Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-20/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “iddiaçıya təyin edilmiş əlilliyin ikinci dərəcədən üçüncü dərəcəyə, əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlilliyimin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya təyin edilmiş əlilliyin ikinci dərəcədən üçüncü dərəcəyə, əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı xx xxxxxx 1973-cü il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuşdur. 15 aprel 1992-ci il tarixdə Oğuz RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həmin tarixdən 1994-cü ilə kimi müxtəlif cəbhələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 07 avqust 1992-ci ildə Ağdərə rayonunun Ortakənd kəndinin düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə yaralanmış və 03 noyabr 1992-ci ilə kimi stasionar müayinə və müalicə olunmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra ona aldığı xəsarətlərə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. O döyüşlərdə yaralanan zaman ona “sol saidin yuxarı 1/3-nin kor qəlpə yarası, sol mil sümüyünün yuxarı 1/3-nin yerdəyişən çoxqəlpəli sınığı, sol budun yuxarı 1/3-nin kor qəlpə yarası, yad cismi” diaqnozu qoyulmuş və həmin diaqnoz qoyularkən səbibinin “hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” göstərilmişdir. Onun əlillik səbəbi əsassız və qanunsuz olaraq dəyişdirilmişdir. O, birinci Qarabağ müharibəsində iştirak etmiş və müharibə nəticəsində güllə yaraları almışdır. Ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik verilmişdir. Bundan sonra ona təkrar müayinələrdə 28 iyun 2026-cı ilə kimi ikinci dərəcəli əlillik qeyd edilmiş və səbəb kimi ümumi xəstəlik göstərilmişdir. Bununla bağlı dəfələrlə aidiyyəti üzrə qurumlara müraciət etsək də, müraciətindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Oğuz rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0240003AAHNS nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 10178 nömrəli Şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə “Sol saidin yuxarı 1/3-nin kor qəlpə yarası, sol mil sümüyünün yuxarı 1/3-nin yerdəyişən çoxqəlpəli sınığı. Sol budun yuxarı 1/3-nin kor qəlpə yarası, yad cismi. ” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin sol saidin qəlpə yaralanması. Mil sümüyünün yuxarı ucunun sınığı, Sol mil sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Miokardiodistrofiya, Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Hər iki aşağı ətraf venaların varikozu, Böyrəyin qazanılma olmaması, Sağ tərəfli nefroektamiyadan sonraki vəziyyət, Kəskin ağrı, Ağrı sindromu, Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması, Hipertrofik çapıq, Ağrılı kelloid çapıq. İkitərəfli posttravmatik koksartrozlar, Sol bud-çanaq oynağının deformasiyaedici artrozu. Yumşaq toxumalarda qalmış yad cisim. Sol budun yuxarı 1/3-də yad cisimlər. Birincili ikitərəfli qonartroz, Hər iki diz oynağının deformasiyaedici artrozu." anamnestik məlumatlar və obyektiv müayinələrdə araşdırılmışdır. Hərbi travmanın ətraflarda və oynaqlarda əlillik təyinatına əsas verən ağırlaşmaları müəyyən edilmir. Milli Onkologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli “C64-Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yeni törəməsi PT3N0M0 mərhələ İİİ, Sağ böyrəyin xərçəngi. Cərrahi əməliyyatdan sonrakı vəziyyət." X2 Arayış verilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.14 bəndinə müvafiq olaraq ümumi xəstəliklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) ayrı-ayrılıqda, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi-Həkim Komissyasının xx.xx.2013-cü il tarixli 22 nömrəli qərarı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı, Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003), AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş T39/2024 Ekspert Rəyi, AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2024-cü il tarixli 1010 nömrəli məktubu, AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş T101/2025 Ekspert Rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da, onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o, ilkin təyinat zamanı ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəb-əlaqəsinin müəyyən edilməsinə və 3-cü dərəcəli əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin nəzərə alınmamasını bildirir. İddiaçı hesab edir ki, cavabdeh orqan onun sağlamlıq vəziyyətini 3-cü dərəcəli əlillik təyinatına əsas verən diaqnozlar əsasında qiymətləndirməli və bu zaman “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbli-əlaqəni nəzərə alaraq əlillik təyin etməli idi. Cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.14cü bəndində (lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97) nəzərdə tutulmuş xəstəliyə uyğunluğunu müəyyən edərək ona xx.xx.2021-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin etmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünün və onun Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi-Həkim Komissyasının xx.xx.2013-cü il tarixli 22 nömrəli qərarında müəyyən edilmiş diaqnozla səbəbli-əlaqəsinin müəyyən edilməsi məqsədilə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-yə həvalə edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “X1: XX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - dirsək və saidin travmaları => S52 - said sümüklərinin sınığı => S52.1 - Mil sümüyünün yuxarı u... Diaqnozun mətni: Sol budun yuxarı 1/3-nin sol saidin qəlpə yaralanması, mil sümüyünün yuxarı ucunun sınığı, sol mil sümüyünün qeyri-düzgün bitişmiş sınığı, ürəyin xroniki işemik xəstəliyinin digər formaları, miokardiodistrofıya, aşağı ətraf venalarının varikoz genəlməsi, hər iki aşağı ətraf venaların varikozu, böyrəyin qazanılma olmaması, sağ tərəfli nefroektomiyadan sonraki vəziyyət, kəskin ağrı, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları, yerişin pozulması, hipertrofik çapıq, ağrılı kelloid çapıq, ikitərəfli posttravmatik koksartrozlar, sol bud-çanaq oynağının deformasiyaedici artrozu, yumşaq toxumalarda qalmış yad cisim” diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnozda olan əsas xəstəliklə ağırlaşması arasında heç bir səbəb əlaqəsi yoxdur. Vətəndaş İ. S. Soltanovun xx.xx.2021-ci il tarixli, AKT 1AVBWT00003 saylı qiymətləndirmə nəticəsinə əsasən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.14 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Sözügedən ekspert rəyinin tamamlanması məqsədilə verilmiş xx.xx.2024-cü il tarixdə məktubda qeyd edilmişdir ki, iddiaçının əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər hərbi travma üçün (Sol budun yuxarı 1/3-nin sol saidin qəlpə yaralanması, mil sümüyünün sınığının düzgün bitişməməsi, ağrılı kelloid çapıq, koksartroz, sol bud-çanaq oynağının artrozu, yumşaq toxumalarda yad cisim) əlillik əlaməti təyin etmir, ancaq ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlilliyə uyğun gəlir (ürəyin xroniki işemik xəstəliyi, miokardiodistrofiya, aşağı ətraf venalarının varikoz genəlməsi, böyrəyin qazanılma olmaması). İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi – “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş əsas diaqnozun (Y36.2) ağırlaşması olaraq aşağıdakı XBT kodlarına istinad edilmişdir: - S52.1, İ25.8, İ83, Z90.5, R52.0, R26, L91.0, M16.4, M79.5, M17.0. İddiaçıya müvafiq əlillik təyinatının aparıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə yuxarıda qeyd edilmiş hərbi travma üçün xarakterik olan XBT kodlarından heç biri 3-cü dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklərin siyahısında göstərilməmişdir. Yalnız “Əsasnamənin” 2.5.7-ci bəndində bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1, M24.6) müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi əsası olaraq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, bud-çanaq oynağının ankilozunun iddiaçıda mövcud olmaması işdə olan AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin T101/2025 saylı ekspert rəyi ilə müəyyən edilir. Həmçinin sözügedən rəydə iddiaçıda budçanaq oynağında hərəkət məhdudluğunun mövcudluğu qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi istinad olunan “Əsasnamə”nin tələbləri baxımından yalnız bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası üçüncü dərəcəli əlilliyin təyin edilməsi üçün əsas ola bilərdi. Nəzərə alınmalıdır ki, "bud-çanaq oynağının funksional yararsız vəziyyətdə kəskin kontrakturası" bud-çanaq oynağının ciddi patoloji dəyişikliklər səbəbindən demək olar ki, tam hərəkətsiz olmasını və funksional baxımdan tam yararsızlığını bildirir. Halbuki "bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması" ifadəsi hərəkətin müəyyən dərəcədə məhdudlaşmasını, lakin tam itirilməməsini nəzərdə tutur. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçıya müvafiq diaqnozu qoymuş tibb müəssisəsi də, iddiaçıda sözügedən “Əsasnamənin” 2.5.7-ci bəndində nəzərdə tutulmuş diaqnozun mövcudluğuna istinad etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavənin 13.4.26-cı bəndində bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu diaqnozu müddətsiz 50-60 faiz OFP-nın məhdudlaşma halının təyin edilməsinə əsas olsa da, faktiki olaraq iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi məhz əlilliyin təyin edildiyi zaman qüvvədə olan “Əsasnamə”-nin tələbləri baxımından yoxlanıldığından, əlillik təyin edildikdən sonra qəbul edilmiş normalar əsasında ilkin əlilliyin dərəcəsi dəyişdirilə bilməz. Başqa sözlə, 2021-ci ildə verilmiş əlillik dərəcəsi həmin dövrdə qüvvədə olan “Əsasnamənin” tələbləri əsasında müəyyən edildiyi üçün 2022-ci ildə qəbul edilmiş yeni meyarlar əsasında əlillik dərəcəsinin qiymətləndirilməsi aparıla bilməz (yeni meyarlar yalnız onun qəbulundan sonra həyata keçirilən əlliyin qiymətləndirməsi hallarına tətbiq edilə bilər). Yeni normanın retrospektiv tətbiqinə yönəlmiş əks yanaşma, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsiplərinin pozulmasına səbəb ola bilər. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya 2-ci dərəcəli əlillik təyin edilən zaman qüvvədə olan “Əsasnamə”-nin tələbləri ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” 3-cü dərəcəli əlilliyin təyininə hüquqi əsas yaratmadığından iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “iddiaçıya təyin edilmiş əlilliyin ikinci dərəcədən üçüncü dərəcəyə, əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-20/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-20/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver