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 228947 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmişdir. Komitə tərəfindən tərtib edilən A seriyalı 228947 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən göründüyü kimi 1200 kv.m torpaq sahəsi X15 Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 nömrəli qərarı ilə verilmişdir. Odur ki, iddia tələbinin plan-ölçü sənədlərinin ləğvi hissəsi ilə bağlı müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. X7 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin bununla bağlı məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X7 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X35 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X7 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvi tələb edilən plan-ölçü sənədlərinin verilməsinə əsas olmuş Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş planölçü sənədləri mübahisələndirilə bilməz. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, iddianın ikinci hissəsi, yəni “həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilkin tələbdən asılı tələb olduğundan, ilkin tələbin qeyri-mümkün olması həmin hissədə də iddianın mümkün sayılmamasına gətirib çıxarır. Belə ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbin ilkin hissəsi təmin olunduğu halda mümkün ola bilərdi ki, hazırkı halda isə iddianın ilk hissəsi mümkünlük şərtlərinə cavab vermədiyi üçün tələbin ikinci hissəsinə də mahiyyəti üzrə baxılması mümkün deyil. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X21, X22, X6 və X23, X11, X8, X12) "X9 adına tərtib olunmuş A seriyalı 228947 nömrəli, Dövlət Kadastrı kitabında 18.02.2010-cu il tarixdə 4800 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəd əsasında tərtib olunmuş 1 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışın və A seriyalı 164526 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar