Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-201/2025 06.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşı bitdiyi vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “65 yaşı bitdiyi vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Bildirir ki, ona xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinə təyin edilib, 0.01.2023-cü il tarixdən həmin məbləğ 220 manata çatdırılıb. Lakin ona yaşı bitdiyi vaxt yaşa görə əmək pensiyası təyin edilməli idi, ancaq müavinət təyin edilib. Belə ki, onun cəmi iş stajı 34 ildən çox olduğu halda pensiya fondu bu stajı 24 il 2 ay 11 gün olaraq hesablayıb. Bununla razı deyil və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az (xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixədək təhsil aldığı illər və "Nəsimi" adına kolxozdakı 11 il 7 ay əmək fəaliyyəti dövrü nəzərə alınmaqla) 24 il 2 ay 11 gün təşkil edir. Eyni zamanda xx.xx.1975-ci il tarixindən xx.xx.1998-ci il tarixədək “Nəsimi" adına kolxozda olan əmək fəaliyyəti dövrü barədə təqdim etdiyi Qax Rayon Dövlət Arxivinin arayışının Azərbaycan dilinə tərcümə edilmiş notariat qaydada təsdiq olunmuş surətini Fondun 2 saylı Şəki-Zaqatala regional filialına təqdim etdikdən sonra sözügedən dövrlərin tam şəkildə sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılcağı bildirilmişdir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilərək, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bır il azaldılmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uydun deyildir, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinə əsasən notariuslar müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 133-cü maddəsinə əsasən notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı X1 Mərkəzi Filiala təqdim etdiyi kolxoz dövrünə dair arayış səlahiyyətli şəxs tərəfindən tərcümə edilmədiyindən sözügedən dövrləri tam şəkildə sığorta stajına daxil etmək əsassız və qanunsuzdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2023-cü il tarixli Əmək pensiyasının təyin edilməsindən imtina haqqında qərar, Qax Taxıl ASC-nin xx.xx.2022-ci il tarixli Arayışı, AR Qax rayon Əlibəyli Bələdiyyəsinin 2/29 nömrəli xx.xx.2022-ci il tarixli Arayışı, X5, 147800 nömrəli Əmək kitabçası (əmək fəaliyyəti müddəti: xx.xx.1994xx.xx.1999, xx.xx.2001-xx.xx.2004-cü il), AZE № 0*******-li şəxsiyyət vəsiqəsi, 104520 nömrəli diplom, İngiloy Kötüklü bələdiyyəsinin xx.xx.2012-cü il tarixli Arayışı, Qax Taxıl ASC-nin əmrlər kitabı, Qax Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Arxiv Arayışı, Qax Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu, Qax Taxıl ASC-nin xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İddiaçının “Nəsimi" adına kolxozda işlədiyi müddət ərzində tam və natamam illər üzrə cəmi sosial sığorta stajı 12 il 4 ay 26 günə bərabərdir (1998-ci il “Qax Taxıl” ATSC-də əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən nəzərə alınmamışdır). xx.xx.1976-xx.xx.1979-cu illərdə iddiaçı 2 il 6 ay 14 gün olmaqla texniki peşə təhsili almışdır. xx.xx.1994-xx.xx.2005-ci illərdə - 10 il 3 ay 29 gün olmaqla “Qax Taxıl” ATSC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Sadalanan müddətlər toplandıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə, tərəfindən tərəflərin iştirakı ilə təqdim edilmiş əməkhaqqı və əmrlər kitablarına baxış keçirilmiş, “Qax Taxıl” ATSC tərəfindən təqdim edilmiş arayışda göstərilən zidiyyətli məlumatlar aydınlaşdırılmaqla iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyəti müddəti yoxlamışdır. Belə ki, tədqiq edilən əmrlər kitabında bir çox əmrlərdə iddiaçının adının qeyd edilməsi yoxlanılan dövr üzrə iddiaçının həqiqətən sözügedən müəssisədə işləməsini təsdiq edir. İddiaçının 2000-2004-cü illərdə Qax rayon Kötüklü bələdiyyəsində işləməsinə dair sənədlər icraat materiallarına əlavə edilsə də, istinad olunan dövr iddiaçının “Qax Taxıl” ATSC-də əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən əlavə olaraq sosial sığorta stajına daxil edilməmişdir. Odur ki, şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşı bitdiyi vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.