Məhkəmə qərarları › İş №2-1(116)-2000/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2000/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2000/2022 20.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş oğlu X14 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş oğlu X14 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2001-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı X18 ilə rəsmi nikahını qeyd etdirməklə ailə qurmuşdur. Az müddət yaşadıqdan sonra faktiki olaraq ayrılmış və Salih Coşkun vətəninə getmişdir. Bu səbəbdən onunla bağlanmış nikahın pozulması mümkün olmamışdır. İddiaçı 2004-cü ildə X2 ilə qeyri-rəsmi ailə qurmuş və onların birgə nikahından 27 may 2005-ci il tarixdə Tovuz rayonunun “C.Əhmədov” adına Qovlar qəsəbə xəstəxanasında oğlu Namiq dünyaya gəlmişdir. Həmin vaxt S.Coşkunla iddiaçının nikahı olduğundan Natiq İbrahimxəlilovla rəsmi nikaha daxil ola bilməmişdir. Uşağın xx.xx.2005-ci il tarixdə doğulması barədə Tovuz rayonunun Qovlar qəsəbə xəstəxanasından AZS-103 №-li doğum haqqında tibbi şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə uşağın atasının adı X10 qeyd edilmişdir. Uşağın soyadı isə iddiaçının qızlıq soyadı ilə, yəni Quliyev kimi qeyd edilmişdir. İddiaçı həyat yoldaşı Natiq İbrahimxəlilovdan çoxdan ayrılmış və hazırda harada olmasını bilmir. İddiaçı uşağın doğulmasına görə tibbi sənəddən başqa bu günə kimi heç bir sənəd almamışdır. Uşağın sənədi olmadığına görə Mingəçevir Regional “Asan xidmət” X4 uşağın doğulmasına dair doğum şəhadətnaməsi verməmişlər. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 051Q-79/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, tibbi şəhadətnamənin ana haqqında məlumatlar qrafasında ana xx.xx.1979-cu il təvəllüdlü X21, ata haqqında məlumatlar qrafasında ata xx.xx.1979-cu il təvəllüdlü X3 yazılmışdır. İddiaçının Babək rayon qeydiyyat şöbəsində tərtib olunmuş xx.xx.2001-ci il tarixli 185 saylı nikahına əsasən o, Quliyeva soyadından Coşkun soyadına keçmiş və qeyd edilən nikaha dair hal-hazıradək nikahın pozulması və ya etibarsız sayılması barədə əməliyyat aparılmamışdır. Qeyd edilənlərə əsasən xx.xx.2005-ci il tarixdə doğulmuş uşaq tibbi şəhadətnamədə ana haqqında məlumat qrafasında ananın soyadında Quliyeva deyil, Quluyeva yazılması məsələsinə aydınlıq gətirildikdən sonra, xx.xx.2001-ci il tarixli 185 saylı nikahdan doğulmuş uşaq kimi hesab edilə bilər. Bu halda tibbi şəhadətnamədə qeyd edilən ata X1 uşağın atası kimi yazılması qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyil. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-406/13 nömrəli münasibət məktubunda qeyd etmişdir ki, vətəndaş İddiaçı adına rəsmiləşdirilən bütün akt qeydləri, həmçinin təqdim etdiyi ******* №-li AZS 103 doğum haqqında tibbi şəhadətnamə nəzərdən keçirilmiş və məlum olmuşdur ki, həmin tibbi şəhadətnamədə ana haqqında məlumat qrafasında ana X21, doğum tarixi xx.xx.1979-cu il, ata qrafasında X3 doğum tarixi xx.xx.1979-cu il, uşaq haqqında məlumat qrafasında uşaq X22, doğum tarixi isə xx.xx.2005-ci il kimi yazılmışdır. İddiaçı xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. X6, X7dur (atalıq haqqında akt qeydi-xx.xx.1986-cı il tarixli 24 saylı). Onun xx.xx.2000-ci il təvəllüdlü qızı X5 qeydiyyatı xx.xx.2001-ci il tarixli 52 saylı doğum haqqında akt qeydi ilə tək ananın ərizəsinə əsasən rəsmiləşdirilmişdir. İddiaçı xx.xx.2001-ci il də Naxçıvan MR Babək rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş 185 saylı nikah haqqında akt qeydinə əsasən X18 ilə nikaha daxil olmuş və qeyd edilən nikahın üzərində nikahın pozulması və ya etibarsız sayılması barədə heç bir qeyd yoxdur. Həmçinin vətəndaşa aid bütün akt qeydlərində onun soyadı nikahdan əvvəl Quluyeva yox, Quliyeva kimi göstərilmişdir. Cavabdeh hesab edir ki, qeyd olunanlara əsasən təqdim olunmuş ******* AZS 103 seriyalı doğum haqqında tibbi şəhadətnamədə qeyd edilən xx.xx.2005-ci il tarixdə doğulmuş kişi cinsli uşağın ana haqqında məlumat qrafasında ananın soyadı Quliyeva və ya Quluyeva olması məsələsinə aydınlıq gətirilməlidir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2022-ci il tarixli məktubunda iş qrafiki və vətəndaş müraciətinin çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı övladına doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan: Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.1979-cu il tarixli 1029 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətində X11 xx.xx.1979-cu ildə doğulduğu qeyd edilmişdir. X7, anası X20r. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2001-ci il tarixli 52 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2000-ci ildə doğulmuşdur. Atası xx.xx.1979-cu il təvəllüdlü Namiq Quliyev, anası xx.xx.1979-cu il təvəllüdlü X16r. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2001-ci il tarixli “Nikahın bağlanması haqqında” 185 nömrəli akt qeydinin surətindən görünür ki, X18 ilə X23 arasında nikah bağlanmışdır. Arzu Quliyeva “Coşkun” soyadını qəbul etmişdir. 5033799 nömrəli “Doğum haqqında tibbi şəhadətnamə”də uşaq haqqında məlumat qrafasında X12 adı və xx.xx.2005-ci ildə doğulduğu, ana haqqında məlumat qrafasında xx.xx.1979-cu il təvəllüdlü X21, ata haqqında məlumat qrafasında xx.xx.1979-cu il təvəllüdlü X3 qeyd olunmuşdur. 157316 nömrəli “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, X18 ilə X23 arasında xx.xx.2001-ci ildə nikah bağlanmışdır. Arzu Quliyeva “Coşkun” soyadını qəbul etmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46-cı maddəsinə əsasən: 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. 46.5. Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinə görə: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Məcəllənin: 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-ci maddəsinə görə doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 170-ci maddəsinə görə nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən: 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir... 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.7. Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur. 2.7-1. Nikahı olmayan anadan doğulan uşaqlar istisna edilməklə doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatın təqdim edilməsi tələb olunur. 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki iddiaçının oğlu X17 münasibətdə doğum akt qeyd tərtib edilməmişdir. Akt qeydinin tərtib edilməməsinin səbəbi isə, şəhadətnamə ilə yoxlanılmış məlumatlar arasında ziddiyyətin mövcud olması olmuşdur. Belə ki, uşağın doğum haqqında tibbi şəhadətnaməsində ana adı olaraq X13, ata adı kimi isə X3 göstərilmişdir. Araşdırma nəticəsində ananın soyadının Quliyeva olduğu müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, uşaq doğulduğu tarixdə X23 X18 ilə nikahda olmuş, Coşkun soyadını götürmüş, aralarında olan nikah pozulmamışdır. Tibbi şəhadətnamədə uşağın atası olaraq qeyd edilmiş X3 ilə iddiaçı arasında heç bir rəsmi nikah olmamışdır, iddiaçı həmin şəxs və olduğu yer barədə məlumata malik olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş oğlu X14 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar