Məhkəmə qərarları › İş №2-1(116)-2006/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2006/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2006/2025 10.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinə qarşı “Oğuz rayonu Daşağıl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 saylı qərarının iddiaçının istifadəsində olan 0.62 ha torpaq sahəsinə münasibətdə etibarsız sayılması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinə qarşı “Oğuz rayonu Daşağıl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 saylı qərarının iddiaçının istifadəsində olan 0.62 ha torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçının mülkiyyətində Oğuz rayon Baş Daşağıl kəndi ərazisində 0.19 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsi iddiaçıya Oğuz rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarına əsasən verilmişdir. Həmin torpaq sahəsinə iddiaçının adına xx.xx.2008-ci il tarixli 032142A nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin mülkiyyətində olan həmin torpaq sahəsinin iddiaçıya uzunmüddətli icarəyə verilməsi barədə qərar qəbul edilməsini Oğuz rayon Baş Daşağıl Bələdiyyəsindən xahiş etmişdir. İddiaçı qeyd edir ki. yaxınlarda ona məlum olmuşdur ki, istifadəsi üçün ayrılmış torpaq sahəsinin guya şəhid ailələrinə və müharibə veteranlarına verilməsi barədə Oğuz rayon Daşağıl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli qərarı mövcuddur. Həmin qərarın ləğv olunması barədə Oğuz rayon Daşağıl Bələdiyyəsinə müraciət etmiş, müraciətinə Daşağıl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 56 nömrəli məktubu ilə cavab verilmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, guya qeyd olunan bağ sahəsi əvvəllər mövcud olmamış, mən isə həmin sahə ilə bağlı məhkəməyə müraciət etdikdən sonra yuxarı hissədə fındıq kolları əkmişəm. Cavab məktubunda həmçinin qeyd edilmişdir ki, Baş Daşağıl bələdiyyəsi kənddə yaşayan 3 şəhid ailəsi və 7 nəfər müharibə veteranından torpaq sahəsi ayrılması barədə ərizələr qəbul etmiş və həmin torpaq sahəsinin bu ailələr arasında bölüşdürülməsini təşkil edəcəkdir. Bundan əlavə, bələdiyyə tərəfindən məndən həmin yerin ətrafının açılması tələb edilmiş, əks halda torpaq sahəsini qanunsuz zəbt etdiyimə görə barəmdə cinayət işinin başlanması üçün materialların aidiyyəti üzrə inzibati orqanlara göndəriləcəyi bildirilmişdir. İddiaçıya imtina cavabı verildikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh orqan məhkəmə baxışı iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Oğuz rayonu Daşağıl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 saylı qərarının iddia olunan 0.62 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsindən ibarətdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-1(116)-2090/2024 nömrəli inzibati iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, faktiki naturada istifadə olunan torpaq sahəsi 0,7610 hektardır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı faktiki istifadəsində olan 0,7610 torpaq sahəsinin 0,1358 ha hissəsi İddiaçı adına tərtib edilmiş **********0018 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş 0,19 hektar torpaq sahəsi ilə ilə üst-üstə düşür. Qalan 0,6252 ha hissəsi Oğuz rayonu Baş Daşağıl kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Baş Daşağıl kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan (perspektiv inkişaf) Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Sözügedən 0,7610 ha torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən Baş Daşağıl kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan (perspektiv inkişaf) Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidir Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən Qərardan apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-1(107)-542/2024 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2090/2024 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki,iddia aşağıdakı mümkünlük şərtlərinə cavab vermir. Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsinin mülkiyyətçisi Oğuz rayonu Daşağıl Bələdiyyəsidir.İddiaçı iddia edir ki,həmin torpaq sahəsi onun istifadəsindədir və bu səbəbdən də həmin torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən hər hansı qərar qəbul edilməsi onun marağına toxunur.Lakin,məhkəmə hesab edir ki,iddia olunan torpaq sahəsinə dair cavabdehin xx.xx.2024-cü il tarixli 03 saylı qərarının mübahisələndirilməsi üçün iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsində Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər göstərilmişdir : 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Mübahisələndirilən cavabdehin xx.xx.2024-cü il tarixli 03 saylı qərarına əsasən 0,6252 ha torpaq sahəsinin ərizəçilərə 0,06 ha dan artıq olmamaq şərti ilə verilməsi nəzərdə tutulmuşdur. İddia olunan torpaq sahəsi ilə bağlı əvvəlki məhkəmə araşdırması zamanı Qanunun 16-cı maddəsinə əsasən iddiaçının hər hansı hüququnun olmadığını da müəyyən etmək mümkündür.İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə iddia olunan torpaq sahəsinin bitişik olması özlüyündə iddiaçıya hər hansı üstün alıcılıq hüququ vermir. Üstün alıcılıq hüququ Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası məqsədilə icarəyə verilən torpaq sahələrinə münasibətdə nəzərdə tutulmuşdur. Bundan başqa qalan bütün torpaq sahələrinin satışa çıxarılması və icarəyə verilməsi açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edir ki,bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hərrac və ya digər prosedurun həyata keçirilməsi üçün ilkin olaraq bələdiyyənin mülkiyyət hüququ qeydə alınmalıdır. Beləliklə məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı mümkün hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının : 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinə qarşı “rayonu Daşağıl Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 saylı qərarının iddiaçının istifadəsində olan 0.62 ha torpaq sahəsinə münasibətdə etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar