Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-200/2021 07.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X19 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X28, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsi) “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi, həmçinin reyestr mühəndislərinin çöl ölçmə işləri aparması üçün Ədliyyə Polisinin iştirakını təmin etməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi, həmçinin reyestr mühəndislərinin çöl ölçmə işləri aparması üçün Ədliyyə Polisinin iştirakını təmin etməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 04.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X20 tərəfindən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, vaxtı ilə “Xanlar” adına Göyçay- İsmayıllı magistral yolunun sol tərəfində yerləşən ətrafı daş, beton panellər və məftil torla hasara alınmış, həyətin giriş darvazası olan tikintisi yarımçıq qalmış tikili üçün sovxozun kassasına 50000 (əlli min) rubl ödəməklə sovxozun 20 mart 1992-ci il tarixli 32 saylı əmri ilə satın alınmışdır. 1993-cü ildən etibarən Ağdam rayonundan məcburi köçkün Mehrəliyev Nəsir və 7 nəfər ailə üzvü iddiaçı və ailə üzvləri tərəfindən həmin tikilidə yerləşdirilmiş və torpaq sahəsi birgə istifadələrində olmuşdur. 1996-cı ildə torpaq islahatları aparılan zaman həmin torpaq iddiaçı və ailə üzvlərinə satıldığı üçün islahat aparılacaq torpaqların siyahısına salınmamışdır. Ona görə də bələdiyyəyə heç bir aidiyyəti yoxdur. 07.02.2003-cü ildə iddiaçının həyat yoldaşı R.Vəliyev vəfat etmişdir. 2004-cü ildə torpağın bir hisəssi X25 tərəfindən zəbt olumnuşdur. İddiaçı və ailə üzvləri tərəfindən İsmayıllı rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 14 iyun 2004-cü il tarixli 2-90 qətnaməsi ilə X25 həmin ərazidən uzaqlaşdırılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 28.01.2017-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə sxemi təqdim olunmamışdır. Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması iiçun əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğuna görə ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 29.09.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilir ki, iddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etmir. Torpaq sahəsinin halhazırda istifadəçisi X22r. Ərazi İdarəsinin əməkdaşlarına torpaq sahəsi üzərində çöl-ölçmə işlərinin aparılmasına imkan yaradılmadı və torpaq sahəsi üzərində mübahisə var. Ərazi İdarəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən də iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatlar əldə etmək mümkün olmamışdır. Məhkəmənin 18.11.2020-ci il tarixli, 2-1(116)-1374/2020 nömrəli qərardadı ilə X28 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 21.05.2021-ci il tarixli, 2-1(116)-200/2021 nömrəli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmiş İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsi məhkəməyə elektron poçt vasitəsilə 07.09.2021-ci il tarixdə daxil olan məktubunda qeyd etmişdir ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq nəzarətdə olduqları üçün bələdiyyə sədri və bələdiyyə üzvülərindən heç kim məhkəmə iclasında iştrak edə bilmir. Mübahisəli torpaq sahəsi istər torpaq islahatı zamanı, istərsə də bələdiyyələr yaranandan sonrakı dövrdə torpağa dair ilkin sənədləri olan mərhum X20 ilə bələdiyyə arasında heç bir mübahisə olmamışdır. Bələdiyyə tərəfindən həmin sahənin X2 haqqında “Xanlar” adına sovxozun əmr və kassaya mədaxil qəbzlərini nəzərə alaraq Aşıqbayramlı bələdiyyəsinin ümumi xəritəsindən həmin torpağın X12 məxsus olması haqqında torpaq sahəsinin yerləşmə planı mərhumun vərəsəsinə təqdim edilmişdir. Mübahisəli torpaq sahəsi Aşıqbayramlı bələdiyyəsinin balansında yoxdur və bələdiyyənin maraqlarına toxunmur. Odur ki, həmin torpaq sahəsinin avtomagistraldan qonşu torpaqlara nisbətən daha uzaqda yerləşməsini nəzərə alaraq, onun X9 adına rəsmiləşdirilməsinə İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsi etiraz etmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X28 iddiaçının tələbində qeyd olunan torpaq sahəsinin ona heç bir aidiyyətinin olmadığını və heç kimlə mübahisəsi olmadığını bildirib, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan İsmayıllı rayonu “Xanlar” adına üzümçülük sovxozunun X12 verdiyi 10.03.1993-cü il tarixli arayışının surətində qeyd edilir ki, “Xanlar” adına sovxozun 20 mart 1992-ci il tarixli, 32 nömrəli əmri ilə ona satılmış tikintilərin dəyəri 50 (əlli) min rubl 20 mart 1992-ci il tarixli 17 nömrəli qəbzlə onun tərəfindən sovxozun kassasına mədaxil edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Dövlət arxivinin iddiaçıya verdiyi 06.05.2016cı il tarixli arxiv arayışının surətində qeyd edilir ki, 14 nömrəli Arxiv fondunda saxlanılan İsmayıllı rayon Kürdmaşı kənd “Xanlar” adına sovxozun 1992-ci ilə dair əmr kitabında mərhum həyat yoldaşı X5 tikili və istifadəsinə torpaq sahəsi verilməsi aşağıdakı kimidir: Xanlar adına sovxoz üzrə ƏMR № 32, 20 mart 1992-ci il. Göyçay-İsmayıllı yolunun sol tərəfində Kürdmaşı kəndinin artezian quyusunun ətrafında yerləşən, sovxozun balansında olan, tikintisi yarımçıq qalmış qonaq evi ətrafına çəkilmiş hasar və quraqlıqla birlikdə, gələcəkdə tikintisini başa çatdırmaq üçün sovxozun imkanı, iqtisadi cəhətdən səmərəsiz, təsərrüfat üçün lazımsız olduğunu, sovxozun maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq 50 (əlli) min manat dəyəri ilə Kürdmaşı kənd sakini X3 və həmin bina yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi onun istifadəsinə verilsin. İş materiallarında olan 043181 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 07.02.2003-cü ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.02.2003-cü il tarixdə 4 nömrəli qeyd edilmişdir. İş materiallarında olan “Nikah bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 ilə Vəliyeva (İsmayılova) Zenfira İsmayıl qızı arasında nikah 07.11.1973-cü ildə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 07.11.1973-cü ildə 19 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan İsmayıllı rayon Dövlət Notariat Kontorunun cavabdeh orqana ünvanladığı 18.06.2016-cı il tarixli məktubda qeyd edilir ki, X9 miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon dövlət notariat kontoruna müraciət daxil olmuşdur. X20 07.02.2003-cü ildə vəfat etmişdir və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. İş materiallarında olan İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin iddiaçıya ünvanladığı 24.08.2020-ci il tarixli arayışında qeyd edilir ki, həqiqətən İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsi Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahəsi X20 tərəfindən vaxtı ilə “Xanlar” adina sovxoza məxsus Göyçay-İsmayıllı magistral yolunun sol tərəfində yerləşən ətrafı daş, beton panellər və məftil torla hasara salınmış, həyətyanı sahənin giriş darvazası yarımçıq qalan tikilisi ilə birlikdə sovxozun kassasına 50000 ( əlli min) rubl ödəməklə sovxozun 20 mart 1992-ci il tarixli 32 saylı əmri ilə satın alınmışdır. 1996-cı ildə islahat aparılan zaman həmin torpaq sahəsi R.Vəliyevə satıldığından həmin torpaq sahəsi islahat aparılacaq torpaqların siyahısına salınmamışdır və bələdiyyə yaranan vaxtdan bu günə kimi aramızda heç bir mübahisə olmamışdır. Həmin sözügedən torpaq sahəsi üç tərəfi qonşular, bir tərəfi Göyçay-İsmayıllı A/M-ilə sərhədləri olmaqla dəmir-beton hasara alınmışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 22.04.2004-cü il tarixli, 2-90 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh İsmayıllı rayon Hapıtlı bələdiyyəsinin sədri X15 və X13 İsmayıllı rayon Hapıtlı bələdiyyəsinin 22 aprel 2004-cü il tarixli, 03 saylı iclasının X21 0,21 ha torpaq sahəsinin qanuni zəbti hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İsmayıllı rayon Hapıtlı bələdiyyəsinin 22.04.2004-cü il tarixli, 03 saylı iclas qərarının X21 0,21 ha torpaq sahəsinin qanuni zəbt torpağı kimi verilməsi barədə hissəsinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 24 sentyabr 2020-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada araşdırma zamanı torpaq sahəsinin yerləşdiyi ərazinin xəritəsi və elektron məlumat bazasına əsasən məlum olmuşdur ki, tələbdə göstərilən torpaq sahəsi tərtib edilmiş sxemdə olduğu kimi 0,124 hektar olmaqla Elektron baza məlumatlarında öz əksini tapan İsmayıllı rayonu Hapıtlı kəndinin Kompleks Yerquruluşu Layihəsinə əsasən yaşayış məntəqələri torpaqlarına aid İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsinin mülkiyyətində olan çoxillik əkmələr ərazisində yerləşir. Sözügedən torpaq sahəsi İsmayıllı rayonu Hapıtlı kənd sakini X28 tərəfindən istifadə olunur. Torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir: İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2019-cu il tarixli, 2(107)-54/2019 nömrəli qətnaməsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(037)-843/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X29 və X23 qarşı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, mərhum həyat yoldaşı X20 tərəfindən “Xanlar” adına sovxozdan 20 mart 1992-ci ildə satın alınmış tikililərə və hasara alınmış sahəyə cavabdehlər tərəfindən müdaxilə olunması, maneçilik törədilməsi və sair mülkiyyətə qəsd edən hərəkətlərin edilməsinə qadağa qoyulması, cavabdeh X29 tərəfindən sökülmüş tikilinin bərpa olunması və ya 5000 (beş min) manat maddi ziyanın ödənilməsi, habelə kəsilmiş ağaclara görə 1000 (bir min) manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində zərərin alınıb verilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilmişdir. Həmin iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2019-cu il tarixli, 2(107)-54/2019 nömrəli qətnaməsi təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(037)-843/2017 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2019cu il tarixli, 2(107)-54/2019 nömrəli qətnaməsindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.07.2020-ci il tarixli, 2(102)- 2276/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2019-cu il tarixli, 2(107)-54/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilən 04.10.2016-cı il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu, Hapıtlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi X8 mülkiyyətindədir və Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 90 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İsmayıllı rayon Dövlət X1 verdiyi 28.06.2016-cı il tarixli, 237 nömrəli arxiv arayışında qeyd edilir ki, İsmayıllı payonu 14 №-li Arxiv fondunda saxlanılan Kürdmaşı “Xanlar” adına sovxozun əmri ilə 1990-cı ildə ona həyətyanı torpaq sahəsi verilməsi aşağıdakı kimi göstərilir: X10 ailə vəziyyətini nəzərə alınaraq ev tikmək üçün Göyçay-İsmayıllı şosse yolunun sol tərəfindən, su anbarının ətrafından 0,10 hektar həyətyanı torpaq sahəsi ölçülüb verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilən 23.09.2017-ci il qeydiyyat tarixli,191700727 qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu, Hapıtlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi X16 mülkiyyətindədir və Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İsmayıllı rayon Notariat Kontorunun cavabdehə ünvanladığı 05.07.2017-ci il tarixli, 195 nömrəli məktubda qeyd edilir ki, X16 və X6 miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon dövlət notariat kontoruna müraciət daxil olunmuşdur, X25 05.08.2010-cu ildə, X17 02.04.2010-cu il tarixində vəfat etmişdir və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumların vərəsəsi X33 olması barədə məlumat verilir. İş materiallarında olan JN-061F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın 15.01.1998-ci tarixli 37 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi X21 verilmiş, sənəd kitabda 18544 nömrəsi ilə qeydə alınmışdır. Sənəddə torpaq sahəsinə qonşu torpaq sahəsinin X7 məxsus olması və digər sərhədlərin gediş-gəliş yollarının sərhədlərinə düşməsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçı və üçüncü şəxs İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddiaçı bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Bələdiyyənin sədri məhkəmənin elektron poçtuna 07.09.2021-ci il tarixdə daxil olan, 09:14-də qeydə alınan ərizəsində COVİD-19 pandemiyası ilə bağlı bələdiyyə üzvlərinin nəzarətdə olması səbəbindən məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia ərizəsi və iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının məhkəməyə hazırkı tələblə müraciət etməsində hüquqi marağı 0.12 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. Cavabdeh orqan isə torpaq sahəsinin sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd və yerləşmə sxeminin olmaması və torpaq sahəsi üzərində mübahisənin olması səbəbindən müraciətin təmin edilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın etiraz məktubundan da göründüyü kimi iddiaçı mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinə dair onun yerləşmə vəziyyətini əks etdirən sxem təqdim etməmişdir. Eləcə də iş materiallarında olan mütəxəssis rəyindən də görünür ki, 0.12 ha torpaq sahəsi Elektron baza məlumatlarında öz əksini tapan İsmayıllı rayonu Hapıtlı kəndinin Kompleks Yerquruluşu Layihəsinə əsasən yaşayış məntəqələri torpaqlarına aid İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsinin mülkiyyətində olan çoxillik əkmələr ərazisində yerləşir. Torpaq sahənin ayrılması barədə sovxozun əmrinin verildiyi vaxt, yəni 1992-ci ildə qüvvədə olan Torpaq Məcəlləsinin 10-cü maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını; 4) təsərrüfatlararası və təsərrüfatdaxili yer quruluşu layihələrinin və torpaqlardan istifadə, onların mühafizəsi ilə əlaqədar digər layihələrin hazırlanmasını; 5) xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılmasını; 6) şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsini və dəyişdirilməsini; 7) yer quruluşu layihələrinin həyata keçirilməsinə müəllif nəzarətini; 8) topoqrafiya-geodeziya, kartoqrafiya, torpaq, geobotanika və başqa müayinələr və axtarışlar aparılmasını. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə görə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunduğu halda ki, hazırda həmin əsas iddiaçıya münasibətdə mövcud deyildir. Belə ki, onun ərinə sovxozun müvafiq əmri yaşayış evinin və bağ evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi barədə deyil. Əmr Göyçay-İsmayıllı yolunun sol tərəfində Kürdmaşı kəndinin artezian quyusunun ətrafında yerləşən, sovxozun balansında olan, tikintisi yarımçıq qalmış qonaq evinin ətrafına çəkilmiş hasar və quraqlıqla birlikdə, gələcəkdə tikintisini başa çatdırmaq üçün 50 (əlli) min manat dəyəri ilə Kürdmaşı kənd sakini X2 və həmin bina yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin onun istifadəsinə verilməsi barədədir. Həmin dövrün tələbinə görə, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunmalı, müvafiq xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr verilməli idi. Belə ki, verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin dövrdə ayrılmış sahədən istifadəyə başlamaq qadağan olmuşdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, sovxozun əmri ilə torpaq sahəsi iddiaçının mərhum ərinin istifadəsinə verilsə də, torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş, müvafiq xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olması, həmçinin iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən onun iddia tələbi təmin edilə bilməz. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (X28, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsi) “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi, həmçinin reyestr mühəndislərinin çöl ölçmə işləri aparması üçün Ədliyyə Polisinin iştirakını təmin etməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 77 manat 80 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X27 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-200/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-200/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver