Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2004/2025 18.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Günel Soltan qızının sədrliyi, Məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı ASC Cavabdehnə qarşı «xx.xx.2024-cü il tarixli, 29115/19-61-6-2(006)- 100/2013 saylı məktubun və X1 xx.xx.2024-cü il tarixli, 122 nömrəli mütəxəssis rəyinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(006)-100/2013 saylı icra sənədi üzrə ekspertiza keçirilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli, 29115/19-61- 6-2(006)-100/2013 saylı məktubunun və X1 xx.xx.2024-cü il tarixli, 122 nömrəli mütəxəssis rəyinin qanunsuz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh 26 avqust 2013-cü il il tarixli, 2(006)- 100/2013 saylı icra sənədi üzrə İcra haqqında qanunun 20.1.5. maddəsinə əsasən, yəni icra sənədi tam icra olunduqda əsası ilə, icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin cavabdeh X3 və qeyrisinə qarşı pul tələbinə dair iddiası əsasında çıxarılmış Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(006)- 100/2013 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icraata xitam vermişdir. Lakin qətnamə üzrə borc ödənilmədiyindən Nəsimi Rayon Məhkəməsi həmin qərarı ləğv edərək işi yenidən icraya yönəltmişdir. Göyçay rayon icra şöbəsinin icra məmuru Hikmət Quliyev borclunun əmək haqqına yönəltmək və digər məcburi icra hərəkətlərini etmək əvəzinə borclu ilə razılaşaraq xx.xx.2024-cü il tarixli, 29115/19-61-6-2(006)-100/2013 saylı məktubu ilə yenidən mühasibatlıq ekspertizası keçirilməsi üçün X2 müraciət edərək qətnamə üzrə borcun qalıb-qalmamasını müəyyən etmək qərarına gəlmişdir. Halbuki, icra məmuru tərəfindən bu cür məktublar indiyə qədər İddiaçı ASC-nin heç bir işi barəsində yazılmamışdır. Belə çıxır ki, icra məmuru borclu tərəfindən təqdim edilmiş həqiqətə uyğun olmayan sənədlərlə və Bankın iştirakı olmadan gizli şəkildə mütəxəssisi də bu işə cəlb edərək həqiqətə uyğun olmayan yalan rəy verilməsini təşkil etmişdir. Çünki icra məmuru X2 əlavə sənədlər təqdim edərkən bankdan hər hansı bir hesabdan çıxarış sənədləri istəmədən, ödəniş çekləri almadan, özündə olan və mənşəyi məlum olmayan sənədlərlə ekspertə yalan məlumat vermişdir. Məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borc üzrə hər hansı ödəniş aparılmamışdır. Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü tarixli, 2(006)-100/2013 saylı icra sənədi üzrə ekspertiza keçirilməsi barədə Cavabdeh xx.xx.2024-cii il tarixli məktubunun qanunsuz hesab edilməsi icra sənədi üzrə icraatın davam etdirilməsi labüddür. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək izah olunmuşdur ki, hazırkı mübahisə inzibati mübahisə olmadığından mümkünlük şərtinə cavab vermir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İcra Haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 26.İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli Qərarı: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə hesab edir ki, Cavabdehnə qarşı yönəlmiş tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(006)-100/2013 saylı icra vərəqəsi əsasında Göyçay rayon İcra Bölməsinin icra məmuru X5 tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(006)-100/2013 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(006)-100/2013 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-cı il tarixli qərarı ləğv edlmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(006)-100/2013 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ASC hazırda Cavabdeh «xx.xx.2024-cü il tarixli, 29115/19-61-6-2(006)-100/2013 saylı məktubunun və X1 xx.xx.2024-cü il tarixli, 122 nömrəli mütəxəssis rəyinin qanunsuz hesab edilməsi» tələbini irəli sürməklə əslində Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(006)-100/2013 saylı icra sənədinin icrasına nail olmaq istəyir. İddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı Cavabdeh iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-cı il tarixli qərarı ilə razılaşmayaraq həmin qərarı məhkəmədə mübahisələndirmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qərar ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Daha sonra icra hərəkətlərinin davam etdirilməsi istiqamətində icra məmuru mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edərək “X2 göndərmişdir. İcra məmuru X1 xx.xx.2024-cü il tarixli, 122 nömrəli mütəxəssis rəyinə istinad edərək icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. İddiaçı ASC hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc üzrə hər hansı bir ödəniş aparılmamışdır. Ona görə də icra hərəkətləri davam etdirilməlidir. Məhkəmə qeyd edir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca ərizə verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İddiaçı Cavabdehnə qarşı «xx.xx.2024-cü il tarixli, 29115/19-61-6-2(006)-100/2013 saylı məktubunu və X1 xx.xx.2024-cü il tarixli, 122 nömrəli mütəxəssis rəyininin qanunsuz hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli qərarında ortaya qoyulan hüquqi mövqe ondan ibarətdir ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından tərəflər icra sənədini vermiş məhkəməyə, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş qərarının əsaslandırıcı hissəsinə nəzər saldıqda da aydın olur ki, məhkəmə həmin qənaətə gələrkən “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən məhkəmənin öz verdiyi icra sənədinin icra vəziyyətinə nəzarət etmək səlahiyyətinin olması mövqeyindən çıxış etmiş, icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsinin müəyyən edildiyi “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə (icra sənədinə izah verilməsi), eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarında öz əksini tapmış, (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələrlə bağlı digər maddələrə istinad etmişdir. Məhkəmə gəldiyi hüquqi nəticəni onunla əsaslandırmışdır ki, icra məmurunun icraata xitam verilməsi barədə qərarının icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi məqsədi daşıyır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilən qərarında icra məmurunun icra sənədinə xitam verilməsi ilə bağlı qərarından şikayətin verilmə qaydası ilə bağlı konkret hüquqi mövqe öz əksini tapmışdır. Buna baxmayaraq, icra məmurunun icra prosesi zamanı qəbul etdiyi çoxsaylı digər qərarları zahirən inzibati akt təsiri bağışladığından və işin hallarının hərtərəfli araşdırılması nəticəsində qəbul edildiyindən həmin qərarların inzibati akt olması ilə bağlı yanlış təsəvvür yaranır. Belə ki, icra prosesi zamanı icra məmurunun qəbul etdiyi digər qərarlarına (iş üzrə icraata başlamaq, icra ödənişinin tutulması, qiymətləndiricinin dəvət edilməsi, borclunun əmlakının və ya uşağının axtarılması) və hərəkətlərinə (borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı fəaliyyətinə) nəzər saldıqda icra məmurunun zahirən “İnzibati icraat haqqında qanun” əsasında inzibati fəaliyyət həyata keçirdiyi görünür. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət ilkin icra sənədinin hüquqi təbiətinə uyğun qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” qanunun 2.0.2-ci maddəsində deyilir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Sadalanan normaları icra məmurlarının fəaliyyətinə tətbiq etsək aydın olar ki, icra məmurlarının qərarları ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün hüquqi nəticələr yaratmır və hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyən etmir. Hüquqi nəticəni və yeni hüquqi statusu yaradan, (o cümlədən inzibati məsuliyyəti müəyyən edən) ilkin icra sənədidir ki, həmin icra sənədi üzrə icra məmuru icraata başlayaraq bötüvlükdə icra prosesini həyata keçirir. Yəni, icra prosesi ilkin icra sənədinin realizəsinə yönəlmiş, prossesual fəaliyətdir. Odur ki, icra qurumunun fəaliyyəti ilkin icraatın davamı olduğundan qeyd olunan fəaliyyətlə bağlı mübahisələr tamın bir parçası kimi qiymətləndirilərək, ilkin icra sənədinin hüquqi təbiətinə uyğun olaraq müvafiq məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilərkən ilk növbədə ilkin icra sənədinin hüquqi təbiətinə diqqət yetirilməli və buna uyğun olaraq aidiyyəti məhkəməyə müraciət edilməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərin işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının şikayət ərizəsi icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati qaydada iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1194/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarında göstərilir : İcra məmuru tərəfindən icra işi üzrə tərəfin marağına toxunan hər hansı qərarı tərəflərdən biri mübahisələndirdikdə, bu qərar inzibati məhkəmə icraatının predmeti ola bilməz. Çünki, bu halda da maraqlı şəxs icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. Həmin qərarın “etibarsızlığı” yoxsa “ləğvi” məsələsinin qoyulmasına gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçının arzuladığı hal inzibati məhkəmə icraatı qaydasında deyil, icra işi üzrə şikayət vasitəsilə həllini tapa biləcəyindən, məhkəmə bu xüsusatın aydınlaşdırılmasına zərurət görmür. Hər hansı qərarın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilən hal deyilsə, həmin qərardan irəli gələn sənədlər də (məsələn məktub, təklif və s.) inzibati akt sayıla bilməz və onların istər “etibarsız sayılması”, istərsə də “ləğv olunması”na inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İddiaçıya izah edilir ki, Cavabdeh icra sənədinin icrası ilə əlaqədar həyata keçirdiyi icra tədbirləri ilə bağlı mübahisəyə mahiyyəti üzrə icra sənədini verən məhkəmədə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində) baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı ASC-nin Cavabdehnə qarşı «xx.xx.2024-cü il tarixli, 29115/19-61-6-2(006)- 100/2013 saylı məktubun və X1 xx.xx.2024-cü il tarixli, 122 nömrəli mütəxəssis rəyinin qanunsuz hesab edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim X7
Məhkəmə qərarları › İş №2-1(116)-2004/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2004/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver