Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2003/2023 24.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı4 və cavabdeh Qəbələ bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qəbələ bələdiyyəsinə qarşı “Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli protokolunun (qərarının) ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli protokolunun (qərarının) ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddianın əsaslarına görə, 2021-ci ilin dekabr ayında Qəbələ Rayon Məhkəməsindən iddiaçıların yaxın qohumu X2 ünvanına məktub daxil olmuş və məktubu oxuduğu zaman iddiaçı Abdurahmanova Xalidə Həsən qızının onların yaşadığı və yeni tikilmiş fərdi yaşayış evinin də olduğu 0,042 ha torpaq sahəsinin Qəbələ bələdiyyəsindən iddiaçıların xəbəri olmadan alqı-satqı edərək aldığını, sonradan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi olan çıxarış və Torpaq sahəsinin planı və ölçüsü əldə olunduğu məlum olmuşdur. İddiaçılar istifadələrində və sahibliklərində olan Qəbələ şəhəri, Bakıxanov 1B ünvanında yerləşən 0,042 ha torpaq sahəsinin necə və hansı qaydada Abdurahmanova Xalidə Həsən qızının adına rəsmiləşdirilməsini öyrənmək üçün Qəbələ regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə sorğu vermiş və məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh iddiaçıların istifadəsində olan 0,042 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli, 18 №-li protokoluna əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə ünvan 3 ünvanında yaşayan Abdurahmanova Xalidə Həsən qızına 2942,80 manata satmışdır. İddiaçıların isə bu sənədləşmə işlərindən xəbəri olmamışdır. Belə ki, Qəbələ bələdiyyəsi iddiaçıların istifadəsində olan 0,042 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli, 18 №-li protokola əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə Abdurahmanova Xalidə Həsən qızına satarkən sənədlər üzrə, həm də faktiki olaraq mübahisəli torpaq sahəsinin iddiaçıların istifadəsində olmasını nəzərə almamışdır. Digər tərəfdən mübahisəli torpaq sahəsinin iddiaçıların istifadəsində olmasını onlar tərəfindən əkilmiş ağaclar, ətrafının daş hasara alınması, fərdi yaşayış evinin tikilməsi və s. sübuta yetirir. Ona görə də Qəbələ bələdiyyəsi qanunvericiliyin tələblərini pozaraq iddiaçıların zəbt torpaq kimi istifadə etdiyi torpaq sahəsini (torpaq sahəsinin iddiaçıların zəbtində olması Qəbələ şəhər bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli nömrəli arayışda da öz əksini tapır) iddiaçılara təklif etmədən, hər-hansı formada (kütləvi informasiya vasitələrində) məlumatlandırmadan digər şəxsə alqı-satqı edərək satmışdır. Ona görə də iddiaçılar mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. İddiaçılara xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia ərizəsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisələndirilən Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarından iddiaçılar daha əvvəlki tarixdə məlumatlı olduqları halda qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə iddia ərizəsi vermişlər. İddiaçılara İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmuş və göstərilənlərə münasibət bildirilməsi təklif edilmişdir. İddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələrində qeyd etmişlər ki, 2022-ci ilin əvvəlində Qəbələ Rayon Məhkəməsinə müraciət edərək iddiaçılar kimi onlar cavabdehlər Cavabdehnə, Abdurahmanova Xalidə Həsən qızına, Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasını” xahiş etmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)-362/2022 saylı. 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməklə, Qəbələ regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh ilə Abdurahmanova Xalidə Həsən qızı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN - İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən 20.09.202l-ci il tarixində Abdurahmanova Xalidə Həsən qızının adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh şəxs Abdurahmanova Xalidə Həsən qızı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-359/2023 nömrəli qərarı ilə cavabdeh Abdurahmanova Xalidə Həsən qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək iddiaçıların cavabdehlər Cavabdehnə, Abdurahmanova Xalidə Həsən qızına, Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-359/2023 nömrəli qərarının 59-cu bəndində göstərilir ki. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırda iddianın rədd edilməsi, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına olan qeyd və bələdiyyənin protokol qərarı mübahisələndirildiyi və həmin iddia uğurlu olduğu halda, iddiaçıların yeni əsasla alqı-satqı müqavilənin etibarsızlığına dair iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli, 2(102)-359/2023 nömrəli qərarının 59-cu bəndində Cavabdeh adına olan qeyd və bələdiyyənin protokolunu bələdiyyə qərarı kimi qəbul etmiş və mübahisələndirilə biləcəyi qeyd edilmişdir. Ali Məhkəmənin qərarı qəbul edilənə kimi bələdiyyənin qərarı deyil, protokolu olmuş və qanunvericilikdə də protokoldan şikayət nəzərdə tutulmamışdır. Ona görə də göstərilənlərə görə Cavabdehnə rəsmi qaydada müraciət edərək, xx.xx.2021-ci il tarixli 18 №-li protokolunun (qərarı) tələb olunmuş və xx.xx.2023-cü il tarixində rəsmi qaydada qəbul edildikdən sonra həmin qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçılar ərizədə qeyd olunanlara əsasən buraxılmış prosessual müddətin bərpa olunmasını və iddia tələbinə baxılmasının mümkün hesab olunmasını xahiş etmişlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2003/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı4 məhkəmə iclasında təqdim etdikləri yazılı vəsatətinə əsasən Abdurahmanova Xalidə Həsən qızı iştirakçı kimi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb olunmuşdur. İddianın mümkünlüyü məsələsinə qiymət verilməsi zərurəti yarandığından məhkəmə onun məhkəmə iclasında iştirakını zəruri hesab etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, buraxılmış prosessual müddətin bərpa olunmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və iddiaçıların xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçılar mübahisələndirdikləri xx.xx.2021-ci il tarixli iclas qərarından daha əvvəl, yəni artıq 2022-ci ildə ilkin mülki məhkəmə icraatları çərçivəsində məlumatlı olduqları halda qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi vermişlər. İddiaçılar bələdiyyə iclasının qərarından daha əvvəl məlumatlı olmalarını iddia ərizəsində və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədə də bildirmiş, lakin bunu iclas protokolunun mübahisələndirilməsinin mümkün olmaması ilə əsaslandırmağa çalışmışdırlar. Odur ki, iddia ərizəsinə və iddiaçıların iddia müddətinin bərpası barədə ərizəsində qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında olmuş mülki mübahisə çərçivəsində işə baxılması zamanı iddiaçılar artıq mübahisələndirilən qərardan məlumatlı idilər. Qeyd olunanlarla bağlı iddiaçılara hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin tələbləri izah olunmuş, həmçinin iddia tərəfinə İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçıların xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd olunanlara münasibətdə məhkəmə qeyd edir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin maddənin 6-cı bəndinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. Həmin Qanunun 53-cü maddəsinə əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. Göründüyü kimi iddiaçıların Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının protokolunu mübahisələndirmək imkanı olmasa da, həmin iclasda bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunmuş və iddiaçıların onların hüquqlarını və qanuni maraqlarını pozduğunu iddia etdikləri müvafiq bələdiyyə qərarını mübahisələndirmək imkanı elə 2021-ci ildən mövcud olmuş, lakin bələdiyyə qərarı qanunvericiliyin tələblərinə müvafiq qaydada mübahisələndirilməmiş, iki ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə iddiaçıların buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində qeyd etdiklərini əsaslı saymır və bu səbəbdən hesab edir ki, hazırkı iddia qanunverilicikdə nəzərədə tutulmuş prosessual müddətin buraxılmasına görə mümkün sayılmamalıdır. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçılara bir daha izah edilmişdir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbindən aydın olur ki, iddiaçıların hüquqi marağı bələdiyyət iclasının protokolunun 0,042 ha torpaq sahəsinin Abdurahmanova Xalidə Həsən qızına satılması hissəsində ləğv edilməsi ilə bağlı olmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçıların buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qəbələ bələdiyyəsinə qarşı “Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli protokolunun (qərarın) ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2003/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2003/2023
24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver