Məhkəmə qərarları › İş №2-1(116)-2/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2/2023 18.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2014-cü il tarixli 17 saylı sərəncamının iddiaçıya ayrılan torpaq sahəsinin üzərinə düşən 70,3 ha hissədə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli 17 saylı sərəncamının və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Göyçay rayonu İnçə kəndi ərazisində “Qumlaq” adlanan 15 nömrəli X9 160 hektar qış otlaq sahəsi 2001-ci ildən iddiaçının istifadəsindədir. Həmin otlaq sahəsi Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 17 oktyabr 2001-ci il tarixli 1247 saylı sərəncamına əsasən iddiaçının icarəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti tamam olduqdan sonra Cavabdehnə ərizə ilə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmiş və Cavabdeh başçısının Göyçay rayonu ərazisindəki “Qumlaq” adlanan 15 nömrəli X9 uzun müddətli istifadə etmək üçün icarəyə qış otlaq sahəsinin ayrılması barədə 06 may 2013-cü il tarixli 30 saylı sərəncamına əsasən 160 hektar qış otlaq sahəsi icarəyə verilmişdir. 07 may 2013-cü il tarixdə cavabdehlə iddiaçı arasında “Qumlaq” adlanan 15 nömrəli X9 160 hektar torpaq sahəsi 15 il müddətinə qoyunçuluğun inkişafı üçün istifadəsinə verilmişdir. X4 iddiaçıya qarşı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılma, torpaq sahəsinə girişinə qadağa qoyulması, icarə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair mülki işin baxılmasına dəvət edilərkən iddiaçıya məlum olmuşdur ki, onun istifadəsində olan 160 hektar torpaq sahəsinin 80 ha hissəsi üçüncü şəxsə icarəyə verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2/2023 nömrəli qərardadı ilə X4 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Üçüncü şəxs X4 tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və “Cavabdeh xx.xx.2014-cü il tarixli 17 saylı sərəncamının iddiaçıya ayrılan torpaq sahəsinin üzərinə düşən 70,3 ha hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən sərəncam xx.xx.2014-cü il tarixində qəbul edilmiş, iddiaçı mübahisəli sərəncamdan Göyçay Rayon Məhkəməsində baxılan mülki işin icraatı zamanı, yəni 2020-ci ilin may ayında məlumatlı olmuş və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə cavabdehin sərəncamını mübahisələndirmişdir ki, belə olduğu halda iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İş materiallarında olan: Göyçay RİH başçısının 30 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamından görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixli 247 nömrəli sərəncamla ona verilmiş 160 ha qış otlaq sahəsinin müqavilə müddəti başa çatdığı üçün müddətin uzadılmasına dair sərəncam verilməsini xahiş etmiş və Göyçay RİH başçısının 30 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Göyçay rayonunun inzibati ərazisindəki “Qumlaq” adlanan 15 nömrəli X9 ümumi sahəsi 160 hektar olan qış otlaq sahəsi İddiaçı icarəsinə verilmişdir. xx.xx.2013-cü il tarixli 10 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, 160 hektar torpaq sahəsi xx.xx.2013-cü il tarixli 30 nömrəli sərəncamla 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Göyçay RİH başçısının xx.xx.2014-cü il tarixli 17 nömrəli sərəncamından görünür ki, X4 xx.xx.2001-ci il tarixli 287 nömrəli sərəncamla ona verilmiş 150 ha qış otlaq sahəsinin müqavilə müddəti başa çatdığı üçün müddətin uzadılmasına dair sərəncam verilməsini xahiş etmiş və Göyçay RİH başçısının 17 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Göyçay rayonunun inzibati ərazisindəki “İnçə ayağı” adlanan 11 nömrəli X9 ümumi sahəsi 150 hektar olan qış otlaq sahəsi X2 icarəsinə verilmişdir. xx.xx.2014-cü il tarixli 21 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, 150 hektar torpaq sahəsi xx.xx.2014-cü il tarixli 17 nömrəli sərəncamla 10 il müddətinə X2 istifadəsinə verilmişdir. Qəbələ RİH başçısı aparatının xx.xx.2020-ci il tarixli, 2/1777/456 nömrəli məktubunda qeyd olunur ki, Qəbələ rayon X7 Rayon İcra Hakimiyyəti başçısının 247 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən bağlanmış icarə müqaviləsi və “Qumlaq” adlanan 15 nömrəli X9 160 hektar hissəyə dair yerquruluşu sxemi, Qəbələ Rayon İcra hakimiyyəti başçısının 287 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən bağlanmış icarə müqaviləsi və “İncə ayağı” adlanan 11 nömrəli X9 150 hektar hissəyə dair yerquruluşu sxemi aşkar edilməmişdir. Qəbələ RİH başçısı aparatının xx.xx.2020-ci il tarixli, 2/1777/456 nömrəli məktubuna əlavə olunmuş Qəbələ RİH başçısının xx.xx.2001-ci il tarixli 247 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Qəbələ rayonunun Əmirvan kənd sakini X1 Göyçay rayonunun ərazisindəki “Qumlaq” adlanan 15 nömrəli X9 80 hektar torpaq sahəsi icarəyə verilmişdir. Qəbələ RİH başçısı aparatının xx.xx.2020-ci il tarixli, 2/1777/456 nömrəli məktubuna əlavə olunmuş Qəbələ RİH başçısının xx.xx.2001-ci il tarixli 287 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Qəbələ rayonunun Əmirvan kənd sakini X3 Göyçay rayonunun ərazisindəki “İnçə ayağı” adlanan 11 nömrəli X9 150 hektar torpaq sahəsi icarəyə verilmişdir. X10 filialının xx.xx.2020-ci il tarixli, 106 nömrəli məktubunda qeyd olunur ki, Cavabdeh Başçısının 2001-ci ildə cəmi 226 sərəncamı olmuşdur. Odur ki, məktubda göstərildiyi kimi 2001-ci il tarixli 247 və 287 saylı sərəncamlardan çıxarış vermək mümkün olmadı. Həmçinin, 2001-ci ilə dair bütün sərəncamlar araşdırıldı və İddiaçı icarəyə torpaq götürməsi barədə heç bir sərəncam aşkar olunmadı. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış və A seriyalı 210580 nömrəli plan-ölçü sənədindən görünür ki, dövlət mülkiyyətində olan 150 ha torpaq sahəsi Göyçay RİH xx.xx.2014-cü il tarixli 17 nömrəli sərəncamı və xx.xx.2014-cü il tarixli 21 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək X2 icarəsinə verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********12 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı məxsus iş materiallarında heç bir texniki sənəd teqdim edilmədiyindən məktubun ikinci sualının cavablandırılması mümkün olmamışdır. İddiaçı aid iş materiallarında heç bir texniki sənəd təqdim edilmədiyindən onun naturada göstərdiyi torpaq sahəsi ilə sənədində göstərilən torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Üçüncü şəxs X3 ayrılmış torpaq sahəsinə aid təqdim edilmiş sxemdə göstərilən cizgi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqi mövcuddur. AN 210850 15№ li torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilmədiyindən məktubun dürdüncü sualının cavablandırılması mümkün olmamışdır. İddiaçı aid “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyindən məktubun beşinci sualının cavablandırılması mümkün olmamışdır. Cavabdeh məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, müvafiq texniki sənədlər olmadığından İddiaçı icarəyə verilmiş 160 ha qış otlaq sahəsinin Qəbələ rayon sakini X2 icarəsinə verilmiş 150 ha qış otlaq sahəsinin eyni olub-olmaması bardə dəqiq məlumat verilməsi mümkün olmamışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinin sxematik təsvirini məhkəməyə təqdim edilməmiş, ayrılmış torpaq sahəsinin dəqiq yerini müəyyən etməyə imkan verən sxeminin tərtib edilmədiyini bildirmişdir. İş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert vəsatəti əsasında mütəxəssis rəyinin alınması məqsədilə məhkəmə tərəfindən müraciət edilmiş, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin yeri göstərilmədiyindən mütəxəssis rəyi əldə olunmamış, bu səbəbdən də ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq yerini müəyyən etməyə imkan verən sxematik təsvir, torpaq sahəsinin planı və ölçüsü və ya digər koordinatlar olmadığından məhkəmə tərəfindən iş ekspertizanın aparılması üçün təkrar göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər izahatlarında “Qumlaq” və “İncə ayağı” adlanan ərazilərin bir birindən fərqli istiqamətdə yerləşdiyini, aralarında 10 kilometrdən artıq məsafə olduğunu bildirmişlər. İddiaçı bunu təsdiq edərək, ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən plan-sxemin tərtib edilmədiyini bildirmişdir. Məhkəmə işin hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikasının “Torpaq məcəlləsi”nin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. 8-ci hissəsinə görə örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin 51-ci maddəsinə görə, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 66cı maddənin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə mübahisələndirmə haqqında iddialarda mübahiələndirilən inzibati aktın qanuniliyinə qiymət verilir. Göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Belə ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi iş materialları ilə müəyyən edilməmiş, iddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2014-cü il tarixli 17 saylı sərəncamının iddiaçıya ayrılan torpaq sahəsinin üzərinə düşən 70,3 ha hissədə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar