Məhkəmə qərarları › İş №2-1(116)-200/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-200/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-200/2023 17.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı, cavabdeh nümayəndəsi X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1587/2022 nömrəli qərardadı ilə Göyçay rayonu Çayarxı bələdiyyəsi adi qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-200/2023 nömrəli qərardadı ilə Göyçay rayonu Çayarxı bələdiyyəsi, hüquq varisi olan - Göyçay rayon Qarabaqqal bələdiyyəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı iclas protokolunun qərarı ilə İddiaçı bağçılığın inkişafı məqsədilə 0,60 hektar torpaq sahəsinin satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq Çayarxı bələdiyyəsi və DT və XK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiqlənmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin ona Göyçay rayonu Çayarxı Bələdiyyəsinin qərarına əsasən satılması, satılan torpaq sahəsinin dəyərini ödəməsi ilə əsaslandırmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazında göstərmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları qəsəbə və kəndlərdə 0.12 hektaradək nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Göyçay rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Bu səbəbdən də, vətəndaşın ərizsinin icrası mümkün olmamışdır. Vətəndaşın ərizəsinə əlavə olunmuş bələdiyyə qərarında qərarın tarixi xx.xx.2004-cü il, nömrənin isə 12 qeyd olunmasına baxmayaraq, 13 mart 2004-cü il tarixli alqı-satqı aktında qərarın tarixi xx.xx.2004-cü il, qərarın nömrəsi isə 11 kimi qeyd olunmuşdur. Sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mütəxəssis Cavabdeh2 izahat verərək göstərdi ki, Elektron islahat xəritəsinin məlumatları mötəbər hesab edilir və həmin məlumatlarda iddia olunan 0.60 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı iclas protokolundan çıxarışdan, xx.xx.2004-cü il tarixli qəbzdən görünür ki, İddiaçı alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən bağçılığın inkişafı məqsədi ilə 0,60 hektar torpaq sahəsi satılmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına 455400 manat pul vəsaiti ödənmişdir. - Göyçay rayon Qarabaqqal bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 48 nömrəli məktubundan görünür ki, Göyçay rayon Çayarxı bələdiyyəsi 2010-cu ildə Qarabaqqal bələdiyyəsinə birləşdirilən zaman bələdiyyə sədri olmuş M.Şıxməmmədov Çayarxı bələdiyyəsinin sənədlərini Qarabaqqal bələdiyyəsinə təhvil verilməmişdir. - xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş iddiaçıya satılmış torpaq sahəsinin yeruquruluşu sxemindən görünür ki, sözügedən torpaq sahəsi Nizami adına narçılıq sovxozunun istifadəsində olmuş əkin torpaq sahəsindən ayrılmış və DT və XK-si Göyçay rayon şöbəsi və Çayarxı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-281/2023 nömrəli məktublarında qeyd edilmişdir ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin 20 fevral 2004-cü il tarixli 12 saylı qərarında göstərilən 0.60 ha torpaq sahəsinə ləğv edilmiş DTXKnın Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş sxematik planda koordinatlar mövcud olmadığı üçün 0.60 ha torpaq sahəsinin təyinatını, uqodiyasını, mülkiyyət növünü müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi 0.60 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı, “fərdi yaşayış” uqodiyalı, 0.60 ha torpaq sahəsinin 0.53 ha hissəsinin mülkiyyət növü xüsusi (JN-79F), 0.07 ha hissəsi isə bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Elektron bazada təqdim olunan Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat İayihəsi”ndə 0.60 ha torpaq sahəsi yerləşən ərazi bələdiyyə mülkiyyəti (994BB) kimi göstərilmişdir. Əlavə olaraq bildiririk ki, JN-79F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə 0.25 ha göstərilmişdir. Lakin AzCad məlumatlarında JN-79F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən torpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınaraq (ərazidə çoxillik əkmələr mövcüddür) 1.8277 ha göstərilmişdir. Hər iki halda 0.25 ha (JN- 79F) torpaq sahəsini çıxmaq şərtilə sözügedən 0.60 ha torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə məxsusdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayonu Çayarxı Bələdiyyəsinin ərazisində yerləşən 0.60 ha torpaq sahəsi İddiaçı bələdiyyənin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarı ilə satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan, torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, torpaq sahəsinin yeruquruluşu planı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). İş materiallarında olan xx.xx.2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı aktında iddiaçıya müvafiq torpaq sahəsinin satılması ilə bağlı bələdiyyənin qəbul etdiyi qərarın tarixi fərqli qeyd edilsə də, məhkəmə qeyd edir ki, sözügedən sənəd iş materiallarında olan bələdiyyənin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarından çıxarışın mötəbərliyini şübhə altına almır. Belə ki, işdə olan satılacaq torpaq sahəsinin yerquruluşu planından görünür ki, müvafiq qərarın qəbul edilməsinədək artıq yeruquruluşu işlərinin həyata keçirilməsinə başlanılmış, həmin qərarın qəbulundan sonra iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Eyni zamanda işdə olan Qarabaqqal bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışında iddiaçıya 0.60 ha torpaq sahəsinin satılması ilə bağlı qəbul edilmiş qərarın tarixi xx.xx.2004-cü il qeyd edilsə də, Qarabaqqal bələdiyyəsi xx.xx.2023-cü il tarixli 48 nömrəli məktubunda Göyçay rayon Çayarxı bələdiyyəsi 2010-cu ildə Qarabaqqal bələdiyyəsinə birləşdirilən zaman bələdiyyə sədri olmuş M.Şıxməmmədov Çayarxı bələdiyyəsinin sənədlərini Qarabaqqal bələdiyyəsinə təhvil vermədiyini bildirmişdir. Belə olan halda Qarabaqqal bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışında qeyd edilən məlumatların özlərinin də doğru olmadığı aydın olur və həmin məlumatların hansı sənədlər əsasında qeyd edilməsi aydın deyil. İddiaçı isə hüquqmüəyyənedici sənəd qismində əsli iş materiallarına əlavə edilmiş Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarından çıxarışa istinad edir və həmin qərarın mötəbərliyini şübhə altına alacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda məzmunu qeyd edilmiş sənədlər əsasında məhkəmə Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarından çıxarışa hüquqi qiymət verərək qeyd edir ki, iddia olunan torpaq sahəsinin satılması ilə bağlı bələdiyyənin iclas protokolunu bütövlükdə əldə etmək mümkün olmasa da, hər bir halda iddiaçıya müvafiq torpaq sahəsinin satılması ilə bağlı icraatın aparılması (ilkin yeruquruluşu sənədinin tərtib edilməsi, torpaq sahəsinin dəyərinin ödənilməsi) iş materiallarından aşkar görünür. Digər tərəfdən nəzərə alınmalıdır ki, Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli iclas protokolunun və ona əlavə edilmiş sənədlərin saxlanılmasını və tamlığını təmin etmək iddiaçının vəzifəsi olmadığından həmin sənədlərin olmamasının hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz. Həmin torpaq sahəsi ilə bağlı verilmiş ziddiyyətli məlumatlara cavabdeh orqanın məhkəmə iclasında iştirak edən nümayəndəsi (mütəxəssis) aydınlıq gətirərək bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair elektron islahat xəritəsinin məlumatları mötəbər hesab edilir və həmin məlumatlarda iddia olunan 0.60 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar