Məhkəmə qərarları › İş №2-1(116)-2007/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2007/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2007/2025 15.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X10 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X17 Dövlət Komitəsinə qarşı “Risalei-Nur Külliyatına daxil olan 6 adda kitabların hər birindən 100 ədəd olmaqla satış məqsədi ilə Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X17 Dövlət Komitəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Risalei-Nur Külliyatına daxil olan 6 adda kitabların hər birindən 100 ədəd olmaqla satış məqsədi ilə Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsinin Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin 17.10. 2024-cü il tarixli, 3/M7927 nömrəli məktubuna dair 21 noyabr 2024-cü il tarixli, 3-32/2M-1056/3-10- 424/2024 saylı məktubuna əsasən ona “Risale-i Nur” Külliyyatına daxil olan 6 adda kitabın (hər birindən 100 ədəd) satış məqsədi ilə idxalına razılıq verilməsindən imtina edilib. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsinin imtina məktubu əsassız və qanunsuz olduğundan imtina məktubu ləğv edilməli və onun “Risale-i Nur” Külliyyatına daxil olan 6 adda kitabın (hər birindən 100 ədəd) satış məqsədi ilə idxalına razılıq verilməlidir. Dini X17 Dövlət Komitəsinin imtina məktubu onunla əsaslandırılıb ki, Risale-i Nur külliyatına daxil olan və bənzəri dini ədəbiyyatın idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməyib. Eyni zamanda “Risale-i Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatlığın) yayılmasına istifadə edildiyindən 2009-cu ildən bu kitabların ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Cavabdeh təşkilat qeyd edir ki, son dövrlər ölkəyə gətirilən dini ədəbiyyatlardan geniş isitfadə dini mühiti mürəkkəbləşdirmiş, ənənəvi dini dəyərlərə qarşı dözümsüzlük təbliğ etmiş, eləcə də dini-ideoloji bölücülüyə yönəlmiş fəaliyyətə cəhd edilir. Cavabdeh təşkilat eyni zamanda həmin məktubda qeyd edir ki, (“Risale-i Nur” külliyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlinmir. Deməli, Dini X17 Dövlət Komitəsi etiraf edir ki, bu əsərlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hüquqa zidd heç bir fikir yoxdur. Bu halda adları bəlli olmayan “ekspertlər” nəyə əsaslanaraq həmin kitabların ölkəyə idxalını, yayılmasını və nəşrini məqsədəuyğun hesab etmirlər məsələsi aydın deyil. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, müəllifi X1 “Risale-i Nur” Külliyyatı ilə bağlı məhkəmələr və istintaq orqanları tərəfindən dəfələrlə müxtəlif ekspertizalar təyin edilib. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin təyin etdiyi "Məhkəmə dinşünaslıq ekspertizası” barədə Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2014-cü il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş “Risale-i Nur” Küllkiyyatına daxil olan dini təyinatlı ədəbiyyatlarda milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn məlumatlar aşkar olunmayıb. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva tərəfindən təyin edilmiş məhkəmə linqvistik ekspertizası, nitq fəaliyyəti məhsullarının tədqiqi ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli rəyinə əsasən, Ustad X8 müəllifi olduğu “Risale-i Nur” Külliyyatına daxil olan ədəbiyyatlar dini təyinatlıdır və həmin əsərlər milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, eləcə də dini ayrı-seçkiliyə yönələn məlumatları və fikirləri əks etdirmir. Göründüyü kimi, “Risale-i Nur” Külliyyatına daxil olan əsərlər Dini İşlər üzrə Dövlət Komitəsinin qeyd etdiyi kimi dini mühiti mürəkkəbləşdirmir, ənənəvi dini dəyərlərə qarşı dözümsüzlük təbliğ etmir, eləcə də dini-ideoloji bölücülüyə yönəlmiş fəaliyyətə cəhd etmir. Əksinə “Risale-i Nur” Külliyyatına daxil olan əsərlərin ölkə ərazisində yayılmaması və Azərbaycan vətəndaşlarının bu kimi kitablardan dəyərlənməməsi ölkə ərazisində digər yanlış radikal fikirlərin formalaşmasına və yayılmasına səbəb olur. Dini X17 Dövlət Komitəsi bu faktı çox yaxşı bilir. Məlumat üçün bildirilmişdir ki, X8 müəllifi olduğu “Risale-i Nur” Külliyyatı müqəddəs kitabı olan Quranı Kərimin elmi əsaslarla təfsiridir və hər cür xurafa və cahilliyə qarşı çıxış edir. Bundan başqa Dini Komitə əvəllər də vətəndaşların şəxsi müraciətlərinə əsasən həmin kitabların ölkəyə idxal edilməsinə razılıq vermişdir. “Risalei-Nur” Külliyyatına daxil olan kitabaların şəxsi istifadə üçün Türkiyə Respublikasından ölkəmizə idxal edilməsinə razılıq verilməsi barədə bir neçə məhkəmə qərarları da var. (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarları ). Azərbaycan Respublikası Konstitusiyasının 10-cu bəndinə əsasən Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 9-cu bəndinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Konstitusiyanın tələblərindən də göründüyü kimi hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. Dini X17 Dövlət Komitəsi və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən dəfələrlə keçirilmiş ekspertizaların nəticəsinə əsasən müəllifi X3 Risale-i Nur külliyatında Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulan qanuna zidd heç fikir olmadığına və həmin əsərlərin oxunmasına, yayılmasına, idxal və ixracına heç bir rəsmi qadağa olmadığına görə “Risale-i Nur” Külliyyatının və bənzəri əsərlərin Azərbaycan Respublikasının ərazisində satılmasına heç bir məhdudiyyət qoyula bilməz. Yəni indiki halda Dini X17 Dövlət Komitəsi özünün qənaətinə əsaslanaraq “Risale-i Nur” Külliyatının və bənzəri kitabların satışına və idxalına qadağa tətbiq edir ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Bundan əlavə, Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsi haqqına Əsasnaməsinin tələblərinə görə Azərbaycan Respublikasının hər bir vətəndaşı vicdan azadlığı haqqında Konstitusion hüququna əsasən dini məzmunlu ədəbiyyatı və bu məzmunda olan elektron daşıyıclarını ölkəyə idxal edilmısinə razılıq verilməsi barədə Dini Komitəyə müaraciət etmək hüququ və bu hüquq qanunvericiliyin təlblərinə uyğun olduğu təqdirdə onun təmin edilməsi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, “Risale-i Nur” Külliyyatına daxil olan 6 (altı) adda kitablardan hər birindən 100 ədəd olmaqla satış məqsədi ilə Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi haqqında Dini X17 Dövlət Komitəsinə etdiyi müraciət qanuni və əsaslı olduğuna görə cavabdeh təşkilatın ona ünvanladığı imtina məktubu məhkəmə qaydasında ləğv edilməli və həmin ktabların ölkəyə gətirilməsinə razılıq verilməsi öhdəliyinin Komitənin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməlidir. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli 3-32/2-441/2025 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı “Risaleyi-Nur” külliyyatına daxil olan 6 adda kitabların hər birindən 100 ədəd olmaqla satış məqsədi ilə Türkiyə Respublikasından idxal edilməsinə müvafiq razılığın verilməməsinə dair Azərbaycan Respublikasının Dini X17 Dövlət Komitəsinin qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Şəki İntibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçının tələbləri qanunvericiliyə zidd və əsassızdır. Azərbaycan Respublikasının Dini X17 Dövlət Komitəsi (bundan sonra - Dövlət Komitəsi) Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini X17 Dövlət Komitəsi haqqında Əsasnamə”ni rəhbər tutur. Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 10-cu abzasına əsasən, dinşünaslıq ekspertizasının aparılmasını təmin edir. Eyni zamanda “Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.8-ci bəndinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi Dövlət Komitəsinin əsas vəzifələrindən biridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci bəndinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli, 97 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsi nəzərdə tutulur. İddiaçı da bu hüququndan istifadə edərək, 14 iyun 2024-cü il tarixli ərizə ilə Dövlət Komitəsinə müraciət etmişdir. Ərizəsində Risaleyi-nur külliyyatına daxil olan X9 “Sözler”, “Mektubat”, “Lemalar”, “Asayi Musa”, “İman ve küfür muvazeneleri” və “İşarat-ül icaz” adlı kitabların hər birindən 100 ədəd olmaqla satış məqsədilə Türkiyə Cümhuriyyətindən idxalına razılıq verilməsini istəmişdir. Müraciət Dövlət Komitəsinə daxil olduqdan sonra araşdırılmışdır. Satış məqsədi ilə “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların idxalının məqsədəuyğun olmadığı barədə qərar qəbul edilmiş və bununla bağlı Dövlət Komitəsinin 13 avqust 2024-cü il tarixli, 3-32/2-M-619-42-277/2024 nömrəli məktubu (məktubun sürəti əlavə olunur) İddiaçı göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı “Risaleyi-nur” külliyyatına daxil olan 6 adda kitabın (hər birindən 100 ədəd) satış məqsədilə idxalına razılığın verilməsinə dair ərizəsinə Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsi tərəfindən cavab verilmədiyi barədəki 7 sentyabr 2024-cü il tarixli müraciəti aidiyyəti üzrə baxılması üçün Dövlət Komitəsinə göndərilmişdir. Dövlət Komitəsi tərəfindən İddiaçı ərizəsinə 3-32/2-M-619-42-277/2024 saylı, 13 avqust 2024-cü il tarixli məktubla müvafiq cavab verilməsi barədə 11 sentyabr 2024-cü il tarixli, 3-32/2-M-917-42-319/2024 nömrəli məktub (məktubun surəti əlavə edilir) ünvanlanmış və Dövlət Komitəsinin 13 avqust tarixli cavab məktubu yenidən əlavə edilmişdir. 2024-cü ilin noyabr ayında İddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın, Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin adına göndərilmiş “Risaleyi-nur” külliyyatına daxil olan 6 adda kitabın (hər birindən 100 ədəd) satış məqsədilə idxalına razılığın verilməməsinə dair şikayət ərizələri baxılması üçün Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsinə göndərilmişdir. Yuxarıda adları sadalanan instansiyaların müraciətləri və İddiaçı tərəfindən Dövlət Komitəsinə ünvanlanmış məktub əsasında 21 noyabr 2024-cü il tarixində müvafiq olaraq 3-32/2-M-1056/2-10-423/2024, 3-32/2-M-1056/3-10-424/2024, 3- 32/2-M-1056-10-427/2024, 3-32/2-M-1056/4-10-426/2024 və 3-32/2-M-1045-42-425/2024 nömrəli məktublarla İddiaçı “Risaleyi-nur” külliyyatına daxil olan 6 adda kitabın (hər birindən 100 ədəd) satış məqsədilə idxalına razılığın verilməməsinin səbəbləri barədə Azərbaycan Respublikasının Dini X17 Dövlət Komitəsinin izahedici məktubları ilə cavab verilmişdir, (məktublar əlavə edilir). Bildirilmişdir ki, “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatlığın) yayılmasında istifadə edildiyindən 2009-cu ildən bu kitabların ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, sonrakı illərdə bir neçə şəxsə fərdi istifadə üçün hər birindən bir nüsxə olmaqla “Risaleyi-nur” külliyyatının ölkəyə idxalına razılıq verilmişdir. Son aylarda ölkədəki mövcud dini durum və dini ədəbiyyatın bu mühitə təsiri məsələləri araşdırılaraq hərtərəfli təhlil edilmişdir. Məlum olmuşdur ki, qeyri-ənənəvi hesab edilən müxtəlif dini qruplar ölkəyə gətirdikləri dini ədəbiyyatlardan geniş istifadə etməklə dini mühiti mürəkkəbləşdirməyə, ənənəvi dini dəyərlərə qarşı dözümsüzlük təbliğ etməyə, eləcə də dini-ideoloji bölücülüyə yönəlmiş fəaliyyətə cəhd edir. Müəyyən edilmişdir ki, Dini X17 Dövlət Komitəsi “Risaleyi-nur" külliyyatına daxil olan ədəbiyyatların kütləvi şəkildə ölkəyə idxalına razılıq verməsə də, bu ədəbiyyatlardan qanunsuz yollarla əldə edilmiş, nur camaatına mənsub olanlar tərəfindən keçirilən toplantılarda yayılmasına çalışılmışdır. Bunu müxtəlif vaxtlarda araşdırma üçün hüquq-mühafizə orqanlarından daxil olan “Risaleyi-nur” külliyyatına aid kitabların nəşr tarixləri də sübut edir. Yuxarıda qeyd olunanlar, o cümlədən cəmiyyətdə dini-ideoloji bölücülüyə rəvac verməsi nəzərə alınaraq, “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların şəxsi istifadə məqsədilə olsa da, nəşri, idxalı, satışı və yayılması məqsədəuyğun sayılmır. Əlavə olaraq qeyd edilməlidir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3cü bəndinə əsasən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Müəyyən edilmişdir ki, dini ədəbiyyatları satmaq məqsədi ilə İddiaçı və ya onunla eyni dini dünyagörüşə mənsub nur camaatından hər hansı şəxsə ölkə ərazisində fəaliyyət göstərməsi üçün ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılmasına razılıq verilməmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa (3 nömrəli əlavə) Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısının 3-cü və 4-cü bəndlərinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına, eyni zamanda onların satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılığı Dövlət Komitəsi verir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsinə görə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın (kağız və ya elektron daşıyıcılarda), audio və ya video materialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Bundan əlavə olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda bildirilmişdir ki, iddia ərizəsində isnad edilən Dövlət Komitəsinin 21 noyabr 2024-cü il tarixli, 3-32/2-M-1056/3- 10-424/2024 məktubu İddiaçı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adına ünvanladığı şikayət ərizəsinə izahverici cavab xarakteri daşıyır. İddiaçı satış məqsədi ilə “Risaleyi-nur” külliyyatına daxil olan 6 adda kitabların hər birindən 100 ədəd olmaqla satış məqsədi ilə Türkiyə Respublikasından idxal edilməsi barədə 14 iyun 2024-cü il tarixli müraciətinə Dövlət Komitəsinin cavab qərarı - inzibati aktı 13 avqust 2024-cü il tarixli, 3-32/2-M-619-42-277/2024 nömrəli məktub əsasında verilmişdir. Lakin iddia ərizəsində başqa izahedici məktuba isnad edilmişdir. Bununla yanaşı, iddia ərizəsində “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatlarda qanunvericiliyə zidd fikirlərin olmaması ilə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş rəylərə istinad edilməsi də aidiyyəti üzrə deyildir. Qeyd edilməlidir ki, Ekspertiza şöbəsində ekspertizası keçirilən dini məzmunlu bütün materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən səxsi istifadə, satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına müvafiq razılığın verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini ədəbiyyatlar, hüquq mühafizə orqanlarından daxil olan müraciətlər və nadir hallarda olsa belə dini ədəbiyyatların ixracı ilə bağlı olan müraciətlərdir. Hüquq mühafizə orqanlarından daxil olan müraciətlərdə bir neçə qismə bölünür. Bunlar ibtidai istintaq və araşdırmalar zamanı hər hansı ünvandan götürülmüş dini ədəbiyyatın məzmununun və müvafiq razılığının olub-olmaması ilə bağlı olan müraciətlər (bu məzmunda olan müraciətlərə dini ədəbiyyatla bağlı arayış verilir) və istintaqı aparılan cinayət işləri üzrə qəbul edilmiş qərarlar əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi vasitəsilə daxil olan müraciətlərdir. Bu səpkili müraciətlərdəki qərarlarda ekspert qarşısında qanunvericiliyin konkret müddəalarının pozulubpozulmaması ilə bağlı qoyulmuş suallar cavablandırılır və daha ətraflı tədqiqat aparılır. Məhz belə müraciətlər nəticəsində “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların qanunsuz olaraq ölkəyə idxal edildiyi və nur camaatı mənsubları arasında yayıldığı müəyyən edilmişdir. Yəni “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların məzmununda dini nifrət və düşmənçilik yaradan, dini ekstremizm məzmunlu məlumatların olmaması onların hamısının müvafiq razılıq əsasında idxal edilməsi anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tətqiqatların nəticələri ekspert qarşısında qoyulmuş suallara uyğun cavablandırılmışdır. Ümumiyyətlə, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur. Əgər dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilməsə, rəydə bunun səbəbi göstərilir. Dinşünaslıq ekspertizası zamanı bir qayda olaraq ekspertin qarşısında, “Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” kimi şərti sualları qoyulur. Bu suallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olubolmadığını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblər arası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində göstərilmişdir ki, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, həmin maddənin ikinci bəndində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliğinin qadağan olunduğu qeyd olunmuşdur. Yəni dövlət dinə, şəriət məsələlərinə qarışmır və hansı fikrin şəriətə uyğun olub-olmadığını müəyyənləşdirmir. Amma dövlət ölkədəki dini duruma, dinlər və məzhəblərarası münasibətlərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə və bu maddəyə istinadən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer almaqdadır. Dinşünaslıq ekspertizasının prioriteti də məhz sağlam mənəvi mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasıdır. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına, habelə sərbəst yayılmasına Dövlət Komitəsi tərəfindən razılıq verilməsinə aşağıdakı hallarda imtina edilə bilər: - Dini etiqadın və dini həyat tərzinin zor işlətməklə və ya zor işlədəcəyi ilə hədələməklə, habelə dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verildikdə; - Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği məqsədi ilə həyata keçiriləcəyi ehtimal olunduqda; - İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği halları aşkarlandıqda; - Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması ictimai təhlükəsizliyə və ya ictimai qaydanın pozulmasına səbəb ola biləcəyi hallarda; - Ölkədəki tolerantlıq durumuna mənfi təsir göstərən, dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlindiyi təqdirdə; - Onların ölkədə dini duruma mənfi təsir göstərə biləcəyi ehtimal edildiyi digər hallarda. İddiaçı ölkəyə gətirmək istədiyi dini ədəbiyyatlar X9 “Risaleyi-nur” külliyyatına daxil olan ədəbiyyatlardır. Məlumat üçün bildiririk ki, ölkəmizdə qeyri-qanuni fəaliyyət göstərən dini qruplardan biri də Türkiyə mərkəzli “Nur” camaatıdır. Azərbaycanda "nurçuluğun Mustafa Sunqur qanadı” kimi tanınan bu qrupun əsas özəlliyi böyük islam alimi və ustadları kimi qəbul etdikləri Səid Nursinin dini əsərlərinin mütaliəsidir. Əksər hallarda kütləvi şəkildə təşkil edilən bu mütaliələr, kütləvi dini ayinlərin icrası və başqa dini tədbirlər dini ibadət yerlərində deyil, fərdi evlərdə və ya kirayələnmiş mənzillərdə həyata keçirilir. Bu metod nur camaatının ideoloji təbliğat vasitələrindən biri hesab edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1 maddəsini tələblərinə uyğun olaraq kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilməlidir. Qeyd edilənlər nəzərə alınaraq, “Risaleyi-nur” külliyyatı adlandırılan bu əsərə daxil olan və bənzəri dini ədəbiyyatlara 2009-cu ildən sonra ölkədəki mövcüd dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər, xüsusilə hüquq-mühafizə orqanlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması, nəşri və satışı ekspertlər tərəfindən məqsəduyğun hesab olunmamışdır. Bu cür kitabların idxalının, çapının və ya yayılmasının məqsədəuyğun hesab edilməməsi, belə demək mümkündürsə, onlara legitimlik statusunun verilməməsi anlamına gəlir. İndiki dini şəraitdə dini fikrin və rəyin düzgün istiqamətləndirilməsi və oriyentasiyası baxımından bu, hələlik effektiv vasitə kimi qiymətləndirilir. Eyni zamanda bildirilmişdir ki, bu haqda əlavə məlumat almaq istəyən şəxslər dəfələrlə Dövlət Komitəsində olmuş və onlara müvafiq izahat verilmişdir. Dövlət Komitəsi konkret məsələ ilə bağlı mövqeyini mütəmadi olaraq mətbuat vasitəsilə də ictimaiyyətin diqqətinə çatdırmışdır. Yəni İddiaçı bütün bunlar barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını tanımaqla yanaşı, dini etiqad və əqidənin hüquq pozuntusuna bəraət qazandırmadığını da ifadə edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 3-cü bəndində göstərildiyi kimi dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. İnsan Hüquqlarının və X5 X4 9-cu maddəsinin birinci bəndində qeyd edilir ki, hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Bununla yanaşı, Konvensiyasının 9-cu maddəsinin ikinci bəndində öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala biləcəyi qeyd edilmişdir. Bütün gətirilən dəlilləri əsas götürülərək, İddiaçı “Risaleyi-Nur külliyyatına daxil olan 6 adda kitabların hər birindən 100 ədəd olmaqla satış məqsədi ilə Türkiyə Respublikasından idxal edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinin əsassızlığının nəzərə alması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndələri, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. II. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 18. Din və dövlət İ. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İİ. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. İİİ. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Maddə 48. Vicdan azadlığı İ. Hər kəsin vicdan azadlığı vardır. İİ. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. İİİ. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. İV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.4. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Dini etiqaq azadlığı Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində dini təbliğat aparılması qadağandır. Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır

Maddə 22. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.

Maddə 29. Müvafiq icra hakimiyyəti orqanı

Müvafiq icra hakimiyyəti orqanı: dini qurumların xahişi üzrə dövlət orqanları (qurumları) ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları (qurumları) tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərir; müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edir; dini qurumların bu Qanunla nəzərdə tutulmuş qaydada nizamnamələrinin (əsasnamələrinin) qeydə alınmasını, habelə onlara dəyişiklik və əlavələr edilməsini həyata keçirir; dini etiqad azadlığı haqqında qanunvericiliyin tətbiqində yerli icra hakimiyyəti orqanlarına kömək göstərir; xarici dövlətlərin müvafiq orqanları ilə əlaqə saxlayır; Azərbaycan Respublikasında dini qurumlar, dini etiqad azadlığı haqqında qanunvericiliyin icrası üzrə məlumat bankı yaradır; dini qurumlardan qanunda nəzərdə tutulmuş məlumatlar, maliyyə hesabatları alır; dini qurumların bu Qanunun tələbləri nəzərə alınmaqla, beynəlxalq dini hərəkatlarla, forumlarla, beynəlxalq dini mərkəzlərlə və xarici X18güzar əlaqələrdə iştirakına kömək edir; dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, bu işə dini qurumların nümayəndələrini və mütəxəssisləri cəlb edir; dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy verir; müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarını təhlil və təsdiq edir, dini tədris keyfiyyətinin müəyyən edilməsi üçün rəy verir; nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır; dini qurumlara münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirir.

III. MƏHKƏMƏNİN MÖVQEYİ

İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

İddianın əsaslılığı:

Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı dini təyinatlı kitabların satış məqsədi ilə Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi üçün cavabdeh orqana müraciət etmiş, kitabların təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən onların idxalı məqsədəuyğun hesab edilməmiş, buna görə də, cavabdehin cavab məktubları ilə kitabların idxalına razılıq verilməsindən iddiaçıya imtina edilmişdir. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edərək iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun mövqeyinə görə kitablarda ölkədəki dini duruma mənfi təsir göstərəcək fikirlər yer almamışdır. Əksinə, kitablarda dinin əsasları kimi qələmə verilən bir çox yanlışlıqları və yalanları üzrə çıxararaq islam dinini daha düzgün qavramağa, həqiqi dini əsasları sonradan uydurulmuş din adı altında həyata keçirilən nağıllardan ayırd etməyə və cəmiyyəti maarifləndirməyə yönəlmiş əsərlərdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi aktların tələblərinə əsasən cavabdehin hərəkəti qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Dini X17 Dövlət Komitəsi, Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Qanun, “İnzibati icraat haqqında” Qanun və aidiyyəti digər normativ hüquqi aktlardan irəli gələn səlahiyyətlərinə əsaslanaraq, dini təyinatlı ədəbiyyatların, o cümlədən X9 müəllifi olduğu və "Risaleyi-Nur" külliyyatına daxil olan kitabların ölkə ərazisinə satış məqsədilə kütləvi şəkildə idxalı ilə bağlı müraciətlərə yalnız məzmun, məqsəd, sosial və hüquqi nəticə baxımından hərtərəfli araşdırma və müvafiq dinşünaslıq ekspertizasının nəticələri əsasında rəy verə bilər və həmin rəy, hüquqi baxımdan, inzibati qərarların qəbulunda əsas normativ istinad nöqtələrindən birini təşkil edir. Bu baxımdan, İddiaçı sözügedən dini ədəbiyyatların satış məqsədilə hər birindən 100 nüsxə olmaqla Türkiyə Respublikasından Azərbaycana idxalına razılıq verilməsi barədə müraciətinə Dövlət Komitəsi tərəfindən dinşünaslıq ekspertizasının nəticələri, ölkədəki aktual dini durum, dini müxtəliflik və dini münasibətlərin sabitliyi üzərində potensial təsirlərin risk qiymətləndirilməsi, eləcə də hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı əvvəlki illərdə bildirdiyi çoxsaylı narahatlıqlar nəzərə alınaraq imtina verilməsi, hüquqi baxımdan nəinki qanuni, eyni zamanda demokratik cəmiyyətin təhlükəsizliyi, ictimai asayişin qorunması və dini bölücülük meyllərinin qarşısının alınması məqsədilə mütləq zərurət şəraitində qəbul edilmiş bir qərardır. Qeyd edilməlidir ki, “Risaleyi-Nur” külliyyatına daxil olan dini ədəbiyyatların məzmununda birbaşa ekstremizm, dini radikalizm və ya konstitusion quruluşun zorla dəyişdirilməsinə yönəlmiş çağırışların olmaması həmin əsərlərin yayımına və satış məqsədilə ölkəyə kütləvi şəkildə idxalına avtomatik olaraq mütləq hüquqi əsas vermir. Çünki bu kitabların dini mahiyyəti ilə yanaşı, onların sosial funksiyası və praktik müstəvidə necə və hansı dini icmalar tərəfindən hansı məqsədlərlə istifadə olunduğu da hüquqi qiymətləndirmə zamanı fundamental əhəmiyyət daşıyır və bu xüsusda da məhz “nurçuluq” adı ilə tanınan, qeyri-ənənəvi dini cərəyanın Azərbaycandakı fəaliyyəti və yayım mexanizmləri Dini X17 Dövlət Komitəsi və digər aidiyyəti orqanlar tərəfindən uzun illər müşahidə və qiymətləndirmə predmetidir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 X4 9-cu maddəsi ilə vicdan və din azadlığı hüququ təmin olunsa da, həmin maddənin ikinci bəndində qeyd olunduğu kimi bu hüquq istisnasız və məhdudiyyətsiz deyildir. Belə ki, demokratik cəmiyyətdə zəruri hesab edilən hallarda, dövlət bu hüququ ictimai asayişin, sağlamlığın, mənəviyyatın, yaxud digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə qanuni şəkildə məhdudlaşdıra bilər və məhz bu norma Azərbaycan hüquq sisteminə inteqrasiya olunaraq “Dini etiqad azadlığı haqqında” Qanunda normativ əsas kimi əks olunmuşdur. Beləliklə, Dini X17 Dövlət Komitəsinin 21 noyabr 2024-cü il tarixli, 3-32/2-M-1056/3- 10-424/2024 nömrəli məktubu ilə verilmiş rədd cavabı, iddiaçının istinad etdiyi kimi əsaslandırılmamış və subyektiv deyil, əksinə, dövlətin mövcud dini sabitliyi qorumaq siyasətinə, dini plüralizmin çərçivəsində mənəvi və hüquqi təhlükələrin qarşısının alınmasına yönəlmiş prioritetlərinə, eləcə də qanunvericiliyin konkret müddəalarına əsaslanaraq qəbul edilmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsində və “Lisenziyalar və icazələr haqqında” Qanunda açıq şəkildə qeyd olunmuşdur ki, dini təyinatlı ədəbiyyatın idxalı, yayımı və satışı yalnız müvafiq icra hakimiyyəti orqanı – bu halda Dini X17 Dövlət Komitəsinin icazəsi əsasında həyata keçirilə bilər və həmin icazə heç bir halda avtomatik hüquq sayılmır. Bu səlahiyyətin həyata keçirilməsi isə normativ əsaslara uyğun şəkildə diskresion səlahiyyət çərçivəsində reallaşır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən inzibat orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərindən də göründüyü kimi dövlət orqanına verilmiş diskresion səlahiyyət çərçivəsində qəbul edilən qərarın yalnız inzibati orqanın mülahizəsinə əsaslanan hallarda, yəni hüquqi qiymətləndirmə və ictimai risk analizi əsaslı olaraq həyata keçirildiyi təqdirdə, həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsi yalnız inzibati orqanın səlahiyyətlərindən sui-istifadəsi və ya açıq-aşkar hüquqa ziddlik hallarında mümkündür ki, hazırkı iş üzrə belə bir hal sübut olunmamışdır. Eyni zamanda iddiaçının istinad etdiyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kitabların məzmununda aşkar qanun pozuntusunun olmaması barədə verdiyi rəy inzibati razılıq verilməsi üçün mütləq və həlledici sənəd hesab edilə bilməz. Çünki ekspert rəyinin predmeti yalnız mətnin hüquq normasına uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Onun ictimai-siyasi və dini kontekstdə istifadəsinin mümkün fəsadları isə yalnız Dini işlər üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsində olan məsələdir. Əlavə olaraq qeyd edilməlidir ki, “Risaleyi-Nur” külliyyatının yayımının əsasən dini təriqətçiliyin, konkret olaraq “nurçuluq” ideologiyasının genişlənməsi və qapalı dini toplantıların təşkili vasitəsi kimi istifadə edilməsi barədə hüquq-mühafizə orqanlarının məlumatları, bu kitabların kütləvi idxalı nəticəsində ölkədə dini fikir azadlığı adı altında dini qütbləşmə, məzhəbi münaqişələr və dini-ictimai harmoniyanın pozulması təhlükəsinin real olduğu qənaətinə gəlməyə əsas verir və bu baxımdan Dini X17 Dövlət Komitəsinin imtina qərarı ictimai maraqların müdafiəsinə yönəlmiş, hüquqi və konstitusion baxımdan tam əsaslandırılmışdır. Həmçinin iddiaçı məhkəmə iclasındakı ifadəsində bildirdi ki, qeyd edilən kitabları satış məqsədi ilə deyil, başqa vətəndaşlar kitab gətirməkdə çətinlik çəkdikləri və həmin kitabların gətirilməsini ondan xahiş etdikləri üçün gətirmək istəmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kitabların 6 adda, hər birindən 100 ədəd olmaqla, ümumi sayının 600 ədəd olması onların satış məqsədi ilə gətirilməsini ehtiva edir. Kollegiya qeyd edir ki, həmin kitabların satış məqsədi ilə ölkəyə gətirilməsi yuxarıda göstərilənlərə əsasən işin mübahisəsiz halıdır. Bununla yanaşı, satış məqsədi olmasaydı belə, bu sayda kitabın ölkəyə gətirilməsi və saxlanılması şəxsi istifadə çərçivəsində qiymətləndirilə bilməz. Belə dini məzmunlu materialların çoxsaylı nüsxədə yayılması onların fərdi şəxslərin dini dünyagörüşünə və sosial davranışlarına uzunmüddətli təsir göstərmək potensialını artırır. Bu da öz növbəsində həmin şəxslərin müəyyən dini ideologiyaların təsiri altına düşməsi, radikal və cəmiyyət üçün təhlükəli baxışların formalaşması ehtimalını yaradır. Nəticə etibarilə, bu cür hallar təkcə şəxsi azadlıqlar kontekstində deyil, həm də geniş ictimai və hüquqi təhlükəsizlik prizmasından qiymətləndirilməli, dövlətin milli təhlükəsizliyi və ictimai sabitliyinin qorunması baxımından dəyərləndirilməlidir. Nəticə olaraq, Dini X17 Dövlət Komitəsinin mübahisə mövzusu olan məktubu, yəni iddiaçının dini ədəbiyyatların satış məqsədilə idxalına icazə verilməməsi ilə bağlı imtinası mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun olaraq, həmçinin dövlətin dini sabitlik və ictimai asayişi qorumağa yönəlmiş funksiyalarını yerinə yetirmək məqsədini daşıyır. Bu imtina həm qanuni tələblərə, həm də dövlətin dini azadlıqları və cəmiyyətin ümumi əminamanlığını təmin etmək kimi müvafiq məqsədlərə xidmət edir. Eyni zamanda, bu imtina həm məqsədyönlü, həm də zəruridir, çünki hər hansı bir icazənin verilməsi ölkədəki dini balansın pozulmasına və ictimai narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən, iddiaçının müraciətinin qəbul edilməməsi üçün heç bir hüquqi əsas olmadığı və qanunlar baxımından bu cür qərarın verilməsinin tam yerində olduğu qənaətinə gəlmək olar. Nəticə etibarilə, iddiaçının tələbinin təmin edilməməsi qanunvericiliyin tələblərinə, hüquqi prinsiplərə və dövlətin ümumi maraqlarına uyğun bir qərardır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dini X17 Dövlət Komitəsinə qarşı Risalei-Nur Külliyatına daxil olan 6 adda kitabların hər birindən 100 ədəd olmaqla satış məqsədi ilə Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X17 Dövlət Komitəsinə qarşı “Risalei-Nur Külliyatına daxil olan 6 adda kitabların hər birindən 100 ədəd olmaqla satış məqsədi ilə Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X16 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar