Məhkəmə qərarları › İş №2-1(116)-20/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-20/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-20/2021 03.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “26.02.2019cu il tarixli 0181 saylı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərbi xidmətə bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2003-2007-ci illərdə Heydər Əliyev adına Ali Hərbi məktəbdə, 2007-2008-ci illərdə “Salyanski kazarma”da təkmilləşdirmə kurslarında təhsil almışdır. İddiaçı 2008-ci ildən 2015-ci ilədək Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə, 2015-2017-ci illərdə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə, 2017-2019cu illərdə Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. İddiaçı bütün xidmət illərini ön cəbhədə keçirmişdir. Xidmət illərinin bitməsinə az müddət qalmış heç bir ciddi əsas olmadan o, 21.02.2019-cu il tarixdə Müdafiə nazirinin əmrinə əsasən xidməti uyğunsuzluğa görə ordudan tərxis edilmişdir. İddiaçı hesab edir ki, onun bu qaydada ordudan tərxis edilməsi qanunsuz və əsassızdır. İddiaçının anası X1 oğlunun yenidən həqiqi hərbi xidmətə bərpa olunmaq istəy barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. İddiaçıya 21.11.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbində dəqiqləşdirmə aparması təklif edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı 28.11.2019-cu il tarixli ərizəsində Azərbaycan Respublikası Müdafiə nazirinin 26.02.2019-cu il 0181 saylı əmrinin dəyişdirilməsində və yaxud ləğv edilməsi barəsində xidmət illərini nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıya 24.12.2019-cu il tarixli yardım məktubu ünvanlayaraq tələbinin aydın ifadə olunmadığını qeyd etmiş və yenidən dəqiqləşdirmə aparmasını xahiş etmişdir. İddiaçı 23.01.2020-ci il tarixli ərizəsində Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı 26.02.2019-cu il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 01.10.2019-cu il tarixli, 11/4738 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır, qanunsuzdur və aşağıdakı səbəblərə görə təmin oluna bilməz: Belə ki, İddiaçı dəfələrlə xidmət yerini özbaşına tərk etmiş, Tərtər Hərbi Məhkəməsinin 13.12.2018-ci il tarixli hökmü ilə AR CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İddiaçı 26.02.2019-cu ildə “Hərbi xädmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (“xidməti uyğunsuzluğa görə”) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr təqdimat əsasında verilmişdir. İddiaçı ilə söhbətləşmələr aparılmışdır. Təqdimata əsasən, iddiaçı xidməti vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir, vəzifəsinin məsuliyyətini dərk etmir və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil. Şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədədir. Nizamnamə qaydalarını zəif bilir və gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Tabeliyində olan şəxsi heyətə qarşı tələbkarlığı lazımi səviyyədə deyil. İddiaçı “döyüş və döyüşə hazırlıq nizam-intizam və qoşun xidmətinin təşkilində nöqsanlara yol verdiklərinə və zəif nəticələr göstərdiklərinə görə” və s. 2017-ci ildə “töhmət”, 24.03.2018-ci ildə “şiddətli töhmət”, 24.03.2018-ci ildə “töhmət”, 31.03.2018-ci ildə “şiddətli töhmətlər”, 11.04.2018-ci ildə “şiddətli töhmət”, 30.04.2018-ci ildə “şiddətli töhmət”, 04.05.2018-ci ildə “şiddətli töhmətlər", 05.07.2018-ci ildə “şiddətli töhmətlər” verilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. O, 26.02.2019-cu il tarixdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb, 2019-cu ilin avqustunda məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair“ 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki, ... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tututlmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması ) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)" Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21.02.2020-ci il tarixli, 2-1(116)-90/2020 nömrəli qərardadı ilə iddiaçının “Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı 26.02.2019-cu il tarixli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan sonra İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.05.2020-ci il tarixli, 2-1(107)-185/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati Məhkəməsinin 21.02.2020-ci il tarixli, 2-1(116)- 90/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün 10.06.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin dəftərxanasına 11.06.2020-ci il tarixdə daxil olmuş və həmin tarixli sərəncamla işin icraatı yenidən başlanmışdır. Cavabdeh orqan tərəfindən məhkəməyə iddia tələbinə dair 01.10.2019-cu il tarixli etirazda göstərilənlər yenidən qeyd olunmaqla 06.08.2020-ci il tarixli etiraz ünvanlanmışdır. İddiaçı 01.03.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbində dəqiqləşdirmə aparmış və “26.02.2019-cu il tarixli, 0181 saylı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçının ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı C.Naxçıvanski adına hərbi litseydə, H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində təhsil almış, 171, N və N saylı hərbi hissələrdə xidmət etmişdir. Ona Müdafiə nazirinin 22.06.2007-ci il tarixli, 0334 nömrəli əmri ilə leytenant, 26.06.2010-cu il tarixli, 05ZRT nömrəli əmri ilə isə baş-leytenant hərbi rütbəsi verilmişdir. Hərbi biletin 5-ci səhifəsində iddiaçının 08.03.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 26.02.2019-cu il tarixli, 0181 nömrəli əmri ilə ordudan ehitiyata buraxıldığı qeyd edilmişdir. İş materiallarında olan cavabdehin etiraz məktubuna əlavə edilən iddiaçının xidməti vərəqəsindən çıxarışın surətindən müəyən edilir ki, iddiaçıya N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə 01.10.2017-ci il tarixdə “töhmət”, 24.03.2018-ci il tarixdə “verilən tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə, bölüyün sənədlərini vaxtında və səliqəli işləmədiyən görə” “şiddətli töhmət”, 24.03.2018-ci il tarixdə “hərbi əmlakın qorunub saxlanılmasına zəif nəzarət etdiyinə görə“ “töhmət”, 31.03.2018-ci il tarixdə “hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən gecikdiyinə və xidmət yerinə vaxtında gəlmədiyinə görə” “şiddətli töhmət”, 31.03.2018-ci il tarixdə “mart ayı ərzində döyüş və döyüşə hazırlıq, nizam-intizam və qoşun xidmətinin təşkilində nöqsanlara yol verdiyinə və eləcə də zəif nəticələr göstərdiyinə görə” “şiddətli töhmət”, 11.07.2018-ci il tarixdə “hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən gecikdiyinə və xidməti yerinə vaxtında gəlmədiyinə görə” “şiddətli töhmət” kimi cəza növü verilmiş, həmçinin 05.03.2018-ci il tarixdə “fevral ayı ərzində döyüş və döyüşə hazırlıq, nizam-intizam və döyüş xidmətinin təşkilində yüksək göstəricilər əldə etdiyinə görə” “əvvəllər verilmiş intizam cəzasının götürülməsi” kimi həvəsləndirmə növü müəyyən edilmişdir. Həmçinin Tərtər Hərbi Məhkəməsinin 13.12.2018-ci il tarixli, 1(098)-364/2018 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Hökm icra olunması üçün 04.01.2019-cu il tarixli məktubla N nömrəli hərbi hissənin komandiri Fikrət Abdullayevə göndərilmişdir. İş materiallarında olan 16.01.2019-cu il tarixli 1-ci Söhbət vərəqəsinin surətindən görünür ki, iddiaçı xidmət etdiyi müddətdə yol verdiyi nöqsanları etiraf etmiş, bütün xidməti ön cəbhədə etdiyini nəzərə alaraq ehtiyata buraxılmamasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçıla aparılan 26.01.2019-cu il tarixli 2-ci söhbət vərəqinin surətindən müəyyən edilir ki, xidməti müddətində etdiyi nöqsanlardan peşman olmuş, etdiyi səhvlərin bir daha təkrar olunmayacağına söz vermiş, uzun müddət xidmətini nəzərə alaraq ona yenidən xidmət etməsi üçün imkan yaradılmasını xahiş etmişdir. İş materiallarında olan 26.02.2019-cu il tarixli təqdimatın surətindən görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun deyil, bu səbəblə N nömrəli hərbi hissə komandiri tərəfindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 26.02.2019-cu il tarixli, 0181 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7014-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri baş leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan SHXÇDX-nin Qəbələ rayon şöbəsinin 15.10.2020-ci il tarixli, 354 nömrəli arayışından görünür ki, iddiaçı 21.09.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılmış və həmin tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Şöbənin 11.03.2021-ci il tarixli, 386 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı şəxsi işi ilə birlikdə 21.09.2020-ci il tarixdə N saylı hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin vəzifələrini icra edən polkovnik-leytenant Sadiq Hüseynov və 4-cü taborun komandiri Elsevər Axundov tərəfindən İddiaçı barədə tərtib edilən xidməti xasiyyətnamədə qeyd edilir ki, iddiaçı özünü intizamlı bir hərbi qulluqçu kimi göstərmişdir. Xidməti dövründə xidmət etdiyi bölükdə nizam-intizamın, döyüş və ictimai-siyasi hazırlığın yüksək səviyyədə olmasına daim köməklik etmişdir. Bölüyün şəxsi heyətinin geyim formasını səliqəli və təmiz geymələrinə daim nəzarət etmiş və onların zahiri görünüşlərinə diqqət yetirmişdir. Vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır. Xocavənd və Suqovuşan yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Yuxarı rəislər və komandirlər tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmişdir. Hərbçi peşəsini sevir. Hərbi geyimini səliqəli saxlayır və düzgün geyinir. Öz üzərində çalışır. Fiziki və əqli cəhətdən sağlamdır. İş materiallarında olan SHXÇDX-nin Qəbələ rayon şöbəsinin 15.04.2021-ci il tarixli, 525 nömrəli məktubuna əlavə edilən sənədlərin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin 21.09.2020-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin 26.09.2020-ci il tarixli, 279 nömrəli əmri ilə 4-cü taborun minatan batareyasının 2-ci taqımının komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin 05.03.2021-ci il tarixli, 69 nömrəli əmri ilə ilə ehtiyata tərxis edildiyinə görə 05.03.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Şöbənin məktubuna əlavə edilən sənəddə qeyd edilir ki, iddiaçı Azərbaycan Respublikasının bütövlüyü uğrunda Ağdam rayonu, Suqovuşan kəndi və Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin 23.04.2021-ci il tarixli, 1/Q-9309 nömrəli məktubunda qeyd edilir ki, ehtiyatda olan baş leytenant İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2371 nömrəli 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalı ilə təltif edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. X2 Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-185/2020 nömrəli, 12.05.2020-ci il tarixli qərardadı ilə iddiaçının müddəti ötürmədiyi müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddia əsassızdır. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 2-ci bəndində əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. 146-cı bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. 156-cı bəndinin e) yarımbəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 158-ci bəndinə əsasən törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Müdafiə nazirinin 26 fevral 2019-cu il tarixli 0181 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 701-ci Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7014-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri baş leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının “Xidmət vərəqəsi”ndə iddiaçıya N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə 01.10.2017-ci il tarixdə “töhmət”, 24.03.2018-ci il tarixdə “verilən tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə, bölüyün sənədlərini vaxtında və səliqəli işləmədiyən görə” “şiddətli töhmət”, 24.03.2018-ci il tarixdə “hərbi əmlakın qorunub saxlanılmasına zəif nəzarət etdiyinə görə” “töhmət”, 31.03.2018-ci il tarixdə “hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən gecikdiyinə və xidmət yerinə vaxtında gəlmədiyinə görə” “şiddətli töhmət”, 31.03.2018-ci il tarixdə “mart ayı ərzində döyüş və döyüşə hazırlıq, nizam-intizam və qoşun xidmətinin təşkilində nöqsanlara yol verdiyinə və eləcə də zəif nəticələr göstərdiyinə görə” “şiddətli töhmət”, 11.07.2018-ci il tarixdə “hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən gecikdiyinə və xidməti yerinə vaxtında gəlmədiyinə görə” “şiddətli töhmət” kimi cəza verilməsinə dair qeydlər vardır. Həmçinin Tərtər Hərbi Məhkəməsinin 13.12.2018-ci il tarixli, 1(098)-364/2018 nömrəli hökmündən müəyyən olunur ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 30.01.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib, 500 manat miqdarında cərimə cəzasına, Gəncə Hərbi Məhkəməsinin 12.01.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 400 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Axırıncı dəfə iddiaçı Tərtər Hərbi Məhkəməsinin 13.12.2018-ci il tarixli, 1(098)-364/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğu müddət ərzində barəsində tətbiq edilmiş intizam cəzalarından nəticə çıxarmayaraq qanunvericiliklə (Hərbi xidmətkeçmə haqqında Əsasnamə) üzərinə qoyulmuş vəzifə və öhdəliklərini yerinə yetirməmiş, onun şəxsi və peşə keyfiyyətləri hərbi xidmətini davam etdirməsi üçün kifayət deyildir. Məhkəmə hesab edir ki, xidməti vəzifələrinin icrasına laqeydlik nümayiş etdirən, xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən, xidməti və şəxsi keyfiyyətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini davam etməsinə imkan verməyən iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyyata buraxılması qanuni olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının xidməti uyğunsuzluğa görə Müdafiə nazirinin 0181 №-li 26 fevral 2019-cu il tarixli əmri ilə ehtiyata buraxılması qanunauyğun olduğundan iddia tələbi əmrin ləğvi hissəsində əsassızdır və rədd edilməlidir. İddia tələbinin digər, yəni hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın qeyd olunan hissəsi birinci hissənin (Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 №-li 26 fevral 2019-cu il tarixli əmrinin ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddianın digər hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “26.02.2019cu il tarixli 0181 saylı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar