Məhkəmə qərarları › İş №2-1(116)-20/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-20/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-20/2023 24.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X2 oğlu və üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu, İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi X8 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 iyun 2021-ci il tarixli, **********26 nömrəli məktubu ilə təqdim olunmuş hüquqların qeydiyyatından imtina qərarının ləğv olunması və Qax rayonu, İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 5 iyun 1986-cı il tarixli 3 №-li qərarı ilə anbar binasının tikintisi üçün 0,7 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair qərar Qax rayon XDS İcraiyyə Komitəsinin 17 iyul 1986-cı il tarixli qərarı ilə təsdiq olunmuşdur. Ayrılması qərara alınmış torpaq sahəsi və anbar binası “Kirov” adına kolxozun 31 dekabr 1987-ci il tarixli 6 №-li qərarı ilə “Ulduz” zavoduna satılmış və satış barədə qərar da Qax rayon X19 şurasının 1988-ci il 2 №-li Protokolu ilə Şura iclasında təsdiq olunmuşdur. Respublika Veteran kooperativləri birliyi və Azərbaycan “Ulduz” İstehsalat Birliyinin birgə verdiyi xx.xx.1991-ci il tarixli əmrlə İddiaçı kiçik müəssisəsi təsis edilmişdir. Həmin əmrin 4-cü bəndi ilə torpaq sahəsi də İddiaçı kiçik müəssisəsinə ayrılmışdır. Qeyd olunan əmrə əlavə olaraq qəbul edilmiş “Azərbaycan Elmi- İstehsalat Birliyi”nin “Ulduz” zavodunun xx.xx.1993-cü il tarixli əmrinin 2-ci bəndində göstərilmişdir ki, “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexi və torpaq sahəsi qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəsisəsinə təhvil verilsin. “İmpuls” müəssisəsi “Ulduz” X9 rayon filialı idi. 26 may 1993-cü il tarixli Aktdan və xx.xx.1992-ci il tarixli Bank sənədindən aydın olur ki, torpaq sahəsi və binanın dəyəri (45000 rubl) İddiaçı kiçik müəssisəsi tərəfindən tam olaraq ödənilmiş, torpaq sahəsi və bina təhvil verilmişdir. Beləliklə təqdim olunan sənədlərdən aydın olur ki, qeydiyyat üçün müraciət olunmuş torpaq sahəsinin dəyəri tam şəkildə ödənilməklə “Ulduz” zavodu (X13) tərəfindən İddiaçı kiçik müəssisinə satılmışdır. 7000 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün İddiaçı kiçik müəssisəsinə ayrılması barədə X11 xx.xx.2007-ci il tarixdə 130 nömrə ilə məlumatlar işlənilmiş və Torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmuşdur. Məhkəməyə təqdim olunan İddiaçı MMC-nin 09 yanvar 2009-cu il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq olunmuş Nizamnaməsinin 1.4-cü maddəsindən aydın olur ki, İddiaçı MMC Qax rayon XDS-in İcraiyyə Komitəsinin 117 saylı Qərarı ilə xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin hüquqi varisi olan və 0906-Q3-290 saylı şəhadətnamə ilə xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış İddiaçı hüquqi varisidir. İddiaçının nümayəndəsi hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********16 nömrəli imtina məktubunda qeyd etmişdir ki, kolxozda yem binası tikintisi üçün 7000 kv.m torpaq sahəsinin ayrılması barədə Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli, 3 saylı qərarı, kolxoza məxsus əmlakın Bakı “Ulduz” zavoduna satılması barədə Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 31 dekabr 1987-ci il tarixli, 3 saylı qərarı (təqdim edilməmişdir), Qax rayonu X20 şurasının 26 aprel 1988-ci il tarixli, 02 saylı qərarı və “İmpuls” Qax müəsisəsinin İlisu kəndində yerləşən istehsal sexinin İddiaçı KM-yə təhvil verilməsi barədə “Ulduz” Azərbaycan X13nin 25 may 1993-cü il tarixli əmri sözügedən əmlakın İddiaçı MMC-nin adına qeydiyyata alınması üçün əsas yaratmadığından, həmçinin təqdim olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinin tələblərinə cavab vermədiyindən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********54 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda iddiaçının nümayəndəsinə ünvanladığı imtina məktubunda qeyd edilənləri əsas gətirərək ərizənin icrasının mümkün olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-208/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (“MM”): 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2-ci maddəsinə görə hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 45.1-ci maddəsinə görə hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Məcəllənin 56-cı maddəsi hüquqi şəxslərin yenidən təşkil edilərkən hüquq varisliyini aşağıdakı kimi müəyyən etməkdədir: 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. MM-in 57-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, İddiaçı MMC Qax rayonu XDS İcraiyyə Komitəsinin 117 saylı qərarı ilə xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin hüquqi varisi olduğundan, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Bekə ki, 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2011-ci il tarixli, **********108100 nömrəli məktubunda qeyd olunur ki, İdarəyə təhvil verilmiş İddiaçı MMC-nin (VÖEN **********) arxiv sənədlərinə baxış keçirilərkən həqiqətən cəmiyyətin Nizamnaməsinin 1.5ci bəndində İddiaçı MMC-nin Qax rayonu XDS İcraiyyə Komitəsinin 117 saylı qərarı ilə xx.xx.1991-ci ildə dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin hüquqi varisi olduğunun qeyd edildiyi müəyyən edilmişdir. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, qeydiyyat nömrəsi 0906-Q3-290 olmuşdur. xx.xx.2009-cu il tarixli, **********399700 nömrəli “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış”dan görünür ki, İddiaçı MMC xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, əvvəlki dövlət qeydiyyatı nömrəsi 0906-Q3-290 olmuş, VÖEN-i **********, hüquqi ünvanı Qax rayonu İlisu kəndi, qanuni təmsilçi X5r. Məhkəmə araşdırması zamanı aşağıda sadalanan sənədlərə istinad olunur və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Qax rayon İlisu kənd “Kirov” adına kolxozun 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncaq protokolundan çıxarışa əsasən müəyyən olunur ki, həmin yığıncaqda İlisu kəndinin “Bəytabun” sahəsində yerləşmiş kanaldan qərbdə, mərkəzi kənd yolundan cənubda yerləşmiş, ölçüləri 100x70 metr olmaq etibarı ilə 0,7 ha torpaq sahəsi anbar binasının tikintisindən ötrü ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X17 filialının xx.xx.2022-ci il tarixli 310 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş 05 iyun 1986-cı il tarixli 3 nömrəli ümumi yığıncağın protokoluna əsasən müəyyən edilir ki, iclasın gündəliyində duran ikinci məsələ İlisu kəndində yeni anbar binasının tikilməsi haqqında olmuşdur. Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışa əsasən müəyyən olunur ki, həmin iclasda İlisu kəndində anbar binasının tikintisinə 0,7 ha torpaq sahəsinin ayrılması haqqında “Kirov” adına kolxozun xx.xx.1986-cı il tarixli, 3 nömrəli ümumi yığıncağının qərarı təsdiq edilmişdir. Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39/14 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan SSR XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli iclas protokoluna əsasən müəyyən edilir ki, iclasın gündəliyində duran 7ci məsələ İlisu kəndində anbar, Qorağan kəndində yeməkxana-pavilyon binasının tikintisinə torpaq sahəsinin ayrılması barədə Kirov adına, “Azərbaycan” kolxozlarının ümumi yığıncaq qərarlarının təsdiqi haqqında olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X17 filialının xx.xx.2022-ci il tarixli 352 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Qax rayonu İlisu kənd Kirov adına kolxozun xx.xx.1987-ci il tarixli 6 nömrəli kolxozun müvəkkillər yığıncağının protokolunun surətinə əsasən iclasın gündəliyində duran 4-cü məsələ İlisu kəndində olan taxıl anbarı binasının Bakı “Ulduz” zavoduna satılması haqqında olmuşdur. Yğınıncaqda məsələnin müzakirəsi ilə əlaqədar olaraq “Kirov adına kolxoza məxsus İlisu kəndində tikilmiş və hal-hazırda istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması, həmin qərarın təsdiqinin Qax rayon Aqrar-Sənaye Bilrliyi şurasından xahiş edilməsi” qərara alınmışdır. Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 39/14 nömrəli məktubunda bildirilmişdir ki, Qax rayon Aqrar-Sənaye Bilrliyi şurasının iclas protokolları (o cümlədən xx.xx.1988-ci il tarixli 02 saylı iclas protokolu) Qax rayon Dövlət arxivinə təhvil verilməyib. Eyni məktubla həmçinin bildirilmişdir ki, Azərbaycan Ulduz X7 rayon Dövlət arxivinə sənəd təhvil verməyib və müəssisənin Arxiv fondu yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş Qax rayon Aqrar-Sənaye Birliyi şurasının 26 aprel 1988-ci il tarixli 2 nömrəli iclas protokolundan çıxarışa əsasən müəyyən olunur ki, həmin iclasda Şura “Kirov” adına kolxoza məxsus olan, İlisu kəndində tikilmiş və hal-hazırda istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması haqqında kolxozçuların 31 dekabr 1987-ci il tarixli, 6 nömrəli yığıncaq qərarını təsdiq etmişdir. İclasda həmçinin, kolxozun idarə heyəti sədri Babayev yoldaşa qanuni sənədləşmə apararaq anbar binasının balans dəyərində satılmasının tapşırılması qərara alınmışdır. Respublika Veteran Kooperativləri Birliyi, Azərbaycan “Ulduz” İstehsalat Birliyi və Qax “İmpuls” kiçik müəssisəsi üzrə birgə xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrə əsasən müəyyən olunur ki, İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi, X1 müəssisənin direktoru təyin edilməsi, müəssisənin fəaliyyət sahəsinin təyin edilməsi, “İmpuls” müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin istifadəsiz sahəsinin İddiaçı kiçik müəssisəsinə ayrılması və müəssisənin ünvanının gələcək üçün Qax rayonunun İlisu kəndində qeydə alınması əmr olunmuşdur. Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli əmrinə (xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrə əlavə) əsasən müəyyən olunur ki, İddiaçı kiçik müəssisəsinin təsis edilməsi və gələcəkdə İddiaçı müəssisəsi kimi fəaliyyət göstərməsi, “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsi əmr olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, göstərilən tarixdə “İmpuls” KM-nin balansında olan 610 kv.m istehsal sahəsi amartizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 (qırx beş min) rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verildi. Akt Azərbaycan “Ulduz” EİB-nin Qax “İmpuls” KM-nin direktoru Əskər Əskərov, mühasibə Həşim Həsənov, iqtisadçı Svetlana Muradova, İddiaçı KM-nin direktoru Mikayıl Əskərov, təftiş Xalıq Murtuzayev tərəfindən tərtib edilmiş və imzalanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 015696 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 13 nömrəli, Qax rayon Aqrar-Sənaye Birliyi şurasının 26 aprel 1988-ci il tarixli 2 nömrəli qərarları və “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 33 nömrəli əmrinə əsasən 7000 kv.m torpaq sahəsi sahibkarlıq üçün İddiaçı kiçik müəssisəsinə ayrılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********54 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakıntexniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, torpaq sahəsi şimaldan kənd yolu, cənubdan X21, şərqdən su kanalı, qərbdən yaşayış məntəqəsi ilə əhatə olunmuşdur. İcazəsiz tikili yoxdur. Binanın kürsüsü çay daşından, divarları mişar daşından, üstü şiferlə örtülmüşdür. Bina halhazırda istismara yararsız vəziyyətdədir. Bina və 0,70 ha torpaq sahəsi İstehsal və Xidmət Müəssisələrinin İdarə Etmə Mərkəzinin (İXMİM) balansındadır. Kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi məhkəmənin sorğusuna xx.xx.2022ci il tarixli 4/1062 nömrəli cavab məktubunda qeyd etmişdir ki, ləğv olunmuş Azərbaycan Ulduz X13nin arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 4/655 nömrəli məktubunda qeyd edilmişdir ki, Qax rayonunun İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsi hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır. Qax rayon İlisu bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli məktubunda qeyd edilmişdir ki, İlisu bələdiyyəsinin İlisu kəndi ərazisində İddiaçı MMC-yə məxsus 7000 kv.m torpaq sahəsində olan tikililər bələdiyyə balansında deyildir. Torpaq vergisi qanuni təmsilçi X6 tərəfindən ödənmiş, ərazidə yerləşən tikililərin sənədi olmadığından əmlak vergisinə cəlb olunmamışdır. Gələcəkdə tikililərin qeydiyyata alınmasından sonra əmlak vergisinə cəlb olunacaqdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı ... 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 74.2-ci maddəsinə görə isə bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən və iddia ərizəsindən də göründüyü kimi, iddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi və 7000 kv.metr torpaq sahəsinin İddiaçı MMC-nin adında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir. Lakin məhkəmə araşdırmasi ilə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən mübahisəli 7000 kv.metr torpaq sahəsinin nə İddiaçı KM-yə, nə də İddiaçı MMC-yə ayrılmasına dair heç bir hüquqi əsas (inzibati akt, müqavilə və s.) müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı mübahisəli torpaq sahəsində yerləşən tikilinin Azərbaycan “Ulduz” Elmi-İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən “İmpuls” Qax müəssisəsinin İlisu kəndində yerləşən istehsal sexinin qalıq balans dəyəri 45000 rubl ödənilməklə İddiaçı kiçik müəssisəsinə təhvil verilməsinin əmr olunmasına, xx.xx.1993-cü il tarixdə Qax rayonu İlisu kəndində tərtib edilmiş aktla “İmpuls” KM-nin balansında olan 610 kv.m istehsal sahəsi amartizasiya xərcləri hesablandıqdan sonra təyin olunmuş 45000 (qırx beş min) rubl qiymətində dəyəri ödənildikdən sonra İddiaçı KM-yə təhvil verilməsinə istinad etsə də, tikilinin “İmpuls” KM-nin mülkiyyətinə verilməsi və ya onun mülkiyyətində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Həmçinin məhkəmə tərəfindən iş materiallarına əlvə edilmiş sənədlərə əsasən Qax rayonu İlisu kənd Kirov adına kolxozun xx.xx.1987-ci il tarixli 6 nömrəli kolxozun müvəkkillər yığıncağının protokolunun qərarı ilə “Kirov” adına kolxoza məxsus İlisu kəndində tikilmiş və istifadə olunmayan anbar binasının Bakı “Ulduz” zavoduna satılması, həmin qərarın təsdiqinin Qax rayon Aqrar-Sənaye Bilrliyi şurasından xahiş edilməsinin qərara alınması, Qax rayon Aqrar-Sənaye Birliyi şurasının 26 aprel 1988-ci il tarixli 2 nömrəli iclas protokolundan çıxarış əsasında Şuranın anbar binasının Bakı “Ulduz” zavoduna satılması haqqında kolxozçuların 31 dekabr 1987-ci il tarixli, 6 nömrəli yığıncaq qərarını təsdiq etdiyi və kolxozun idarə heyəti sədri Babayev yoldaşa qanuni sənədləşmə apararaq anbar binasının balans dəyərində satılmasının tapşırıldığı müəyyən edilsə də, Ulduz zavodu ilə müvafiq sənədləşmənin aparılması və alğı-satqının baş tutmasına dair müqavilə, yaxud hüquqların rəsmiləşdirilməsini təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Eyni zamanda torpaq sahəsinin iddiaçının hüquqi varisi olduğu İddiaçı KM-nin təsis edilməsində iştirak etmiş müəssisələrin mülkiyyətinə verilməsinə dair əsaslar işin halları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur və bu səbəblə də iddia tələbi təmin edilməməlidir. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu, İlisu kəndində yerləşən İddiaçı MMC-yə məxsus 7000 kv.metr sahəyə malik torpaq sahəsinin və üzərindəki tikilinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar